Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın ittifaqı İranı niyə narahat edir? - ŞƏRH

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın ittifaqı İranı niyə narahat edir? - ŞƏRH
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə təhlükəsizlik arxitekturası yeni mərhələyə daxil olur.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əməkdaşlığının dərinləşməsi regionda yalnız hərbi münasibətlər baxımından deyil, həm də uzun illər formalaşmış geosiyasi balans baxımından diqqət çəkən prosesə çevrilib. Üç ölkənin təhlükəsizlik sahəsində daha sıx koordinasiyası regional güclərin öz müdafiə imkanlarını artırmaq və xarici təhlükəsizlik təminatlarından asılılığı azaltmaq cəhdlərinin göstəricisi kimi qiymətləndirilir.

Bu proses xüsusilə İranın regiondakı təsir imkanları fonunda daha böyük siyasi əhəmiyyət daşıyır. Tehran uzun illər ərzində Yaxın Şərqdə öz təsir dairəsini əsasən “müqavimət oxu” adlandırdığı siyasi və hərbi qüvvələr üzərindən genişləndirib. İraq, Suriya, Livan və Yəməndə İranla əlaqəli qüvvələrin mövcudluğu Tehrana öz sərhədlərindən kənarda strateji təsir imkanları yaradıb.

Lakin regionda dövlətlərarası müdafiə mexanizmlərinin güclənməsi İranın bu modelinə alternativ təhlükəsizlik sisteminin formalaşması ehtimalını ortaya çıxarır. Bu səbəbdən Ankara, Riyad və İslamabad arasında əməkdaşlığın dərinləşməsi Tehranda ciddi narahatlıq doğurur. İran bildirir ki, “müqavimət oxuna” qarşı istənilən fəaliyyətə sərt cavab veriləcək. Bu açıqlamanın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əməkdaşlığının gücləndiyi bir vaxtda səslənməsi isə təsadüfi görünmür.

Tehran bir tərəfdən yeni təhlükəsizlik mexanizminin birbaşa İrana qarşı hərbi ittifaqa çevrilməsindən ehtiyat edir, digər tərəfdən isə region dövlətlərinin daha sıx koordinasiyasının İranın uzun illər ərzində formalaşdırdığı təsir modelini zəiflədə biləcəyini nəzərə alır. Burada əsas sual üç ölkənin İranı hədəf alan konkret hərbi planının olub-olmamasından daha genişdir.

Məsələ ondan ibarətdir ki, Yaxın Şərqdə güc balansı tədricən dəyişir və İranın qeyri-dövlət aktorları üzərindən qurduğu regional təsir modelinin qarşısında dövlətlərarası, institusional və kollektiv təhlükəsizlik mexanizmi formalaşa bilər. Belə bir proses baş verərsə, bu, yalnız İranın deyil, bütövlükdə regiondakı siyasi və hərbi münasibətlərin yenidən qurulmasına səbəb ola bilər.

İran bu əməkdaşlığı özünə qarşı təhlükə kimi qiymətləndirir? Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaxınlaşması regionda, xüsusilə Tehranın “müqavimət oxu” adlandırdığı qüvvələrə münasibətdə hansı dəyişikliklərə yol aça bilər?

Bu suallar fonunda yeni müdafiə əməkdaşlığının İranın regional strategiyasına mümkün təsirlərini və Yaxın Şərqdə formalaşan yeni güc balansını nəzərdən keçirmək xüsusilə aktuallaşır. Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Amid Əliyev bildirib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əməkdaşlığının yeni mərhələyə keçməsi Yaxın Şərqdə formalaşmaqda olan təhlükəsizlik arxitekturasının mühüm göstəricilərindən biridir.

Onun sözlərinə görə, xüsusilə Məkkədə üç ölkə arasında imzalanan müdafiə sazişi fonunda İranın “müqavimət oxuna” qarşı istənilən fəaliyyətə sərt cavab veriləcəyi barədə xəbərdarlığı Tehranın regionda baş verən prosesləri diqqətlə izlədiyini göstərir:

“Burada məsələ yalnız konkret bir sazişdən və ya üç ölkənin hərbi əməkdaşlığından ibarət deyil. Əslində, söhbət Yaxın Şərqdə illərdir mövcud olan güc balansının və təhlükəsizlik yanaşmasının tədricən dəyişməsindən gedir. İranın bu prosesə münasibətini qiymətləndirərkən ilk növbədə Tehran üçün əsas narahatlığın sazişin formal olaraq İrana qarşı yönəlməsi deyil, onun gələcəkdə hansı siyasi və hərbi imkanlara çevrilə bilməsi olduğunu nəzərə almaq lazımdır. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı sazişi müdafiə xarakterli sənəd kimi təqdim edir və konkret olaraq heç bir ölkənin hədəf alınmadığını bildirirlər. İran tərəfi də diplomatik səviyyədə bunun region ölkələrinin öz təhlükəsizlik mexanizmlərini formalaşdırması kimi qiymətləndirilə biləcəyini açıqlayır. Lakin beynəlxalq siyasətdə dövlətlərin rəsmi bəyanatlarından daha çox, onların yaratdığı potensial imkanlar əhəmiyyət daşıyır.

Bu baxımdan Tehran çox yaxşı anlayır ki, söhbət sadəcə üç ölkə arasında hərbi əməkdaşlıqdan deyil, gələcəkdə daha geniş regional təhlükəsizlik platformasına çevrilə biləcək mexanizmdən gedir. İranın əsas strateji narahatlığı məhz burada ortaya çıxır. Tehran son onilliklər ərzində öz təhlükəsizlik strategiyasını yalnız milli sərhədləri daxilində qurmayıb. İraq, Suriya, Livan və Yəmən kimi ölkələrdə İranla siyasi və hərbi əlaqələri olan qüvvələr vasitəsilə Tehran özünün regional strateji dərinliyini formalaşdırıb. İranın “müqavimət oxu” adlandırdığı bu modelin əsas üstünlüyü ondan ibarət idi ki, Tehran öz təhlükəsizlik sərhədlərini İranın coğrafi sərhədlərindən xeyli kənara çıxara bilirdi. Beləliklə, İsrail və ABŞ ilə mümkün qarşıdurmanın birbaşa İran ərazisinə keçməsinin qarşısını almaq, eyni zamanda regionun müxtəlif nöqtələrində siyasi və hərbi təzyiq imkanları yaratmaq mümkün olurdu”.

Politoloq qeyd edib ki, indi regionda buna alternativ model formalaşmağa başlayır:

“İranın qeyri-dövlət aktorları üzərindən qurduğu regional təsir şəbəkəsinin qarşısında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi dövlətlərin institusional hərbi və siyasi imkanlarını birləşdirən təhlükəsizlik mexanizmi meydana çıxır. Bu, İran üçün prinsipial dəyişiklikdir. Çünki Tehran qeyri-simmetrik gücdən istifadə etməklə regional rəqiblərinə qarşı üstünlük əldə etməyə çalışdığı halda, yeni formalaşan model dövlətlərarası hərbi əməkdaşlığa, kollektiv müdafiəyə və dövlətlərin suverenliyinin qorunmasına əsaslanır. Burada Səudiyyə Ərəbistanının rolunu xüsusi qeyd etmək lazımdır. Tehran üçün ən həssas məsələ məhz Riyadın regional təhlükəsizlik siyasətində baş verən dəyişiklikdir. İran və Səudiyyə Ərəbistanı son illərdə diplomatik münasibətləri normallaşdırmağa çalışsalar da, bu, iki ölkə arasında strateji rəqabətin tamamilə aradan qalxması demək deyil. Əksinə, İran və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə təsir uğrunda rəqabət aparan iki əsas regional güc olaraq qalırlar.

Yəmən, İraq, Suriya, Livan, Körfəz təhlükəsizliyi və enerji infrastrukturu kimi məsələlərdə tərəflərin maraqları hələ də bir-birindən ciddi şəkildə fərqlənir. Səudiyyə Ərəbistanının son dövrdə öz təhlükəsizlik imkanlarını şaxələndirməyə çalışması da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Riyad uzun müddət əsasən ABŞ-ın təhlükəsizlik təminatlarına arxalanıb. Lakin son illərdə Yaxın Şərqdə ABŞ-ın regiondakı rolunun əvvəlki kimi proqnozlaşdırıla bilməməsi, İranla qarşıdurmalar, husilərin raket və dron hücumları və regional təhlükəsizlik boşluğu Körfəz ölkələrini alternativ mexanizmlər axtarmağa sövq edib. Türkiyə və Pakistanla müdafiə əməkdaşlığının gücləndirilməsi məhz bu baxımdan Səudiyyə Ərəbistanının strateji muxtariyyətini artırmaq cəhdi kimi qiymətləndirilə bilər”.

A.Əliyev vurğulayıb ki, Türkiyənin prosesdə iştirakı isə vəziyyəti daha da mürəkkəbləşdirir:

“Ankara İranla rəqabət aparsa da, Tehranı özünə qarşı açıq düşmən kimi qəbul edən bir siyasət yürütmür. Türkiyə İranla enerji, ticarət, regional təhlükəsizlik və diplomatik məsələlərdə əməkdaşlıq kanallarını qoruyur. Eyni zamanda Ankara Səudiyyə Ərəbistanı və Pakistanla münasibətlərini də sürətlə inkişaf etdirir. Buna görə Türkiyənin bu mexanizmdə iştirakı İran üçün həm risk, həm də diplomatik imkan yaradır. Tehran bir tərəfdən Türkiyənin yeni təhlükəsizlik platformasını İran əleyhinə hərbi ittifaqa çevirməsinin qarşısını almağa çalışacaq, digər tərəfdən isə Ankara ilə münasibətləri qorumaqla bu platformanın gələcəkdə Tehrana qarşı sərtləşməsinin qarşısını almaq ciddi cəhdlər edəcək. Pakistanın iştirakı da İran üçün ayrıca əhəmiyyət daşıyır. Pakistan İranla qonşudur, eyni zamanda Səudiyyə Ərəbistanı ilə çoxillik hərbi-strateji əlaqələrə malikdir.

Buna görə İslamabadın bu mexanizmə daxil olması İran üçün yalnız Körfəz məsələsi deyil, həm də İranın şərq sərhədləri və regional diplomatik mövqeyi baxımından əhəmiyyətlidir. Əgər bu əməkdaşlıq gələcəkdə daha dərin hərbi koordinasiyaya çevrilərsə, İran özünü həm qərbdən, həm də cənub-şərqdən formalaşan yeni təhlükəsizlik mühitinin içində görə bilər”.

Siyasi şərhçi nəzərə çatdırıb ki, İranın “müqavimət oxu” ilə bağlı sərt ritorikasının əsas səbəblərindən biri də budur:

“Tehran anlayır ki, əgər region ölkələri İranın dəstəklədiyi qeyri-dövlət aktorlarına qarşı ayrı-ayrılıqda deyil, koordinasiyalı şəkildə fəaliyyət göstərməyə başlasalar, İranın ən mühüm regional üstünlüklərindən biri zəifləyə bilər. İndiyə qədər İranın əsas üstünlüklərindən biri regional rəqiblərinin parçalanmış vəziyyətdə olması idi. Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Misir, İordaniya və digər ölkələrin təhlükəsizlik məsələlərində daha sıx koordinasiya etməsi isə bu parçalanmanı müəyyən qədər aradan qaldıra bilər. Bu prosesin “müqavimət oxu” üçün siyasi nəticəsi hərbi nəticəsindən də əhəmiyyətli ola bilər. Çünki İranın regional siyasəti yalnız raketlərə, dronlara və silahlı qruplara əsaslanmır bunun ideoloji və siyasi komponenti də var. Tehran öz regional fəaliyyətini uzun müddət İsrailə qarşı müqavimət, Fələstin məsələsinin müdafiəsi və ABŞ-nin regiondakı hegemonluğuna qarşı mübarizə kimi təqdim edib. Lakin indi regiondakı bəzi dövlətlər fərqli bir yanaşma ortaya qoyurlar: İsrailin siyasətinə qarşı çıxmaq mümkündür, Fələstin məsələsini müdafiə etmək mümkündür, lakin regional təhlükəsizliyi İranın himayəsində olan silahlı qruplar üzərindən qurmaq məcburi deyil. Bu yanaşma genişlənərsə, İranın “müqavimət” anlayışının regional siyasi legitimliyi də müəyyən qədər zəifləyə bilər. Burada daha geniş geosiyasi transformasiya müşahidə olunur. Yaxın Şərq uzun müddət əsasən iki böyük təhlükəsizlik düşərgəsinin rəqabəti ilə xarakterizə olunurdu: bir tərəfdə ABŞ və onun regional müttəfiqləri, digər tərəfdə İran və onun “müqavimət oxu”. İndi isə üçüncü istiqamət daha aydın görünməyə başlayır. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələr özlərini nə tam şəkildə İran blokunun, nə də ABŞ-İsrail blokunun bir hissəsi kimi təqdim etmək istəyirlər. Onların əsas məqsədi öz təhlükəsizlik imkanlarını artırmaq və regional qərarlarda daha çox strateji muxtariyyət əldə etməkdir. Məhz buna görə bu yeni müdafiə əməkdaşlığını sadəcə “İrana qarşı ittifaq” adlandırmaq düzgün olmaz. Bu, daha çox İranın regional təsir modelinə alternativ təhlükəsizlik arxitekturasının formalaşmasının başlanğıcı kimi qiymətləndirilməlidir. Əgər bu mexanizm gələcəkdə Misir, İordaniya, BƏƏ, Qətər və digər regional dövlətlərin daha fəal iştirakı ilə genişlənərsə, onun siyasi çəkisi əhəmiyyətli dərəcədə artacaq. Bu halda İranın “müqavimət oxu” artıq yalnız İsrail və ABŞ ilə deyil, regionun öz daxilində formalaşan dövlətlərarası təhlükəsizlik platforması ilə də rəqabət aparmalı olacaq”.

A.Əliyevin fikrincə, yaxın perspektivdə İranın birbaşa hərbi eskalasiyaya getməsi ən real ssenari görünmür:

“Tehran üçün daha rasional strategiya diplomatik manevrlər, Türkiyə ilə münasibətlərin qorunması, Pakistanla əlaqələrin saxlanılması və Səudiyyə Ərəbistanına qarşı dolayı siyasi təzyiq imkanlarının qorunmasından ibarət olacaq. İran üçün ən arzuolunmaz ssenari Türkiyənin və Pakistanın tam şəkildə Səudiyyə Ərəbistanının təhlükəsizlik strategiyasına inteqrasiya olunması və bu mexanizmin gələcəkdə İranın regional fəaliyyətinə qarşı koordinasiyalı platformaya çevrilməsidir. Buna görə Tehran böyük ehtimalla həm sərt xəbərdarlıqlar edəcək, həm də paralel şəkildə diplomatik kanalları açıq saxlayacaq. Beləliklə regionda baş verən geosiyasi proseslər Yaxın Şərqdə yeni güc balansının formalaşmasının mühüm əlaməti kimi qiymətləndirilə bilər. İranın əsas narahatlığı üç ölkənin bu gün ona qarşı hərbi əməliyyat hazırlaması deyil.

Əsas narahatlıq ondan ibarətdir ki, Tehran uzun illər ərzində regionda qeyri-dövlət aktorları, ideoloji təsir və asimmetrik hərbi imkanlar üzərində qurduğu təsir modelinin qarşısında getdikcə daha çox dövlətlərarası və institusional təhlükəsizlik mexanizmləri görür. Bu isə İranın regional manevr imkanlarını məhdudlaşdıra bilər. Bu mənada Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan müdafiə əməkdaşlığı Yaxın Şərqdə yeni bir siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər əvvəlki mərhələdə əsas sual “İranın müqavimət oxu regionda nə qədər güclüdür?” idisə, yeni mərhələdə əsas sual “İrana qarşı və ya İrandan müstəqil regional təhlükəsizlik sistemi nə qədər güclü və davamlı ola bilər?” olacaq. İranın sərt reaksiyasının arxasında da məhz bu strateji sual dayanır. Çünki Tehran üçün təhlükə konkret bir sazişdən daha çox, həmin sazişin gələcəkdə İranın regional təsir modelinə alternativ kollektiv güc mərkəzinə çevrilməsi ehtimalıdır”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR