Rusiyanı 6 həftəyə məğlub edəcəklər? - AÇIQLAMA

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya ilə birbaşa hərbi qarşıdurma baş verəcəyi təqdirdə Polşa və digər Avropa ölkələrinin Rusiya ordusunu məğlub edə biləcəyini bildirib.
“Rusiya bizə hücum etsə və biz qarşılıq versək, düşünürəm ki, Rusiyanı kifayət qədər tez məğlub edə bilərik. Havada Rusiya üzərində böyük üstünlüyümüz var”, – deyə Sikorski bildirib.
Sikorski Rusiyanın neft emalı müəssisələrinə Ukraynanın həyata keçirdiyi hücumları da nümunə göstərib. O bildirib ki, Ukrayna altı ay ərzində Rusiyanın neft emalı güclərinin təxminən yarısını sıradan çıxara bilibsə, Avropa ölkələri bunu 6 həftə ərzində edə bilər.
Rusiya ilə mümkün birbaşa müharibə zamanı Avropa ölkələrinin hava qüvvələri həqiqətən Rusiyaya qarşı ciddi üstünlük əldə edə bilərmi? Rusiyanı 6 həftəyə məğlub etmək mümkümdür?
Bu haqda Sfera.az-a açıqlama verən politoloq Abutalıb Səmədov Rusiya ilə Avropa ölkələrinin hərbi güclərini, xüsusilə hərbi hava qüvvələrini müqayisəli təhlil edib:

“Söhbət Avropa ölkələrinin birgə Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etməsindən gedir. Və bunu havada üstünlükləri ilə əlaqələndirib. Rusiyada 5-ci nəsil təyyarələr, xüsusilə qırıcı təyyarələr yoxdur. Ancaq Avropa ölkələrində var və burada, ilk növbədə, ABŞ-nin F-35 təyyarələri, Fransanın istehsal etdiyi təyyarələr və digər 5-ci nəsil təyyarələr nəzərdə tutulub. Onların radarlar tərəfindən görülməsi və vurulması çox çətindir. Bu baxımdan Sikorski haqlıdır. Həqiqətən də qırıcı təyyarələr sayəsində Avropa Rusiyaya qarşı üstünlüyə malikdir. Ancaq havada üstünlüyü təkcə təyyarələr və qırıcı təyyarələr təmin etmir”.
Ekspert Rusiyanın raketləri sayəsində Avropadan yox, hətta Amerikadan da öndə olduğunu açılqayıb:
“Bunu ABŞ rəsmiləri də etiraf edirlər. Raketlər baxımından Rusiyanın çox böyük üstünlüyü var. Son dövrlər Rusiya reaktiv PUA-lar istehsal etməyə başlayıb ki, bunların da sürəti saatda 600 km-dən artıqdır. Bunların qarşısını almaqda Ukrayna çox böyük çətinlik çəkir. Bu səbəbdən mən hesab edirəm ki, Polşanın Xarici İşlər naziri müəyyən qədər öz imkanlarını şişirdib. Rusiyanı məğlub etmək əgər o qədər asandırsa, elə Ukraynaya zəruri yardımları bir az da artırsınlar və Rusiyanı elə Ukraynanın vasitəsilə məğlub etsinlər. Çox təəssüf ki, hələ bu mümkün olmayıb və Rusiya, sonuncu Ukraynanın uğurlu əks-hücumunu nəzərə almasaq, Ukrayna ərazisində irəli gedir. Rusiya dəfələrlə bəyan edib ki, Avropaya hücum etmək fikri yoxdur. Ancaq Rusiyanın bəyanatlarını ciddiyə almaq da qeyri-mümkündür. Adətən əvvəlcə “belə bir fikrim yoxdur” deyir, ancaq sonradan fikrindən daşınır. Hər bir halda Rusiyanın da vəziyyəti kifayət qədər ağırdır. Xüsusən iqtisadiyyatı çox ağır vəziyyətdədir və Rusiyanın yeni müharibə həvəsinə düşməsi mümkünsüzdür. Bu səbəbdən mən hesab edirəm ki, Avropa ölkələri öz güclərini şişirtmək əvəzinə hərbi sahəyə daha çox diqqət yetirməlidirlər, hərbi xərcləri artırmalıdırlar və Rusiyanın hücumlarına hazır olmalıdırlar. Və bu cür “altı həftəyə məğlub edərik” kimi bəyanatlar vermək, mən hesab edirəm ki, reallıqdan uzaqdır”.
Qeyd edək ki, Polşa ilə Rusiyanın hərbi gücünü müqayisə etdikdə, iki ölkə arasında ciddi fərqlərin olduğu görünür. Polşa son illərdə ordusunu sürətlə gücləndirən Avropa ölkələrindən biridir. Ölkə ABŞ-dən “Abrams” tankları və “F-35” qırıcıları, Cənubi Koreyadan isə “K2” tankları və “K9” özüyeriyən artilleriya sistemləri alıb.
Polşanın müdafiə xərcləri də Avropada ən yüksək göstəricilərdən biridir. Bununla belə, Rusiyanın ümumi hərbi potensialı miqyas baxımından Polşadan xeyli böyükdür. Hava qüvvələri baxımından Polşanın əsas üstünlüklərindən biri “F-35” qırıcılarıdır. Polşa ümumilikdə 32 ədəd “F-35” almaq üçün müqavilə bağlayıb və ilk təyyarələr artıq ölkənin silahlı qüvvələrinin istifadəsinə verilib. “F-35”lər beşinci nəsil, aşağı görünmə qabiliyyətinə malik qırıcılar hesab olunur və müasir sensor sistemləri onların əsas üstünlüklərindəndir. Rusiyanın MiQ-29, Su-30, Su-35 və digər döyüş təyyarələrindən ibarət çox böyük aviasiya parkı mövcuddur. Buna görə Polşanın “F-35”lər sayəsində müəyyən texnoloji üstünlüklər əldə etməsi mümkün olsa da, ümumi hərbi aviasiya miqyasında Rusiya Polşadan xeyli böyükdür. Quru qoşunlarında da oxşar mənzərə müşahidə olunur. Polşa ordusu “K2”, “Abrams” və “Leopard 2” kimi müasir tanklarla, “K9” və “Krab” kimi özüyeriyən artilleriya sistemləri ilə silahlanır və bu istiqamətdə böyük investisiyalar həyata keçirir. Buna baxmayaraq, Rusiyanın tank, artilleriya və digər zirehli texnika parkı daha böyükdür. Rusiya həmçinin Ukraynada uzunmüddətli müharibə aparması nəticəsində döyüş təcrübəsi baxımından da Polşadan fərqlənir. Ən ciddi fərqlərdən biri isə raket silahları sahəsindədir. Rusiyanın uzaqmənzilli ballistik və qanadlı raketlərdən ibarət böyük arsenalı var.
Digər mühüm məqam nüvə silahlarıdır. Polşanın nüvə silahı yoxdur. Rusiya isə dünyanın ən böyük nüvə arsenalına malik dövlətlərindən biridir. Buna görə iki ölkənin hərbi gücünü yalnız konvensional silahlar əsasında müqayisə etmək də tam mənzərəni əks etdirmir. Bununla yanaşı, Polşanın ən böyük üstünlüklərindən biri NATO üzvlüyüdür. Polşa Rusiyaya qarşı təkbaşına hərbi güc hesabına deyil, həm də NATO-nun kollektiv müdafiə mexanizmi çərçivəsində müdafiə olunur. ABŞ və digər NATO ölkələrinin hərbi imkanları nəzərə alındıqda, Polşanın potensialı əhəmiyyətli dərəcədə artır.
Bəsti Rəfizadə






