İran ABŞ-yə qarşı hücum strategiyasına keçir – Tehran müharibəni genişləndirə bilər

İran ABŞ-yə qarşı hücum strategiyasına keçir – Tehran müharibəni genişləndirə bilər
Kateqoriya məlum deyil
T

İran ABŞ-lə münaqişənin davam etdirilməsi üçün daha sərt və hücum xarakterli hərbi strategiya hazırlayır.

Sfera.az xəbər verir ki, CNN-in təhlilinə görə, Tehran həm müdafiə, həm də düşmən təhdidlərini neytrallaşdırmaq üçün “hücum əməliyyatları” həyata keçirməyə hazırlaşır.

Bu yanaşma ABŞ və İran arasında müharibəyə son qoymaq məqsədilə əldə olunan anlaşmanın müddətinin başa çatdığı, eyni zamanda Hörmüz boğazına nəzarət məsələsinin həll edilmədiyi bir vaxtda ortaya çıxıb.

Analitiklərin fikrincə, İranın hərbi rəhbərliyi hazırda Vaşinqtondan güzəştlər əldə etmək üçün əlverişli mövqedə olduğuna inanır. Tehran həmçinin daha güclü rəqiblərlə hərbi imkanlar arasındakı fərqi azaltmaq üçün silah sistemlərini təkmilləşdirməyə çalışır.

İranın yeni strategiyasının Yəmən, İraq və digər ölkələrdəki müttəfiqlərinin daha fəal şəkildə səfərbər edilməsinə səbəb ola biləcəyi bildirilir. Son həftələrdə Yəməndəki husilər Səudiyyə Ərəbistanının gəmiçiliyini təhdid edib və ölkənin neft emalı zavodlarına zərbələr endirib. İraqda isə İranın dəstəklədiyi silahlı qruplar Səudiyyənin neft infrastrukturunu hədəfə alıb.

Tehranın yeni hərbi kursunun əsas istiqamətlərindən biri İranın hərbi əməliyyatları düşmən ərazisinə keçirmək imkanlarını artırmaqdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri Məhəmməd Rza Nəqdi bildirib ki, İran lazım gəldikdə və əmr verildikdə əməliyyatları düşmən ərazisinə keçirməyə hazır olmalıdır.

Onun sözlərinə görə, SEPAH düşmənə qarşı “ağıllı, seçici və hədəfli” hücumlar həyata keçirmək imkanına malik olmalıdır.

Ekspertlər bunun regiondakı ABŞ hərbi obyektlərinin yenidən hədəfə alınması ehtimalını artırdığını bildirirlər. İranın son aylarda daha çevik ballistik raketlər və dronlardan istifadə taktikasını sürətlə inkişaf etdirdiyi qeyd olunur.

Corc Vaşinqton Universitetinin Yaxın Şərq siyasəti üzrə professoru Sina Azodinin sözlərinə görə, İranın yeni təhlükəsizlik strategiyası Vaşinqtondan güzəşt əldə etmək üçün mübarizəni davam etdirməyə və ABŞ-a təzyiq göstərməyə əsaslanır.

Digər ekspertlərin fikrincə, Tehran müharibənin miqyası, coğrafiyası və vaxtı üzərində nəzarəti ABŞ-dən almağa çalışır. Analitiklər hesab edirlər ki, İran həm qısamüddətli, həm də uzunmüddətli ssenarilərə hazırlaşır. Ölkədə iqtisadi problemlərin dərinləşməsi və sanksiyaların təsiri Tehranı ABŞ-lə qarşıdurmanı yenidən artırmağa sövq edə bilər.

İranın yeni hücum doktrinasının digər istiqamətlərindən biri də Fars körfəzindən çıxan neft tankerlərinə gözlənilməz hücumların davam etdirilməsi ola bilər. Məqsədin neft qiymətlərini yüksək səviyyədə saxlamaq olduğu bildirilir. Son həftələrdə Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkəti ADNOC-a məxsus bir neçə tanker də hücumların hədəfinə çevrilib.

SEPAH rəsmiləri Fars körfəzindən keçən sualtı kabellərin sabotaj edilə biləcəyini də açıq şəkildə müzakirə ediblər.

Uzunmüddətli perspektivdə isə İranın diqqətini “müqavimət oxu”ndan öz raket və dron imkanlarının inkişafına yönəldə biləcəyi bildirilir. Bununla belə, Tehran Hizbullah, husilər və İraqdakı müttəfiq silahlı qruplardan imtina etmək niyyətində deyil. Mütəxəssislər İranın regional təsir imkanlarını qorumaq üçün bu qruplardan istifadə etməyə davam edəcəyini düşünürlər.

Xüsusilə İraq İran və ABŞ arasında regional rəqabətin əsas mərkəzlərindən biri olaraq qalır. İranın 2003-cü ildə Səddam Hüseyn hakimiyyətinin devrilməsindən sonra İraqda əhəmiyyətli təsir imkanları əldə etdiyi qeyd olunur.

Ekspertlər hesab edirlər ki, İranın yenilənmiş hərbi strategiyasının əsas məqsədi daha çevik, mərkəzləşdirilmiş komandanlığa malik hərbi sistem qurmaq və raket-dron arsenalını gücləndirməkdir.

Mütəxəssislərin fikrincə, Tehranın daha hücum xarakterli mövqeyə keçməsi təkcə ABŞ-yə deyil, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə də ciddi təzyiq yarada bilər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR