Zaxarovadan Gürcüstana mesaj: Rusiya-Gürcüstan sülhü baş tutacaq?

Zaxarovadan Gürcüstana mesaj: Rusiya-Gürcüstan sülhü baş tutacaq?
Kateqoriya məlum deyil
T

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Moskva ilə Tbilisi arasında diplomatik münasibətlərin mümkün bərpası barədə açıqlamasının ciddi qəbul edilməməli olduğunu bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Rusiya XİN-in mövqeyi “münasibətlərin bərpası mümkün deyil” formasında deyil. O bildirib ki, Moskva belə bir imkan üçün açıqdır, amma təşəbbüs Tbilisidən gəlməlidir və məsələ hazırda gündəmdə deyil.

Saakaşvili bundan əvvəl Gürcüstan hakimiyyətinin Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşdığını iddia edib.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən kəsilib.

Maraqlıdır, Gürcüstanın hazırkı hakimiyyəti Moskvanın bu çağırışına real olaraq necə reaksiya verə bilər? Gürcüstan ilk addımı atacaqmı?

Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Şakir Ağayev Saakaşvilinin Rusiyaya olan münasibətini və Rusiyanın da Saakaşviliyə olan münasibətinin bütün dünya siyasi elitasına məlum olduğunu bildirib.

Onun sözlərinə görə, Saakaşvili, təbii ki, bu formada çıxış etməlidir, amma burada bir neçə məsələ var:

“Bir neçə gün bundan öncə Gürcüstanın Baş naziri Kobaxidze çıxış edib və bildirib ki, biz Rusiya ilə münasibətləri bərpa etməyə hazırıq, yalnız Abxaziya və Osetiya Gürcüstana qaytarıldıqdan sonra. Kobaxidze qeyd edib ki, onlar bunu müharibə yolu ilə deyil, danışıqlar və diplomatik vasitələrlə həyata keçirəcək. Baş nazir Rusiya ilə müharibə etmək fikirlənin olmadığını vurğulayıb. O, hətta dəfələrlə qeyd edib ki, Qərb dövlətləri Gürcüstanın Rusiyaya qarşı üçüncü cəbhə açmasını və Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmasını istəyirdi. Amma Gürcüstanın milli maraqları bunu diktə etmir. Gürcüstanın milli maraqlarında Rusiyaya qarşı üçüncü cəbhənin açılması və sanksiyalara qoşulmaq yoxdur. Gürcüstanın indiki hakimiyyəti Rusiya ilə münasibətlərdə realist mövqedən çıxış edir. Təbii ki, onlar istəmirlər ki, Gürcüstan Rusiya ilə Qərb arasında ikinci bir hərbi poliqona çevrilsin. Çünki 2008-ci ilin dərsi var. İndiki hakimiyyət danışıqlar yolu ilə bütün prosesləri bərpa edərək Abxaziya və Osetiyanı geri qaytarmaq istəyir”.

Ekspert Gürcüstanın hazırki hakimiyyətinin tezliklə Rusiya ilə bağlı addımlar atacağının real görünmədiyini açıqlayıb:

“Əgər indiki hökumətin fikrini bir neçə gün bundan öncə Kobaxidze çatdırıbsa, deməli, bu, onların mövqeyidir. Onlar fikirlərini açıqlayıblar. Sözsüz ki, Rusiya tərəfi, yəni Mariya Zaxarovanın timsalında verilən açıqlama da bir siqnaldır. Yəni mesaj ondan ibarətdir ki, əgər siz bunu real hesab edirsinizsə, real addımlar atılmalıdır. Mən bunun tezliklə baş verəcəyini gözləmirəm. Çünki hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Eyni zamanda, Avropa İttifaqının Gürcüstanın indiki hökumətinə qarşı mövqeyi də məlumdur. Mən bunu, təbii ki, düzgün hesab etmirəm və ikili standart kimi qiymətləndirirəm. Gürcüstanın indiki hökumətinə qarşı Avropa İttifaqı tərəfindən müxtəlif təzyiqlər və təqiblər həyata keçirilir. Avropa İttifaqı hər vəchlə Gürcüstanı Rusiyaya qarşı müharibəyə qoşmaq və Rusiyaya qarşı tətbiq olunan sanksiyalara cəlb etmək istəyir. Təbii ki, bu, Gürcüstanın milli maraqlarına xidmət etmir.

Gürcüstan hökuməti ilə bağlı 2008-ci ilin dərsini mən elə-belə qeyd etmədim. 2008-ci ildə heç bir Avropa dövləti Gürcüstanın yanında olmadı. Ona görə də hazırda Gürcüstan üçün Rusiya həm bir bazardır, həm qonşu dövlətdir. Rusiya Gürcüstan üçün turizm axını, iqtisadi əlaqələr və kənd təsərrüfatı məhsullarının ixracı baxımından mühüm əhəmiyyət daşıyır. Bu əlaqələrin pozulması Gürcüstanın büdcəsinə və iqtisadiyyatına böyük zərbə ola bilər. Amma Avropa İttifaqını, təbii ki, bu maraqlandırmır. Avropa İttifaqının Rusiyaya qarşı öz maraqları var və əsasən onu bu maraqlar düşündürür. Güman edirəm ki, bu proses Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra daha aktiv şəkildə gündəmə gələ bilər. Mariya Zaxarova da deyir ki, onlar danışıqlar yolu ilə buna hazırdır. Müharibədən sonra bu proses daha da sürətlənə bilər. Amma hazırkı vəziyyətdə Gürcüstan tərəfindən hər hansı real addımın atılacağını düşünmürəm. Təkrar edirəm, Kobaxidze artıq bu sözləri deməklə Gürcüstanın mövqeyini nümayiş etdirib. Ona görə də yaxın müddətdə belə bir prosesin baş verəcəyini düşünmürəm. Amma gələcəkdə, sözsüz ki, proseslər sürətlənə bilər. Təkrar edirəm, istisna etmirəm ki, müəyyən formada Abxaziya və Osetiya məsələsi də öz həllini tapa bilər və bu həll həm Gürcüstan, həm də Rusiya tərəfini müəyyən mənada qane edə bilər”.

Ş.Ağayev bugünkü Gürcüstan-Rusiya münasibətlərinin bu vəziyyətə gəlməsinin ən böyük səbəbkarlarından birinin məhz Saakaşvili olduğunu vurğulayıb:

“Məhz Saakaşvilinin Qərbin tapşırıqlarını yerinə yetirməsi nəticəsində belə fəsadlar baş verib. Xüsusi qeyd etmək istəyirəm ki, Saakaşvili Gürcüstan xalqının deyil, Qərbin maraqlarını ifadə edir. Saakaşvili əsasən Qərbin diktəsini Gürcüstanda həyata keçirmək istəyir. Yəni o, Gürcüstanın milli maraqlarından və gürcü xalqının mənafeyindən deyil, Qərbin maraqlarından çıxış edərək hərəkət edir. Bu, Saakaşvilinin Qərb qarşısında götürdüyü bir öhdəlik idi”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR