Böyük müharibə yaxınlaşır? - 2030-cu ilədək...

Avropada Rusiya ilə mümkün genişmiqyaslı qarşıdurma ehtimalı ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.
Britaniya Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok ölkənin yaxın dörd il ərzində Rusiya ilə müharibə vəziyyətində ola biləcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, Rusiyanın 2030-cu ildə NATO ölkələrindən birinə hücum ehtimalı ilə bağlı kəşfiyyat məlumatları mövcuddur və belə bir ssenari NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsini işə sala bilər.
Bu isə təkcə hücuma məruz qalan ölkənin deyil, bütün Alyans üzvlərinin, o cümlədən Böyük Britaniyanın münaqişəyə cəlb olunması deməkdir.
Bəs Britaniya ilə Rusiya arasında birbaşa hərbi qarşıdurma ehtimalı nə qədər realdır? Moskva NATO ölkələrindən birinə hücum edərsə, 5-ci maddənin işə düşməsi Avropanı genişmiqyaslı müharbəyə hətta nüvə qarşıdurmasına sürükləyə bilərmi? Hazırkı kiberhücumlar təhdidlər və digər qeyri-ənənəvi müharibə üsulları böyük savaşn ilkin mərhələsi kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə əsasən, Avropada Rusiyadan qaynaqlanan mümkün genişmiqyaslı hərbi təhlükə ilə bağlı müzakirələrin yenidən intensivləşməsi təsadüfi deyil və artıq bir neçə gündür Almaniya ilə Rusiya arasında da gərgin diplomatik qarşıdurma yaşanır:

“Almaniya artıq Rusiyanın Bonndakı Baş Konsulluğunun, Berlindəki “Rus Evi”nin bağlanması haqqında qərarlar qəbul edib və Rusiyaya qarşı əlavə tədbirlərin görülməsini Avropa İttifaqı səviyyəsində gündəmə gətirib. İndi də Böyük Britaniya Mühafizəkarlarının Rusiya ilə bağlı xəbərdarlığı onu deməyə əsas verir ki. Qərb artıq Rusiyanı yalnız Ukrayna müharibəsi çərçivəsində qiymətləndirmir. Sabotaj, kiberhücumlar, dezinformasiya, kritik infrastruktura qarşı mümkün fəaliyyətlər və digər qeyri-ənənəvi vasitələr Avropanın təhlükəsizlik gündəliyində getdikcə daha çox yer tutur. Odur ki, Kemi Badenokun Britaniyanın yaxın illərdə Rusiya ilə müharibə vəziyyətinə düşə biləcəyi barədə xəbərdarlığı da ilk növbədə Londonun müdafiə qabiliyyətinin gücləndirilməsinə çağırış kimi qiymətləndirilməlidir. Məlumdur ki, Badenok Britaniyanın müdafiə xərclərinin 2030-cu ilə qədər ÜDM-in 3 faizinə çatdırılmasını müdafiə edir və Rusiyanın mümkün təcavüzü ilə yanaşı, kiberhücumları və kritik infrastruktura qarşı təhdidləri də təhlükəsizlik gündəliyinin mühüm hissəsi kimi təqdim edir”.
Politoloq Britaniya ilə Rusiya arasında birbaşa müharibə ehtimalının hazırkı mərhələdə real olmadığını qeyd edib:
“Rusiyanın belə bir avantüraya əl atacağı inandırıcı görünmür. Bunun əsas səbəbi Britaniyanın NATO üzvü olması və Rusiya ilə birbaşa münaqişənin avtomatik olaraq daha geniş NATO-Rusiya qarşıdurması riskini yaratmasıdır. Düzdür 5-ci maddə hər bir müttəfiqin avtomatik olaraq eyni formada hərbi əməliyyata qoşulmasını tələb etmir, üzvlər zəruri hesab etdikləri yardımı, o cümlədən hərbi gücdən istifadəni müəyyənləşdirirlər və buna uyğun addımlar atırlar. Başqa sözlə bu mexanizm əslində müharibənin başlanmasını deyil, onun qarşısının alınmasını hədəfləyən çəkindirmə sistemidir. Rusiya da NATO ərazisinə açıq hərbi hücum edərsə, qarşısında yalnız ayrı-ayrı Avropa dövlətlərini deyil, dünyanın ən güclü hərbi ittifaqlarından birini görəcəyini bilir.
Eyni zamanda, NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın nüvə eskalasiyası ehtimalını tamamilə istisna etmək də mümkün deyil. Lakin məhz nüvə silahlarının mövcudluğu tərəflər üçün birbaşa müharibəni son dərəcə riskli edir. Britaniya hökuməti də nüvə çəkindirməsini ölkənin təhlükəsizliyinin və NATO öhdəliyinin əsas dayaqlarından biri hesab edir. Düşünürəm ki, indiki mərhələdə daha real və artıq müşahidə olunan təhlükə hibrid qarşıdurma ilə bağlıdır. Yəni, kiberhücumlar, seçki proseslərinə müdaxilə, sabotaj, kritik infrastrukturlara qarşı təxribatlar və s.
Bütün bunlar klassik müharibədən əvvəlki mərhələ kimi çıxış edə bilər, lakin onları avtomatik olaraq böyük müharibənin başlanğıcı kimi adlandırmaq da düzgün olmazdı. Moskva üçün bu üsullar həm NATO-nun reaksiyasının sərhədlərini yoxlamağa, həm də birbaşa hərbi toqquşma riskinə girmədən Avropa dövlətlərinə təzyiq göstərməyə imkan verir. Odur ki, Avropanın qarşısında duran əsas məsələ Rusiyanın mütləq şəkildə NATO ilə müharibəyə hazırlaşması deyil, belə bir müharibənin baş verməsi ehtimalını kifayət qədər ciddi qəbul edərək çəkindirmə imkanlarını gücləndirməkdir. Rusiya ilə bağlı xəbərdarlıqlar da məhz elə güclü müdafiə və kollektiv çəkindirmə siyasəti ilə bağlı imkanların möhkəmləndirilməsinə hesablanıb”.
Bəsti Rəfizadə






