Bəhruz Məhərrəmov: "Sülhə hazırlaşırıq"
“Bütün dünyada, xüsusən Qafqaz kimi mürəkkəb coğrafiyalarda hərbi xidmət, hərbi sistem və hərbçilərlə bağlı qanunvericilik aktları, əslində, həm də sülh və sabitliyin indikatoru hesab edilir”.
Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında hərbi sahədəki qanun layihələrinin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov bildirib.
B.Məhərrəmov qeyd edib ki, Parlamentin qəbul etdiyi son qanun layihələri Azərbaycanın hərbi siyasətinin mahiyyətini nümayiş etdirir:
“Son vaxtlar Parlamentin qəbul etdiyi bir sıra qanun layihələri ilk növbədə göstərir ki, biz müharibəyə yox, dayanıqlı sülhə hazırlaşırıq və bunun təminatını həm də daha peşəkar müstəviyə keçiddə görürük. O cümlədən bu layihə cənab İlham Əliyevin liderliyi ilə bölgədə formalaşan sülh və sabitlik konfiqurasiyasının davamlılığını öz gücümüz hesabına qorumağa olan inamımız kimi qiymətləndirilməlidir”.
Ermənistanın sülh prosesindəki mövqeyinə diqqət çəkən millət vəkili bildirib ki, rəsmi İrəvanın davranışları sülhə meyilli olmadığını göstərir:
“Düzdür, Ermənistanın son davranışları göstərir ki, o, sülhə o qədər də meyilli deyil. Bu ölkə faktiki olaraq yekun sülh müqaviləsindən yayınır, amma başqa bir dəyişməyən reallıq da var ki, Ermənistan onsuz da heç vaxt sülh tərəfdarı olmayıb. “Yeni müharibə – yeni ərazilər” ideologiyasının müəllifi məhz Paşinyan hökuməti olub. Yəni Paşinyan əvvəlki dövrün uşaq qatillərindən daha sülhpərvər olmayıb”.
Deputat vurğulayıb ki, bölgədəki mövcud sabitlik Müzəffər Ali Baş Komandanın iradəsinin nəticəsidir:
“Bu gün əgər sərhədlərdə və şərti sərhədlərdə silahlar susubsa, bu, məhz Azərbaycan liderinin iradəsinin və Onun Müzəffər Ali Baş Komandanlığında qazanılan böyük zəfərlərimizin nəticəsidir. Bu reallığın qorunması üçün isə güclü olmağa məhkumuq. Postmüharibə dövründə Azərbaycan Ordusunun maddi-texniki bazası köklü surətdə güclənib, hərbi büdcəmiz hər il artır. Xüsusən peşəkar kadrların intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində aydın siyasi kurs mövcuddur. Cari layihə həm də bu hədəfin normativ bazasının formalaşmasının mühüm mərhələsidir və bir daha onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri inkişafdadır, istənilən vəzifəni istənilən şəraitdə əvvəlkindən çox daha yaxşı yerinə yetirmək potensialındadır. Dəyişikliklərin ordumuzun peşəkarlıq səviyyəsinin artmasına mühüm töhfə verəcəyini nəzərə alaraq layihənin dəstəklənməsini zəruri hesab edirəm”.
Bəsti Rəfizadə
Sfera.az






