Rusiya-İran nüvə əməkdaşlığı genişlənir: Azərbaycan üçün risk var?

Rusiya-İran nüvə əməkdaşlığı genişlənir: Azərbaycan üçün risk var?
Kateqoriya məlum deyil
T

İranın Rusiya ilə əməkdaşlıq çərçivəsində ərazisində yeni atom elektrik stansiyalarının tikintisini planlaşdırdığı açıqlanıb.

“Rosatom”un rəhbəri Aleksey Lixaçov Tehranın bu istiqamətdə Rusiyadan dəstək almaqda maraqlı olduğunu təsdiqləyib.


İranın nüvə proqramı uzun illərdir ABŞ və Qərb ölkələrinin əsas narahatlıq doğuran məsələlərindən biridir. Bu baxımdan Tehranın Rusiya ilə nüvə sahəsində əməkdaşlığını genişləndirməsi Vaşinqtonun mümkün reaksiyası ilə bağlı suallar yaradıb. Xüsusilə yeni AES-lərin tikintisinin İranın hərbi nüvə proqramı ilə əlaqələndirilib əlaqələndirilməyəcəyi diqqət mərkəzindədir.


Bəs Rusiya-İran nüvə əməkdaşlığının genişlənməsinə ABŞ necə reaksiya verə bilər? Vaşinqton bu layihələrə qarşı hansı addımları ata bilər? Yeni AES-lərin tikintisi Azərbaycan və digər region ölkələri üçün təhlükəsizlik və ekoloji baxımdan hansı riskləri yarada bilər?


Sfera.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa bildirib ki, Rusiya ilə İran arasında mövcud razılaşmalara əsasən, İranda təxminən 8 atom elektrik stansiyası blokunun tikintisi nəzərdə tutulur.


Onun sözlərinə görə, söhbətin məhz 8 blokdan getdiyi tam dəqiq olmasa da, Rusiyanın İranın nüvə energetikası sahəsində mühüm layihələri həyata keçirmək planı var:


“Rusiya təqribən İran ərazisində 8 atom elektrik stansiyası tikməyi düşünür və planlaşdırır. Bunların 4-nün Buşəhrdə tikilməsi nəzərdə tutulur. Hazırda Buşəhr Atom Elektrik Stansiyasının birinci bloku fəaliyyət göstərir. Onun tikintisini Rusiya həyata keçirib və hazırda ikinci, üçüncü blokların tikintisi istiqamətində işlər aparılır”.


Ekspert qeyd edib ki, dinc məqsədlərlə atom elektrik stansiyalarının inşası beynəlxalq hüquq baxımından qəbulediləndir:


“Ümumiyyətlə, dinc məqsədlərlə atom elektrik stansiyalarının tikintisi qəbulolunandır. Buna qarşı beynəlxalq hüquq və mövcud qanunvericilik baxımından hər hansı ciddi problem yoxdur”.


Əli Mustafanın fikrincə, əsas məsələ İranın hərbi nüvə proqramıdır. Onun sözlərinə görə, AES-lərin tikintisi ilə İranın nüvə silahı əldə etməyə yönəlmiş fəaliyyətini birbaşa eyniləşdirmək düzgün deyil:


“İranın nüvə proqramı, xüsusilə hərbi sahədəki nüvə fəaliyyəti ABŞ-ni və ümumilikdə dünyanı narahat edir. Amma bu məsələ ilə atom elektrik stansiyalarının tikintisinin birbaşa əlaqəsi yoxdur. İran ərazisində AES-lərin inşası anlaşılan və qəbul edilən məsələdir. ABŞ-nin bu layihələrə etiraz etməsi mümkündür, amma buna açıq şəkildə ‘yox’ demək imkanları məhduddur. Vaşinqton əsasən İranın nüvə silahı yaratmağa yönəlmiş proqramlarını dəstəkləmir”.


Siyasi şərhçi xatırladıb ki, İran-ABŞ qarşıdurması zamanı Buşəhr AES-in təhlükəsizliyi ilə bağlı narahatlıqlar da gündəmə gəlib. Həmin dövrdə stansiyada çalışan Rusiya şirkətlərinin mütəxəssislərinin ərazidən çıxarılması ilə bağlı məlumatlar yayılmışdı.


Əli Mustafa Azərbaycanın mümkün risklərinə də toxunub. O bildirib ki, dinc məqsədlərlə həyata keçirilən nüvə energetikası layihələri özlüyündə Azərbaycan üçün birbaşa təhlükəsizlik riski yaratmır:


“İranın nüvə proqramlarının inkişafı ümumilikdə region üçün müəyyən risklər yaradır. Amma dinc məqsədlərlə nüvə proqramının həyata keçirilməsi və atom elektrik stansiyalarının tikilməsi birbaşa təhlükəsizlik baxımından risk yaratmır”.


Ekspertin sözlərinə görə, əsas risk İranın regiondakı qarşıdurmaları və mümkün hərbi əməliyyatlarla bağlıdır:


“İranın digər ölkələrlə qarşıdurmalarını və müharibələri nəzərə alsaq, gələcəkdə regionda hər hansı hadisə baş verərsə, məsələn, nüvə obyektlərinə zərbə endirilərsə, radiasiya sızması və digər ekoloji problemlər yarana bilər. Risk daha çox bu aspektdə qiymətləndirilə bilər. Amma hazırkı mərhələdə Azərbaycanın birbaşa təhlükəsizlik riski ilə üz-üzə olduğunu demək düzgün olmaz”.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR