Paşinyan Aİ-ni seçsə, Rusiyanın cavabı nə olacaq? - AÇIQLAMA

Paşinyan Aİ-ni seçsə, Rusiyanın cavabı nə olacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar ölkənin Rusiya ilə münasibətlərinin gələcəyini yenidən gündəmə gətirib.

İrəvanın Aİ ilə yaxınlaşması fonunda Moskva ilə münasibətlərdə hansı dəyişikliklərin baş verəcəyi, xüsusilə də Paşinyanın Moskvaya səfərinin olub-olmayacağı maraq doğurur.


Ermənistan Aİ-yə üzvlük yolunu seçərsə, Rusiyanın reaksiyası necə olacaq və İrəvanı hansı təhdidlər gözləyə bilər?


Sfera.az-a bu haqda açıqlama verən politoloq Tofiq Abbasovun sözlərinə əsasən, Paşinyan artıq seçimini etməlidir. O bildirib ki, Ermənistan ya Avropa İttifaqına inteqrasiya olunmalıdır, ya da Avrasiya İqtisadi Birliyində qalmalıdır:


“Düzdür, bu məsələdə Paşinyanın tez-tez təzadlı fikirlər səsləndirdiyinin şahidi oluruq. Yəni o, Moskvada olanda bir cür danışır, öz ölkəsində başqa fikirlər səsləndirir, üçüncü platformalarda isə tamamilə fərqli mövqe ortaya qoyur. Bu, əslində, düzgün yanaşma deyil. Çünki hətta Rusiyanın Prezidenti Vladimir Putin də Moskvada olarkən, hələ seçim öncəsi ona bildirdi ki, bu məsələ ilə bağlı Ermənistan özü konkret və məntiqli bir qərara gəlməlidir. Bu, düzgün yanaşma deyil. Dünyada ikinci belə bir dövlət tanımıram ki, iki müxtəlif blokun arasında çaş-baş qalsın və digər tərəfdən də desin ki, bu vəziyyət bizim üçün əlverişlidir. Xeyr, bu, müvəqqəti olaraq əlverişli ola bilər, amma daimi ola bilməz. O cümlədən, mən düşünmürəm ki, Nikol Paşinyanın burada həqiqətən də əsas niyyəti Rusiyadan uzaqlaşmaqdır. Sözdə müxtəlif fikirlər səsləndirmək olar, amma əgər bunlar əməldə öz əksini tapmırsa, deməli, bu, ciddi niyyət deyil”.


Politoloq hazırda Avropa İttifaqının özündə də Ermənistana böyük marağın olmadığını açıqlayıb:


“Yəni Ermənistan onlar üçün “yağlı tikə” deyil. Digər tərəfdən, Ermənistanın özünün problemli vəziyyəti də həmin ölkələri narahat edir. Avropa İttifaqı heç vaxt problemli bir ölkəni öz üzərinə əlavə yük kimi götürməz. İndi görürük ki, Avropaya yaxınlaşmaq məqsədilə Ermənistan siyasətçilərinin ritorikası getdikcə daha aqressiv xarakter alır. Digər tərəfdən isə ruspərəst qüvvələr də Ermənistanda meydanı ələ keçiriblər. Ruspərəstlər müəyyən qədər özlərini gizlətmişdilər, amma bu, hələ çıxış yolu deyil. Çünki faktiki olaraq Ermənistan müstəqilliyini qazandıqdan sonra uzun müddət yalnız Rusiyanın yedəyində olub. Bundan əlavə, Avropa İttifaqından Ermənistana iki missiya gəlib. Lakin onların funksiyasının nədən ibarət olduğu, orada hansı işləri gördükləri və nə üçün Ermənistana gəlib yerləşdikləri hələ tam aydın deyil.

Bu, artıq başqa məsələdir. Amma hər halda hesab edirəm ki, Rusiya ilə Ermənistan bu məsələlərdə bir qədər ehtiyatlı davranmalıdırlar. Çünki məsuliyyətsiz bəyanatların səsləndirilməsi, ruspərəst qüvvələrin Ermənistanda meydan sulaması və digər bu kimi hallar ikitərəfli münasibətlərə xələl gətirir. Digər tərəfdən, bütün bunlar göstərir ki, Ermənistan beynəlxalq aləmdə özünü bir növ qeyri-ciddi şəkildə nümayiş etdirir. Bu məsələlər meydanlarda həll olunası məsələlər deyil. Belə məsələlərlə bağlı Ermənistanın siyasi rəhbərliyi qapalı müzakirələrdə prinsipial qərarlar verməli, öz istəklərini əsaslandırmalı və daha sonra mövqeyini açıq şəkildə ortaya qoymalıdır. Yəni Ermənistan rəhbərliyi konkret olaraq bildirməlidir ki, “Bəli, mən sizdən ehtiyatlanıram və bunun səbəbləri bunlardır”. Hələ ki, bu məsələ baş verməyib və belə bir yanaşma ortaya qoyulmayıb".

Ekspert Ermənistan rəhbərliyinin sərgiləməli olduğu mövqedən də söz açıb:

"Hesab edirəm ki, Ermənistan rəhbərliyinin yaxın gələcəkdə bu məsələlər üzərində yenidən düşünmək və mövqeyini dəqiqləşdirmək üçün vaxtı var. Ermənistan rəhbərliyi göstərməlidir ki, Rusiya ilə münasibətləri tamamilə kəsmək planı yoxdur. Əksinə, Rusiya ilə yaxın münasibətləri davam etdirmək istəyən bir ölkədir. Bundan sonra yaradılacaq platformalar və münasibətlərin keyfiyyəti də dəyişməlidir. Bu münasibətlər tərəflərin gözləntilərinə cavab verməlidir”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR