"Putin ABŞ-Çin dostluğunu təhlükə kimi görmür" - ŞƏRH

ABŞ və Çin arasında son dövrdə keçirilən yüksək səviyyəli təmaslar Vaşinqton-Pekin münasibətlərində yeni mərhələnin formalaşması ehtimalını gündəmə gətirib.
Belə bir fonda Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinlə APEC sammiti çərçivəsində görüşəcəyini açıqlaması Moskva-Pekin münasibətlərinin gələcək istiqaməti baxımından da diqqət çəkib.
Putin görüşün iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Vaşinqton-Pekin münasibətlərində yumşalma Rusiya ilə Çin arasındakı strateji tərəfdaşlığa necə təsir göstərə bilər?
Bu haqda politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlama verib. O, Çin üçün Rusiya ilə tərəfdaşlığın əhəmiyyətinin yalnız ABŞ ilə rəqabətdən ibarət olmadığını qeyd edib:

“Enerji, xammal, nəqliyyat, regional təhlükəsizlik və beynəlxalq təşkilatlarda koordinasiya Pekin-Moskva əlaqələrinin müstəqil dayaqlarıdır. 2026-cı ilin mayında Vladimir Putinin Çinə dövlət səfəri zamanı tərəflər strateji koordinasiyanın dərinləşdirilməsi barədə razılıqlar əldə edib, 20 əməkdaşlıq sənədi imzalayıb və çoxtərəfli dünyanın formalaşdırılması ilə bağlı birgə bəyanat yayıblar. Avqustun sonunda isə Si və Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində yenidən görüşərək münasibətlərin daha da möhkəmləndirilməsini müzakirə ediblər. Bununla belə, ABŞ-Çin münasibətlərində sabitləşmə Moskvanın Pekin üçün nisbi strateji çəkisinə müəyyən təsir göstərə bilər. Əgər Vaşinqton və Pekin ticarət, texnologiya və təhlükəsizlik sahələrində qarşıdurmanı idarə olunan rəqabət səviyyəsinə endirə bilsələr, Çin ABŞ-lə münasibətlərində Rusiyaya ehtiyac duyduğu qədər geosiyasi dayaq kimi yanaşmaya bilər. Bu, xüsusilə Moskvanın Qərblə qarşıdurmasının dərinləşməsi fonunda əhəmiyyətlidir”.
Politoloq bəzi mühüm məqamların da olduğunu bildirib və onları açıqlayıb:
“Çin ABŞ ilə münasibətlərini yaxşılaşdırmaq naminə Rusiya ilə münasibətlərini kəskin şəkildə zəiflətmək məcburiyyətində deyil. Pekinin xarici siyasətində müxtəlif böyük güclərlə paralel münasibətlər qurmaq və strateji manevr imkanlarını qorumaq mühüm prinsipdir. ABŞ-lə dialoqun genişlənməsi də Pekinə Moskva ilə münasibətlərini daha sərbəst şəkildə idarə etmək imkanı verə bilər. Məhz bu baxımdan Putinin Çinlə bağlı son açıqlaması diqqət çəkir. Putin ABŞ-Çin danışıqlarını müsbət qarşıladığını bildirərək bu iki iqtisadi güc arasında əldə ediləcək razılaşmaların qlobal iqtisadiyyata, o cümlədən Rusiyaya təsir edəcəyini vurğulayıb. Eyni zamanda o, Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin böyük həcmdə olduğunu qeyd edib. Deməli, Moskva ABŞ-Çin yaxınlaşmasını prinsipcə geosiyasi təhlükə kimi görmür. Əksinə, Rusiya üçün əsas məsələ Çinin ABŞ ilə münasibətlərində hansı həddə qədər yaxınlaşacağı və bunun Moskvanın iqtisadi və strateji maraqlarına necə təsir edəcəyidir. Odur ki, Vaşinqton-Pekin münasibətlərində yumşalma Moskva-Pekin tərəfdaşlığını ləğv edən və ya kəskin şəkildə zəiflədən amil kimi deyil, onun xarakterini dəyişdirə biləcək faktor kimi qiymətləndirilə bilər. Çin ABŞ ilə daha sabit münasibətlər qurmağa çalışsa belə, Rusiya ilə enerji, təhlükəsizlik, nəqliyyat və çoxtərəfli diplomatiya sahələrində əməkdaşlığın davam etdirilməsi Pekinin maraqlarına uyğun olaraq qalır”.
Bəsti Rəfizadə
Sfera.az






