Türkiyə XİN rəhbəri Azərbaycandadır - Hansı yeni razılaşmalar gözlənilir?

Türkiyə XİN rəhbəri Azərbaycandadır - Hansı yeni razılaşmalar gözlənilir?
Kateqoriya məlum deyil
T

Türkiyənin xarici işlər naziri Hakan Fidanın sentyabrın 15-də Azərbaycana rəsmi səfər edib.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın, eləcə də regional proseslərin müzakirə olunacağı bildirilib. Görüşlərdə iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması, birgə nəqliyyat və energetika layihələrinin inkişafı, müdafiə sənayesi və hərbi əməkdaşlığın genişləndirilməsi, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyət məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, Türkiyənin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstəyi və Qarabağda infrastruktur-logistika layihələri də gündəmdə olacaq.

Ümumilikdə, Hakan Fidanın bu səfərindən Azərbaycan-Türkiyə münasibətləri baxımından hansı konkret nəticələri gözləmək olar? İki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəfi istiqamətdə hansı yeni addımlar atılacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov Hakan Fidanın Azərbaycana səfərini Azərbaycan-Türkiyə münasibətlərində əldə olunmuş nəticələrin qiymətləndirilməsi və növbəti mərhələnin konkret istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirib:

“Səfərin gündəliyində siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, 15 milyard dollarlıq qarşılıqlı ticarət hədəfinə çatmaq üçün görüləcək işlərin müzakirəsi xüsusi yer tutur. Bu hədəfin əhəmiyyəti ondadır ki, hazırkı göstəricilərlə 15 milyard dollara çatmaq üçün sadəcə mövcud ticarət dövriyyəsinin artmasını gözləmək kifayət deyil. Azərbaycanla Türkiyə arasında 2025-ci ildə ticarət dövriyyəsi təxminən 5,72 milyard dollar təşkil edib. Deməli, qarşıdakı dövrdə daha sistemli iqtisadi təşviq mexanizmlərinə ehtiyac var. Bu istiqamətdə ilk addım qarşılıqlı ticarətin strukturunun dəyişdirilməsi ola bilər. Enerji sektorunun böyük çəkisi nəzərə alınmaqla, qeyri-neft-qaz məhsullarının, xüsusilə kənd təsərrüfatı, qida sənayesi, kimya, maşınqayırma, müdafiə sənayesi komponentləri və yüksək texnologiyalar üzrə qarşılıqlı ixracın genişləndirilməsi mühüm nəticə verə bilər. Bunun üçün iki ölkənin sahibkarları arasında birbaşa əlaqələri artıran yeni biznes platformalarının yaradılması, birgə investisiya layihələrinin maliyyələşdirilməsi və kiçik və orta sahibkarlıq üçün xüsusi təşviq mexanizmlərinin tətbiqi gündəmə gələ bilər”.

Ekspert ikinci istiqamətin logistika və nəqliyyat imkanlarından daha səmərəli istifadəsi olduğunu açıqlayıb:

“Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının artırılması, Naxçıvan istiqamətində nəqliyyat bağlantılarının inkişafı və Orta Dəhlizin genişləndirilməsi Azərbaycan və Türkiyəni sadəcə bir-birinin bazarı deyil, daha böyük Avrasiya ticarət məkanının mühüm logistika qovşaqları kimi möhkəmləndirə bilər. Beləliklə, ticarət artımı yalnız iki ölkə arasında mal mübadiləsindən deyil, tranzit və logistika xidmətlərindən də formalaşa bilər. Enerji əməkdaşlığı isə artıq yeni mərhələyə keçir. Sentyabrın 11-də Bakıda keçirilən V Azərbaycan-Türkiyə Enerji Forumunda elektrik enerjisi, yaşıl enerji dəhlizləri və enerji sistemlərinin inteqrasiyası gələcək əməkdaşlığın əsas istiqamətləri kimi önə çəkilib. Azərbaycan qazının Türkiyə üzərindən yeni bazarlara çıxarılması ilə yanaşı, Xəzər regionundan yaşıl enerjinin Türkiyə vasitəsilə Avropaya ötürülməsi perspektivi də iki ölkənin iqtisadi tərəfdaşlığını daha da genişləndirə bilər. Müdafiə sənayesi də iqtisadi münasibətlərin yeni elementinə çevrilə bilər. Birgə istehsal, texnologiya transferi, müdafiə məhsullarının üçüncü bazarlara çıxarılması və tədqiqat layihələri həm təhlükəsizlik əməkdaşlığını, həm də qarşılıqlı investisiyaları artıra bilər. Ümumilikdə isə düşünürəm Hakan Fidanın Bakı səfərindən gözlənilən əsas nəticə yeni sənədlərin imzalanmasından daha çox, artıq mövcud olan potensialın konkret layihələrə çevrilməsi olacaq”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR