Rusiya, ABŞ və Çin bir araya gəlir - Qlobal məsələlər gündəmdə

Rusiya, ABŞ və Çin bir araya gəlir - Qlobal məsələlər gündəmdə
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 8-də baş tutan telefon danışığında Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Rusiya-ABŞ-Çin üçtərəfli görüşünün keçirilməsi məsələsi müzakirə olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir görüşün potensial olaraq mümkün olduğunu bildirib.

Məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov Sfera.az-a açıqlamasında deyib ki, Rusiya, ABŞ və Çin liderlərinin bir araya gəlməsi həm real, həm də zəruridir.

“Belə bir görüşün keçirilməsi tamamilə real və hətta zəruridir. Bu gün dünyada çox ciddi geosiyasi proseslər baş verir. Moskva, Vaşinqton və Pekin “böyük şahmat taxtası”nın əsas oyunçuları hesab olunur. Hər üç aktorun öz maraqları var və bu maraqlar fərqli münasibətlər sisteminin meydana çıxmasına şərait yaradır”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, mümkün görüş yalnız Rusiya, ABŞ və Çin arasındakı ikitərəfli münasibətlərin müzakirəsi baxımından əhəmiyyət daşımayacaq.

“Əgər liderlər bir araya gəlsələr, həm regional, həm də qlobal siyasi dinamikanı müzakirə edəcəklər. Həm Şərqi Avropada, həm də Yaxın Şərqdə baş verənlərdə adıçəkilən dövlətlərin xüsusi maraqları var. Hətta Cənubi Qafqazda formalaşmaqda olan yeni dinamika da Vaşinqton, Moskva və Pekinin diqqət mərkəzindədir”, – Kənan Novruzov qeyd edib.

Siyasi şərhçi ABŞ-Rusiya-Çin xəttində hazırda maraqlı proseslərin getdiyini vurğulayıb:

“ABŞ Rusiya-Ukrayna müharibəsini dayandırmağa çalışır. Çin isə belə bir vaxtda Rusiyaya dəstək verir. Beləliklə, rəsmi Pekin dolayısı ilə Vaşinqtonun strateji maraqlarına zidd davranır. Bu isə Çinin öz geosiyasi maraqları ilə bağlıdır”.

Kənan Novruzov Yaxın Şərqdəki vəziyyətin də eyni kontekstdə qiymətləndirilməli olduğunu bildirib:

“ABŞ-nin İranla münasibətlərə aydınlıq gətirmək istədiyi bir vaxtda Çin İrana dəstək verir. Pekin həm Şərqi Avropadakı, həm də Yaxın Şərqdəki gərginliyin davam etməsində maraqlıdır. Çünki davam edən qarşıdurmalar ABŞ-ni zəiflədir və onun prioritetlərini dəyişir. Bu isə Pekinə sərf edir”.

Ekspert ABŞ və Çin arasındakı rəqabətin də mümkün üçtərəfli görüşün əsas mövzularından biri ola biləcəyini düşünür:

“ABŞ və Çin birbaşa qarşıdurma aparmırlar. Buna baxmayaraq, tərəflər qlobal bazardakı dinamikaya təsir edə biləcək iki nəhəng rəqibdir. Onlar bir-birlərinə qarşı mübarizədə hər fürsətdən, o cümlədən regional böhranlardan istifadə edirlər”.

Kənan Novruzov hesab edir ki, Rusiya, ABŞ və Çin liderlərinin görüşünün keçirilməsi ehtimalı yüksəkdir:

“Düşünürəm ki, belə bir görüş baş tutacaq. ABŞ Çinin Şərqi Avropa və Yaxın Şərqlə bağlı mövqeyini öyrəndikdən sonra öz münasibətini ortaya qoyacaq. Hərçənd Vaşinqtonun imkanları elə də çox deyil. Bu baxımdan Ağ Ev də kompromis barədə düşünməlidir. Fikrimcə, mümkün görüşdə liderlər “açıq kartlarla” oynayacaqlar”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR