İtaliyanın sabiq baş naziri Ukraynaya hərbi yardıma qarşı çıxdı

İtaliyanın sabiq baş naziri və Beş Ulduz Hərəkatı partiyasının lideri Giuseppe Conte Ukraynaya hərbi yardımın davam etdirilməsinin zəruriliyini şübhə altına alıb.
Sfera.az xəbər verir ki, bu barədə "Politico" nəşri partiyanın tanınmış nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Konte bildirib ki, partiyası əvvəlcə Rusiya ilə Ukrayna arasındakı hərbi balanssızlığı nəzərə alaraq Kiyevə hərbi yardım göstərilməsini dəstəkləyirdi. Lakin hazırda Ukraynanın kifayət qədər yaxşı təchiz olunmuş hərbi arsenalı olduğunu əsas gətirən siyasətçi əlavə silah tədarükü ilə bağlı səsvermələrdə partiyasının bitərəf qalacağını, eyni zamanda münaqişənin danışıqlar yolu ilə həllinə çağıracağını deyib.
Konte həmçinin sol siyasi qüvvələr arasında ilkin seçkilərin keçirilməsini təklif edib. Onun fikrincə, bu prosesdə Ukraynaya silah tədarükünün davam etdirilməsinin məqsədəuyğun olub-olmaması müzakirə edilməlidir.
İtaliyanın Demokrat Partiyası nümayəndələri isə bu təklifi kəskin tənqid edərək Ukraynaya hərbi yardımın “müzakirə mövzusu olmadığını” bildiriblər.
Ölkənin xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani isə Konteni çıxışları ilə Romanın deyil, Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.
"Politico"nun məlumatına görə, hazırda İtaliya cəmiyyətində Ukraynaya göstərilən hərbi yardıma dəstək səviyyəsi aşağı olaraq qalır.
Xatırladaq ki, daha əvvəl İtaliyanın müxalifətdəki Milli Gələcək partiyasının deputatları da Ukraynaya hərbi yardımın dayandırılmasını təklif etmişdilər. Onlardan biri həmçinin Romanın sanksiya siyasətinin ölkənin milli maraqlarına uyğun olmadığını bildirmişdi.
İnci
Sfera.az






