ŞƏT-in qlobal rolu və Azərbaycanın artan mövqeyi

ŞƏT-in qlobal rolu və Azərbaycanın artan mövqeyi
Kateqoriya məlum deyil
T

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən növbəti sammitində iştirak etmək üçün Qırğızıstana işgüzar səfər edib. Liderlərin sammit çərçivəsində keçirilən geniş tərkibli görüşləri və müzakirə olunacaq strateji mövzular bir daha sübut edir ki, ŞƏT müasir beynəlxalq münasibətlər sistemində sürətlə güclənən və qlobal siyasətin gedişatına birbaşa təsir göstərən əsas platformalardan birinə çevrilib.

Bəs təşkilatın əhəmiyyəti nədir?

Sfera.az xəbər verir ki, 15 iyun 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın liderləri tərəfindən Şanxayda imzalanan bəyannamə ilə bünövrəsi qoyulan təşkilat, əslində regional sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətə başlayıb. Lakin ötən dövr ərzində ŞƏT öz miqyasını əhəmiyyətli dərəcədə genişləndirərək Hindistan, Pakistan, İran və Belarus kimi ölkələri də tamhüquqlu üzvlüyə qəbul edib, Avrasiya qitəsinin nəhəng siyasi-iqtisadi blokuna çevrilib. Bu gün ŞƏT-ə üzv olan ölkələr dünya əhalisinin 40 faizdən çoxunu, qlobal qurunun böyük hissəsini və dünya ümumi daxili məhsulunun dörddə birindən çoxunu təşkil edir.

ŞƏT-in əsas məqsəd və prinsipləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərini möhkəmləndirmək, siyasi, ticarət, iqtisadi, elmi-texniki və mədəni sahələrdə səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir. Eyni zamanda, regional sülhün, təhlükəsizliyin və sabitliyin saxlanılması üçün terrorizm, separatizm və ekstremizmə qarşı birgə mübarizə aparmaq təşkilatın əsas təhlükəsizlik sütununu təşkil edir. Təşkilatın fəaliyyət prinsipinin əsasında dayanan "Şanxay ruhu" isə qarşılıqlı etimad, bərabərhüquqluluq, məsləhətləşmələr, mədəni rəngarəngliyə hörmət və birgə inkişafa can atma ideyalarına söykənir.

Ötən illər ərzində bu təşkilatın üzv dövlətlərə qazandırdığı faydalar kifayət qədər çoxşaxəlidir. Birincisi, regional təhlükəsizlik mexanizmlərinin qurulması nəticəsində Mərkəzi Asiyada qeyri-sabit riskləri minimuma endirilib, sərhəd mübahisələri dinc dialoq yolu ilə həll olunub. İkincisi, iqtisadi və logistik müstəvidə ŞƏT nəhəng nəqliyyat və enerji layihələrinin mərkəzinə çevrilib. Dünyanın ən böyük enerji istehsalçıları ilə (Rusiya, İran, Mərkəzi Asiya ölkələri) ən böyük enerji istehlakçılarının (Çin, Hindistan) eyni platformada birləşməsi qlobal energetika bazarında tarazlıq yaradıb. Bununla yanaşı, gömrük prosedurlaşdırılmasının sadələşdirilməsi və milli valyutalarda ticarət dövriyyəsinin artırılması üzv ölkələrin xarici təzyiqlərə qarşı dayanlığını artırıb.

Prezident İlham Əliyevin bu sammitlərdə iştirakı və nümayiş etdirdiyi fəal diplomatiya Mərkəzi Asiya dövlətləri, Çin və Rusiya ilə ikitərəfli və çoxşaxəli əlaqələrin daha da dərinləşməsinə, ölkənin tranzit-logistika potensialının tam gücü ilə reallaşmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir. Bişkek səfəri bir daha göstərir ki, Azərbaycan qlobal güc mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən dialoqunu uğurla davam etdirir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR