Avropa ifrat sağçıları seçir - Aİ-nin gələcəyi necə olacaq?

Avropa ifrat sağçıları seçir - Aİ-nin gələcəyi necə olacaq?
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı ölkələrində ifrat sağçı siyasi qüvvələrin nüfuzunun artması ölkələrin əsas siyasi tendensiyalarından birinə çevrilib.

Bir sıra ölkələrdə keçirilən seçkilərdə bu partiyaların ciddi nəticələr əldə etməsi Avropanın gələcək siyasi kursu ilə bağlı müzakirələri də gücləndirib. Artıq Almaniyada da ifrat sağçı qüvvələrin seçkilərdə mühüm uğur qazanması prosesin miqyasını bir daha gündəmə gətirib.

Bəs ifrat sağçıların nüfuzunun artması nə ilə bağlıdır və bu proses Avropa İttifaqının gələcəyini sual altına qoya bilərmi?

Bu barədə Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə görə, ifrat sağçı qüvvələrin yüksəlişinin əsas səbəblərindən biri Avropadakı ənənəvi siyasi mərkəzlərlə seçicilər arasında münasibətlərin zəifləməsidir:

“Düşünürəm ki, ifrat sağ qüvvələrin yüksəlişinin arxasında Avropa məkanındakı siyasi mərkəzlərin öz seçicisi ilə münasibətlərində yaranmış böhran dayanır. Son illərdə miqrasiya, bahalaşma, mənzil problemi, enerji təhlükəsizliyi, cinayət və sosial təminatla bağlı narazılıqlar ifrat sağ partiyalara ciddi siyasi imkan yaradıb. 2026-cı ildə aparılan geniş araşdırmaya görə, Avropada seçicilərin artıq 23 faizdən çoxu ifrat sağ partiyalara səs verir. Halbuki bu göstərici 1995-ci ildə təxminən 5 faiz təşkil edirdi”.

Ekspertin fikrincə, ənənəvi mərkəz partiyalarının seçicilərin gündəlik problemlərinə uzun müddət texnokratik yanaşması da ifrat sağın güclənməsinə şərait yaradıb:

“Bu prosesin səbəblərindən biri odur ki, ənənəvi mərkəz partiyaları uzun müddət seçicilərin gündəlik problemlərinə texnokratik yanaşma sərgilədilər. Miqrasiya bunun ən bariz nümunəsidir. İnsanlar isə artıq məsələni yalnız humanitar və hüquqi müstəvidə deyil, təhlükəsizlik, sosial təminat və əmək bazarı ilə əlaqəli görür. İfrat sağ qüvvələr isə bu narahatlıqlara çox sadə cavablar verir – sərhədləri bağlamaq, miqrasiyanı məhdudlaşdırmaq, “milli maraqları” Brüsseldən üstün tutmaq. Bu ritorika mürəkkəb problemləri sadələşdirdiyi üçün seçici baxımından cəlbedici görünür. Almaniyada AfD-nin Saksoniya-Anhalt seçkilərində təxminən 44 faiz səs toplayaraq birinci olması artıq prosesin yeni mərhələyə keçdiyini göstərir. Bu, şübhəsiz ki, sadəcə kiçik bir siyasi partiyanın uğuru deyil, Almaniyanın siyasi sistemində uzun illər mövcud olmuş “AfD ilə əməkdaşlıq etməmək” baryerinin üzərində təzyiq yaradır. Üstəlik, AfD-nin yüksəlişi təkcə miqrasiya ilə də izah edilə bilməz. Xüsusilə Şərqi Almaniyada iqtisadi gerilik, siyasi mərkəzdən narazılıq və özünü sistemdən kənarda hiss edən seçicilərin reaksiyası bu məsələdə olduqca mühüm rol oynayır”.

Y.Bağırzadə ifrat sağçı qüvvələrin güclənməsinin qısa müddətdə Aİ-nin dağılmasına gətirib çıxarmayacağını, lakin bu prosesin qurumun siyasi xarakterinə ciddi təsir göstərə biləcəyini açıqlayıb:

“Bu prosesin Avropa Birliyinin gələcəyini sual altına qoymasına gəldikdə isə qısa müddətdə Aİ-nin dağılması real ssenari deyil, lakin onun siyasi xarakterinin ciddi şəkildə dəyişməsi mümkündür. İfrat sağ qüvvələr hakimiyyətə gəldikcə Brüsselin səlahiyyətlərinin məhdudlaşdırılması, miqrasiya siyasətinin sərtləşdirilməsi, milli suverenliyin önə çəkilməsi, iqlim və sosial siyasətlərə yenidən baxılması kimi tələblər güclənəcək. Bu isə Aİ daxilində qərarların qəbulunu çətinləşdirə bilər. Ən böyük təhlükə Aİ-nin birdən-birə dağılması yox, daxildən bloklanması və siyasi parçalanmanın dərinləşməsidir. Xüsusilə Almaniya və Fransa kimi əsas dövlətlərdə anti-sistem qüvvələrin güclənməsi Avropanın siyasi koordinasiyasına ciddi təsir göstərə bilər. Buna görə problemin qarşısını yalnız ifrat sağ partiyaları siyasi baxımdan təcrid etməklə almaq mümkün deyil. Ənənəvi siyasi qüvvələr seçicinin miqrasiya, təhlükəsizlik və sosial-iqtisadi narahatlıqlarına real cavab verməli, eyni zamanda demokratik institutların və Avropa inteqrasiyasının üstünlüklərini daha inandırıcı şəkildə göstərməlidirlər. Hazırkı tendensiya Avropanın qarşısında əslində konkret seçim qoyur. Ya ifrat sağın gündəliyini təqlid etmək, ya da həmin gündəliyin yaranmasına səbəb olan problemləri həll etmək. İkincisi həyata keçirilməsə, ifrat sağın yüksəlişi müvəqqəti siyasi dalğa deyil, Avropanın siyasi sisteminin uzunmüddətli transformasiyasına çevrilə bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR