"Rusiyanı 6 həftəyə məğlub edə bilərik"

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya ilə birbaşa hərbi qarşıdurma baş verəcəyi təqdirdə Polşa və digər Avropa ölkələrinin Rusiya ordusunu məğlub edə biləcəyini bildirib.
Sfera.az xəbər verir ki, Sikorskinin sözlərinə görə, Avropa ölkələri xüsusilə aviasiya sahəsində Rusiyadan ciddi üstünlüyə malikdir. Nazir hesab edir ki, Moskva Avropaya hücum edəcəyi təqdirdə cavab tədbirləri kifayət qədər sürətli olacaq.
“Rusiya bizə hücum etsə və biz qarşılıq versək, düşünürəm ki, Rusiyanı kifayət qədər tez məğlub edə bilərik. Havada Rusiya üzərində böyük üstünlüyümüz var”, – deyə Sikorski bildirib. Sikorski Rusiyanın neft emalı müəssisələrinə Ukraynanın həyata keçirdiyi hücumları da nümunə göstərib.
O bildirib ki, Ukrayna altı ay ərzində Rusiyanın neft emalı güclərinin təxminən yarısını sıradan çıxara bilibsə, Avropa ölkələri bunu 6 həftə ərzində edə bilər.
Polşa XİN başçısının sözlərinə görə, Avropa dövlətləri Rusiya Prezidenti Vladimir Putinə mümkün təcavüzə cavab verməyə hazır olduqlarını göstərməli və Rusiyanın Avropa İttifaqına mümkün hücumunun Moskva üçün çox ağır nəticələrə səbəb olacağına əmin etməlidirlər.
Bəsti Rəfizadə






