İdeoloji-informasiya savaşı tezislərinin transformasiyası və Azərbaycanın geosiyasi prinsipləri

İdeoloji-informasiya savaşı tezislərinin transformasiyası və Azərbaycanın geosiyasi prinsipləri
Kateqoriya məlum deyil
T

İbrahim Məmmədov, tarix üzrə fəlsəfə doktoru

- Avrasiyanı ticarət-nəqliyyat və iqtisadi dəhlizlər deyil, regional münaqişələr parçalayır;

- Azərbaycanın təşviq etdiyi nəqliyyat və iqtisadi Dəhliz konsepsiyasının ehtiva etdiyi ticarət əlaqələri, qarşılıqlı iqtisadi maraqlar olan yerdə münaqişələr və parçalanma ola bilməz;

- Əgər Ermənistanda revanşistlər, erməni xalqını da talan etmiş qüvvələr hakimiyyətdə deyil, əksinə həbsdədirsə, sabit siyasi rejim və iqtisadi inkişaf işartıları varsa, bu Azərbaycanla sülhün və Prezident İlham Əliyevin yürütdüyü siyasətin - Ermənistana neft və dizel yanacağı göndərilməsinin və nəticədə benzinin qiymətinin sabitləşməsi və hətta enməsinin, üçüncü ölkələrdən taxıl və s. məhsulların nəqlinin asanlaşdırılması sayəsində mümkün olub.

Prezident İlham Əliyevin Bişkekdə, “ŞƏT plyus” sammitindəki çıxışında çox mühüm olan bir məqam var: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur.” Qısa çıxış zamanı məhz bu məqamın səsləndirilməsi belə mexanizmlərin Orta Dəhliz və bütün Avrasiya üçün nə qədər aktual, nə qədər zəruri olduğunu göstərir. Münaqişələr ayırıcı xətlər yaradır və ticarətə, nəqliyyat əlaqələrinə mane olur. Yəni, Avrasiyanın birliyi və çiçəklənməsi köhnə münaqişələrin həllindən, yenilərinin yaradılmasının qarşısının alınmasından, münaqişə şərtlərinin yetişməməsi üçün ticarətin və bağlantıların təşviq edilməsindən keçir.

Prezidentin çıxışındakı başqa mühüm tezislər:

- Azərbaycanın səyi ilə Cənubi Qafqazda sülhün bərqərar olması;

- Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin işə salınması;

- Beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinin vacibliyidir.

Beləliklə, göründüyü kimi Prezident İlham Əliyev Avrasiyada sülhün, sülhün qorunması üçün mexanizmlərinin yaradılmasının, münaqişələrə qarşı ticarət əlaqələrinin gücləndirilməsinin və beynəlxalq məsələlərdə hamının maraqlarını nəzərə alan “çoxtərəflilik prinsipi”nin vacibliyini elan edir. Həm nəzəri, həm də praktik baxımdan bu tezislərlə mübahisə etmək mümkün deyil. Amma, ən mütərəqqi ideyaların da əleyhdarları var.

Yeni ideoloji və informasiya savaşı tezisləri və onların zəif əsaslandırması

Cənubi Qafqazda yeni ayrıcı xətlər yaratmaq cəhdləri

İdeoloji və informasiya savaşı bəzən şiddətlənir, bəzən səngiyir, tezisləri və təqdimat formaları dəyişir, amma heç vaxt dayanmır. Çünki bu müharibə torpaq uğrunda deyil, insan şüuru, cəmiyyətin dəyərlər sistemi və qərarların qəbul edilməsi mexanizmləri uğrunda aparılır. İnsan var olduqca, bu mübarizə də davam edəcək.

İnformasiya müharibəsi aparan mərkəzlər cəmiyyətin nəbzini çox yaxşı tuturlar. Adətən bu mərkəzlərdə ölkələrin, cəmiyyətlərin kodunu bilən, insanlarını duyğu səviyyəsində anlayan mütəxəssislər çalışır.

İnformasiya müharibəsi sadəcə texnoloji bir proses deyil, o, ilk növbədə dərin sosioloji və psixoloji kəşfiyyatdır. Uğurlu bir dezinformasiya və ya ideoloji manipulyasiya kampaniyası heç vaxt kənardan kabinetdə oturub uydurulan tezislərlə qurulmur. Köhnə tezislər təsirini itirən kimi dərhal yeniləri dövriyyəyə buraxılır:

Cəmiyyətdə sabitlik olanda tezislər daha yumşaq, subyektiv və mədəniyyət, incəsənət, elmi diskurslar üzərindən yeridilir.

Böhran, pandemiya, seçki və ya hərbi münaqişə zamanı tezislər aqressivləşir, qorxu, təhlükə və nifrət ritorikası ön plana çıxır.

Yeni geosiyasi şərtlər daxilində başlamaqda olan yeni ideoloji və informasiya savaşı müəyyən tezislər (əsas arqumentlər) üzərində qurulur. Bu tezislər cəmiyyətləri manipulyasiya etmək, rəqib tərəfi zəiflətmək və daxili auditoriyanı səfərbər etmək məqsədi daşıyır.

Lakin, bu tezislərin bir çoxu dərindən təhlil edildikdə onların zəif əsaslandırıldığı və daxili ziddiyyətlərlə dolu olduğu üzə çıxır.

Ermənistanda “tarixi Ermənistan”, qonşulara ərazi iddiası, “miatsum” və uydurma “soyqırımı” konsepsiyası hazırda dövlət siyasətinin təməl prinsipləri olaraq tətbiq olunmur. Bunun müvəqqəti, yoxsa daimi bir siyasət olacağı mübahisələndirilə bilər və növbəti illərdə baş verəcək hadisələrdən asılı olacaq. Onun geriyə dönməz və yaxud da heç olmazsa, uzunmüddətli olması ölkələr arasındakı iqtisadi əlaqələrin vəziyyətindən asılı olacaq. Bu barədə bir qədər sonra...

Hələlik isə görünən odur ki, köhnə konsepsiyaların gündəlikdən çıxması, ölkəmizin düşmənlərini yeni geosiyasi situasiyaya uyğun yeni ideoloji tezislər uydurmağa sövq edib və bu tezislər artıq dövriyyəyə buraxılır.

Sponsorlar və icraçılar da oxşardır: “Bəlkə də qaytardılar” düşüncəsi ətrafında birləşmiş aşkar və gizli revanşistlər, onların xaricdəki-Avropa və avropadan kənardakı, sponsorları yeni anti-Azərbaycan ideologiyası üzərində işləyirlər. Hələlik, iki tezis özünü qabarıq göstərməkdədir. Avropalı sponsorların dəstəyi ilə qeyri-hökumət və gizli revanşistlərin dövriyyəyə buraxdığı yeni tezis belədir: “Ermənistanda demokratiya var. Belə olan halda demokratiya ilə qeyri-demokratiyalar arasında sülh mümkündür?”, «Qafqazda yalnız Ermənistan Avropadır» və s. Çox təhlükəli tezislərdir. Mahiyyətində sülhdən imtina, “Qafqaz evi”ndən kənarda qalmaq və gələcək qarşıdurmanın ideoloji əsaslandırması dayanır.

Azərbaycan auditoriyasına aşılanması da nəzərdə tutulan bu məkrli tezisin altında 1) Ermənistanı Avropanın forpostuna çevirmək və bütün qonşularla üz-üzə qoyaraq təzyiq aləti yaratmaq, 2) gələcəkdə revanşın mümkün olacağı və prosesə start veriləcəyi təqdirdə ideoloji-siyasi üstünlüyə nail olmaq, 3) Cənubi Qafqazda və bütün Avrasiyada yeni ayırıcı xətlər, münaqişə mənbələri yaratmaq məqsədləri gizlənir. Doğrudur, bu tezislərin rəsmi dövlət siyasətinə çevrilib-çevrilməyəcəyi sual altındadır və yaxın gələcəkdə gözlənilmir. Amma, onun dövriyyəyə buraxıldığı faktdır, rəsmi siyasətə çevriləcəyi təqdirdə Qafqaz xalqlarına yeni fəlakətlər gətirəcəyi şübhə doğurmur.

İkinci tezis isə qeyri-avropalı sponsorların dəstəyi ilə açıq revanşistlərin mətbəxinin məhsuludur: “Orta Dəhliz Avrasiyanı parçalayır və ölkələri üz-üzə qoyur”muş. Məqsəd isə Ermənistanın Orta Dəhlizə inteqrasiyasının qarşısını almaq, Azərbaycan və Türkiyə ilə əməkdaşlığına mane olmaq, Ermənistanın 30 ildən çox icra etdiyi Avrasiyada “ayırıcı bufer” rolunu bundan sonra da oynamaqda davam etdirməkdir. Reallıqda isə məhz Ermənistanla münaqişənin həllindən və yeni geosiyasi vəziyyətin formalaşmasından sonra Avrasiyanın birləşməsi üçün əlverişli şərtlər yaranıb.

Məsələnin bir mühüm məqamı da odur ki, sponsorlar antoqonist cəbhələrə aiddir: biri Orta Dəhlizin və Ermənistandakı indiki hökumətin əleyhdarıdır, ikincisi isə demokratiya şüarından təzyiq vasitəsi kimi istifadə edir, eyni zamanda Orta Dəhlzin fəaliyyətində maraqlıdır. Ancaq, bir məqamda antoqonist tərəflərin maraqları birləşir: hər ikisinin məqsədi Azərbaycana təzyiq göstərməkdir.

Ermənistanda demokratiyanın olub-olmaması, hansı formada, necə mövcudluğu və s. başqa mövzudur. Amma, indi də tədricən Cənubi Qafqazda yeni ayırıcı xəndəklər qazmaq, qarşıdurma toxumları səpilməkdədir. Cücərib-cücərməyəcəyi bizdən – Cənubi Qafqaz xalqlarından asılıdır.

Prezident İlham Əliyevin reallıqda tətbiq etdiyi Orta Dəhliz konsepsiyası Avrasiyanı ayırıcı deyil, birləşdirici şah damar funksiyasınn yerinə yetirilməsinə hesablanlb.

“Əgər mallar sərhədləri keçmirsə, tanklar keçəcək" fikri fransız iqtisadçısı və filosofu Frederik Bastiaya aid edilir. Bu fikir azad ticarətin və iqtisadi əlaqələrin beynəlxalq sülhü qorumaqdakı rolunu vurğulayır. Əsas məntiq ondan ibarətdir ki, ölkələr bir-biri ilə ticarət etdikdə və iqtisadi cəhətdən bir-birindən asılı olduqda, müharibə etmək hər iki tərəf üçün böyük iqtisadi itki deməkdir. Ticarət əlaqələri qırıldıqda isə ölkələr arasındakı gərginlik hərbi münaqişələrə (tankların sərhədi keçməsinə) yol aça bilər.

Avrasiyanın bütün ölkələri, Orta Dəhlizdə birləşin, Azərbaycanda görüşün!

Avropa ilə strateji məsələlərdə tərəfdaşlığını genişləndirən və dərinləşdirən addımlardan sonra “ŞƏT plyus” sammitində iştirak, sülhün təminatı, ticarət əlaqələri və beynəlxalq çoxtərəfliliyə dair bəyanatlar məhz “Avrasiyanın birləşdirici körpüsü” konsepsiyasının icrasıdır.

Artıq real layihəyə çevrilmiş Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) konsepsiyası regionda rəqabəti deyil, qarşılıqlı iqtisadi asılılığı və sabitliyi təmin edən qlobal bir təşəbbüsdür.

Əgər Orta Dəhliz Çini və Avropanı Mərkəzi Asiya və Türkiyə vasitəsilə birləşdirməyi nəzərdə tutursa, onun yalnız bir hədəfi var: bütün Avrasiyanın Dəhliz ətrafında iqtisadi birliyi. Onun ayırıcı faktor olmasını iddia etmək üçün heç bir əlamət yoxdur.

Azərbaycan İranla - Rusiya və Belarusu Şimal-Cənub Dəhlizi vasitəsilə Orta Dəhlizə birləşdirmək, Araz dəhlizi ilə İranı Orta Dəhlizə birləşdirmək, Lapis-Lazuli dəhlizi vasitəsilə Əfqanıstanı Türkmənistanla birlikdə Orta Dəhlizə birləşdirmək planlarını bir araya gətirirsə, bunu Avrasiyanı bölən layihə kimi təqdim etmək olarmı?

Şimal-Cənub və Orta Dəhlizin sinerjisindən başlayaq. Rusiya, Belarus və İranın bu şəbəkəyə inteqrasiyası layihənin hər hansı bir güc mərkəzini (məsələn, Rusiyanı və ya Qərbi) təcrid etmək məqsədi güdmədiyini göstərir. Bu, sanksiyalar və geosiyasi gərginliklər fonunda belə regional ticarətin davamlılığı üçün neytral iqtisadi platforma yaradır.

İranla müştərək formalaşdırılan Araz dəhlizi vasitəsilə İranın regional nəqliyyat sisteminə cəlb edilməsi Cənubi Qafqazda münaqişə risklərini azaldır və iqtisadi maraqların uzlaşmasına xidmət edir.

Lapis Lazuli dəhlizi Əfqanıstanın Türkmənistan vasitəsilə Orta Dəhlizə bağlanması, dənizə çıxışı olmayan və təcrid olunmuş ölkələrin qlobal bazarlara çıxışını təmin edərək regional sabitliyə humanitar və iqtisadi töhfə verir.

TRİPP layihəsi qlobal güc olaraq ABŞ-ni Avrasiyanı birləşdirən Orta Dəhlizin tərkib hissəsinə çevirməklə “qlobal ortaq maraq layihəsi”ni formalaşdırır.

TRIPP çərçivəsində ABŞ tərəfindən yaradılan trans-regional müəssisə fondları və maliyyə dəstəyi (məsələn, TRIPP+ Enterprise Fund) yalnız Zəngəzura deyil, bütövlükdə Xəzər və Mərkəzi Asiyanı əhatə edən Orta Dəhliz sisteminə qlobal investor marağını stimullaşdırır.

Prezident İlham Əliyevin Misirə rəsmi səfəri zamanı Misirin Orta Dəhliz və regionun digər nəqliyyat marşrutları ilə inteqrasiyası vacib müzakirə mövzularından biri olmuşdu. Qahirədə keçirilən geniş tərkibli görüşlərdə Misirin Türkiyənin Mərsin limanı vasitəsilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə bağlanması müzakirə edilmişdi. Bu, Misirə öz ticari yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Mərkəzi Asiya ölkələrinə və Çinə çatdırmaq imkanı verir.

Bu fakt bir daha sübut edir ki, Azərbaycanın formalaşdırdığı logistik arxitektura təkcə yaxın qonşuları deyil, həm də Afrika və Aralıq dənizi hövzəsinin ən nəhəng iqtisadiyyatlarını (Misir kimi) öz ətrafında birləşdirməyə çalışan universal bir qlobal şəbəkədir.

Bəli, Azərbaycan bu beş layihənin (Orta Dəhliz, Araz dəhlizi, TRIPP, Şimal-Cənub, Lapis-Lazuli) mərkəzi qovşağı, “düyün nöqtəsi” olmaqla həm Şərq-Qərb, həm də Şimal-Cənub xətlərində əvəzedilməz logistik güc qazanır. Amma, Azərbaycanın bu əvəzolunmaz gücü bütün Avrasiyaya xidmət edir.

Gördüyümüz kimi, bu layihələr bir-biri ilə rəqabət aparan marşrutlar deyil, əksinə Avrasiyanın nəqliyyat arxitekturasında Orta Dəhlizi tamamlayan və onun qlobal effektivliyini maksimuma çatdıran vahid şəbəkənin həlqələridir.

Bölünmə deyil, şaxələndirmə

Bir layihənin "bölücü" adlandırılması üçün onun müəyyən ölkələri bloklamağı və ya qitəni barrikadalara ayırmağı hədəfləməsi lazımdır.

Lakin Orta Dəhliz:

Əvvala inklüzivdir, yəni qapısı coğrafi olaraq bu xətt üzərində yerləşən və ya ona qoşulmaq istəyən bütün dövlətlərə açıqdır.

Rəqib deyil, alternativdirş. Yəni, mövcud qlobal marşrutları (məsələn, okean yollarını) ləğv etmir, sadəcə riskləri sığortalamaq üçün daha təhlükəsiz və qısa alternativ təklif edir.

Prezident İlham Əliyevin reallığa çevirdiyi bu strategiya Azərbaycanı qlobal logistikanın mərkəzi kəsişmə nöqtəsinə çevirib. Bu model göstərir ki, iqtisadi maraqlar siyasi fərqliliklərdən üstün tutulduqda nəqliyyat dəhlizləri sülhün və əməkdaşlığın qarantı ola bilir.

Azərbaycanın 30 illik siyasəti: “çətin günün dostu” və “böhran menecerliyi” missiyası

Ölkələrin xalqlarına, enerji təhlükəsizliyinə, dövlətlərin müstəqilliyinə, siyasi seçiminə strateji dəstək

İkinci anti-Azərbaycan tezisə gəldikdə isə əgər Ermənistanda demokratik rejim və iqtisadi inkişaf işartıları varsa, bu Azərbaycanla sülhün və Prezident İlham Əliyevin yürütdüyü siyasətin - Ermənistana neft və dizel yanacağı göndərilməsinin və nəticədə benzinin qiymətinin sabitləşməsi və hətta enməsinin, üçüncü ölkələrdən taxıl və s. məhsulların nəqlinin asanlaşdırılması sayəsində mümkün olub.

Nikol Paşinyan bu lilin yanvarında elan etmişdi ki, Azərbaycandan gələn yanacaq sayəsində Ermənistan bazarında "Premium" markalı benzinin qiyməti 15% (510 dramdan 430 drama), adi benzinin qiyməti 8%, dizel yanacağının qiyməti isə 2% aşağı düşüb. Əlbəttə ki, bu N.Paşinyanın əsas rəqibləri, revanşist və hərbi cinayətkarlar–R.Koçaryan və S.Sərkisyanın mövqelərini zəiflətdi. Azərbaycan Prezidentinin hərbi cinayətkarlara qarşı sərt bəyanatları da Ermənistan cəmiyyətinə anlatdı ki, R.Koçaryan və S.Sərkisyanın yenidən hakimiyyətə gəlməsi həm sülh prosesini dayandıracaq, həm də yeni müharibə təhlükəsi yaradacaq. Odur ki, bu gün Ermənistanda hərbi cinayətkarlar hakimiyyətdə deyilsə, bu eyni zamanda Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsində mümkün olub. Eyni zamanda Ermənistanda hər hansı sabit bir siyasi rejim varsa, bu yenə də Azərbaycanın apardığı siyasətin nəticəsidir.

Bütövlükdə isə son 30 ildə Azərbaycan həmişə sülhə, qonşuluğa, qonşuların müstəqilliyinə və suverenliyinə, dostluğa və təhlükəsizliyə sadiq olub.

1990-cı illərin ortalarında Gürcüstan daxili münaqişələr və iqtisadi blokada səbəbindən dərin enerji böhranı yaşayırdı. Qış aylarında Tbilisidə işıq və qızdırılma demək olar ki, tamamilə kəsilmişdi. Heydər Əliyevin göstərişi ilə Azərbaycan özünün də iqtisadi çətinliklər yaşamasına baxmayaraq, Gürcüstanın dondurucu qış aylarından çıxması üçün bu ölkəyə pulsuz və ya güzəştli şərtlərlə mazut, dizel yanacağı və elektrik enerjisi ötürdü.

1990-cı illərin sonlarında Ukrayna yanacaq qıtlığı səbəbindən strateji əhəmiyyətli payızlıq və yazlıq əkin-biçin (mübit torpaqların şumlanması) kampaniyalarını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ukrayna rəhbərliyinin xahişi ilə Heydər Əliyev Ukraynaya külli miqdarda dizel yanacağının və neft məhsullarının humanitar yardım və güzəştli kreditlər şəklində göndərilməsini təmin etdi. Bu addım Ukraynanın kənd təsərrüfatı sektorunu və ərzaq təhlükəsizliyini tamamilə çöküşdən xilas etdi.

Ukraynaya münasibətdə eyni yanaşma daha mürəkkəb geosiyasi şəraitdə də tətbiq olundu. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin başladığı ilk günlərdən etibarən Ukrayna xalqına ən kritik məqamlarda mühüm humanitar və infrastruktur yardımları göstərib. Bu sıraya enerji böhranına qarşı dəstək, yanacaq təminatı, humanitar və tibbi yardımlar, yenidənqurma və minatəmizləmə, uşaqların reabilitasiyası və s. daxildir. Azərbaycan rəsmi olaraq Ukraynanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Bu, Azərbaycanın “bütün hallarda beynəlxalq hüquq müstəvisində qalmaq” prinsipindən irəli gəlir.

2010-cu ildə Belarusdakı “qaz böhranı” zamanı Azərbaycan Belarusa maliyyə dəstəyi göstərdi. Həmin vaxt Prezident İlham Əliyevin qərarı ilə Belarus Prezidenti Aleksandr Lukaşenkoya Rusiyanın "Qazprom" şirkətinə olan borcunu ödəmək üçün 200 milyon dollar həcmində təcili dövlət krediti ayrılmışdı.

M.Saakaşvili isə Prezident İlham Əliyevin kritik məqamda verdiyi dəstəyi “dövlətçiliyin xilası” kimi qiymətləndirmişdi: "2006-cı ilin o sərt qışında Azərbaycan öz əhalisinin yarısının qazını kəsdi ki, bizi isitsin, Gürcüstan millətini və dövlətçiliyini xilas etsin. Xalqımız bu fədakarlığı heç vaxt unutmayacaq."

Nəhayət, Avropada enerji böhranının yarandığı qısa müddət ərzində Avropa İttifaqı (Aİ) ölkələrinə qaz ixracının həcmini kəskin şəkildə artırmağı bacardı. Azərbaycanın Avropa İttifaqına qaz ixracı 2021-ci illə müqayisədə 56%-dən çox artıb, 2027-ci ilə qədər Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb və bu istiqamətdə infrastruktur imkanları genişləndirilir.

Təkcə bu sadaladıqlarımız Avropa İttifaqının və Azərbaycanın post-sovet məkanı ölkələrinin tarixinin ən kritik məqamlarında hakimiyyətdə ideoloji mənsubiyyətinə görə hansı siyasi qüvvənin mövcudluğundan asılı olmayaraq bu ölkələrin xalqlarına, enerji təhlükəsizliyinə, dövlətlərin müstəqilliyinə, öz siyasi seçimlərinə verilmiş strateji dəstəyidir. Bu strateji dəstək bu gün də davam edir və mürəkkəb geosiyasi situasiyada Ermənistanla ticarət və kommunikasiyanın açılması da 30 ildən artıq davam edən siyasətin növbəti addımıdır.

Bu gün Ermənistan rəhbərliyinin də etiraf etdiyi daxili bazarın sabitləşməsi (yanacaq və logistika zəncirindəki ilkin müsbət işartılar) Azərbaycanın regiona təklif etdiyi "təzyiq deyil, iqtisadi tərəfdaşlıq vasitəsilə sabitlik" modelinin birbaşa nəticəsidir.

Azərbaycan artıq praktik olaraq Cənubi Qafqazın sabitləşdirici faktoru, “böhran menecer”liyi missiyasını üzərinə götürüb və onu uğurla həyata keçirməkdədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR