Ermənistan TRIPP üçün rəsmi səhifə açdı – Deputatdan AÇIQLAMA

Ermənistanda “Trampın Beynəlxalq Sülh və Rifah naminə Yolu” (TRIPP) proqramının rəsmi “Facebook” səhifəsi istifadəyə verilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən səhifə Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ-nin Ermənistandakı səfirliyinin komandaları tərəfindən idarə olunacaq.
“Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin əməkdaşlığı ilə yaradılan “Trampın Beynəlxalq Sülh və Rifah naminə Yolu” (TRIPP) proqramının Ermənistandakı rəsmi “Facebook” səhifəsinin fəaliyyətə başladığını məmnuniyyətlə bildiririk. Səhifədə TRIPP proqramı ilə bağlı ətraflı məlumat və son yeniliklərlə tanış olmaq mümkündür. Burada proqramla bağlı aktual informasiyanın əlçatanlığını təmin etmək məqsədilə müxtəlif formatlarda məlumatlar təqdim olunacaq”, - deyə Ermənistan XİN-in yaydığı açıqlamada qeyd olunub.
Bu addım TRIPP-in artıq sadəcə siyasi razılaşma deyil, praktiki icra mərhələsinə keçməsinin göstəricisi kimi qiymətləndirmək olar?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlama verib. O bildirib ki, bu addım ilk növbədə TRIPP-in həyata keçirilməsi istiqamətində konkret institusional və informasiya mexanizmlərinin formalaşdırılmağa başlandığına işarədir:

“Bundan əvvəl də layihənin bu il ərzində fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi “Facebook” səhifəsinin yaradılması isə layihə ilə bağlı proseslərin ictimaiyyətə daha sistemli şəkildə çatdırılması baxımından əhəmiyyət daşıyır. Ermənistanın TRIPP-in əhəmiyyətini getdikcə daha yaxşı anlamağa başladığını düşünürəm. Çünki bu layihə uzun illər regional nəqliyyat və iqtisadi proseslərdən müəyyən qədər təcrid olunmuş Ermənistanın mühüm tranzit marşrutunun iştirakçısına çevrilməsi üçün yeni imkan yaradır. Bu baxımdan Ermənistanın layihənin həyata keçirilməsinin gecikdirilməsində maraqlı olacağını düşünmürəm. Əksinə, TRIPP-in reallaşması ölkənin regional iqtisadi və nəqliyyat əlaqələrində rolunun artmasına şərait yarada bilər”.
Deputat Azərbaycanla Ermənistan arasında digər kommunikasiyaların açılması ilə bağlı müzakirələrin davam etməsinin də regionda yeni nəqliyyat və iqtisadi reallıqların formalaşdığını göstərdiyini bildirib:
“Bu proseslərdən belə qənaətə gəlmək olar ki, Ermənistan Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqları getdikcə daha çox nəzərə alır və bu reallıqlara uyğun siyasət yürütməyə başlayır. TRIPP-in rəsmi “Facebook” səhifəsinin yaradılmasının digər mühüm tərəfi isə layihənin icrası ilə bağlı baş verən dəyişikliklərin və yeniliklərin ictimaiyyətə mütəmadi şəkildə çatdırılması imkanının yaranmasıdır. Bu, layihənin qapalı deyil, daha açıq və şəffaf şəkildə həyata keçirilməsinə hesablanmış informasiya siyasətinin göstəricisi kimi də qiymətləndirilə bilər. Ümumilikdə, TRIPP-lə bağlı bu addım layihənin praktiki icra mərhələsinə keçidi baxımından müsbət siqnal sayıla bilər. Eyni zamanda bu, Ermənistanın regional kommunikasiyaların açılmasında və yeni tranzit imkanlarından yararlanmasında maraqlı olduğunu göstərən siyasi və iqtisadi mesaj kimi də dəyərləndirilə bilər”.
Bəsti Rəfizadə
Sfera.az






