“Daha böyük səhvə yol verməyin”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni kəşfiyyat səhvləri səbəbindən yanlış hesablamalar aparmaqda ittiham edib. O, Vaşinqtonu Hörmüz boğazı ilə bağlı da “daha böyük yanlış hesablama” etməməyə çağırıb.
Sfera.az xəbər verir ki, Əraqçi “X” hesabında paylaşdığı açıqlamada ABŞ-nin uzun müddətdir kəşfiyyat səhvləri səbəbindən yanlış qərarlar verdiyini bildirib. O, buna nümunə kimi İrana qarşı müharibəni göstərərək, indi isə eyni səhvin Hörmüz boğazı məsələsində təkrarlanmaması barədə xəbərdarlıq edib.
“Saxta xəbərlərdən daha pis olan saxta kəşfiyyat məlumatlarıdır. Diqqətli olun”, – deyə Əraqçi vurğulayıb.
İranlı nazir ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamasına da münasibət bildirib. Tramp İranın artıq Yaxın Şərqin “zorbası” olmadığını iddia edərək, ABŞ-nin Hörmüz boğazı üzərində tam nəzarəti saxlayacağını açıqlayıb.
Əraqçi isə cavabında “Allah böyükdür, yer üzündəki istənilən gücdən daha böyükdür. Biz Allaha güvənirik” ifadələrini işlədib.
Tramp daha əvvəl İranın donanması və hava qüvvələrinin olmadığını, İnqilab Keşikçiləri Korpusunun məhv edildiyini və ölkənin ağır zərbələrə məruz qaldığını iddia edib.
Mənsumə






