Ermənistanın yeni Parlament rəhbəri region üçün nə vəd edir? - AÇIQLAMA

Ermənistanın yeni Parlament rəhbəri region üçün nə vəd edir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ermənistanda parlament rəhbərliyinin dəyişməsi ölkə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Beş il Milli Assambleyaya rəhbərlik edən Alen Simonyan hakim "Vətəndaş Müqaviləsi" Partiyasının qərarı ilə yenidən bu vəzifəyə namizəd göstərilmədi və parlamentdən ayrıldı.

Onun yerinə uzun müddət vitse-spiker və Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Ruben Rubinyan seçilib.

Bəs bu dəyişiklik Ermənistanın daxili siyasətinə, parlamentin fəaliyyətinə və regionla bağlı siyasi kursuna necə təsir göstərə bilər?

Mövzu ilə bağlı açıqlama verən politoloq Amid Əliyev bildirib ki, Ermənistan parlamentinin rəhbərliyində baş verən dəyişiklik ilk baxışda adi kadr rotasiyası təsiri bağışlasa da, əslində bu, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının yeni siyasi mərhələyə hazırlığının göstəricisi kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Alen Simonyanın beş illik spikerlik dövrünün başa çatması və onun yerinə Ruben Rubinyanın gətirilməsi, Baş nazir Nikol Paşinyanın həm daxili siyasi komandasında, həm də xarici siyasət prioritetlərində yeni düzülüş formalaşdırmaq niyyətindən xəbər verir:

“Ruben Rubinyan son illərdə xüsusilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əsas fiqurlardan biri olub. Onun parlament sədri seçilməsi onu göstərir ki, İrəvan yaxın dövrdə regionda kommunikasiyaların açılması, normallaşma və Qərblə inteqrasiyanı əsas siyasi xətt kimi qorumağa çalışacaq. Bu baxımdan parlamentin xarici siyasət gündəliyində də daha fəal rol oynayacağı gözlənilir. Daxili siyasət baxımından isə bu dəyişiklik hakimiyyət daxilində səlahiyyət bölgüsünün yenilənməsi kimi dəyərləndirilə bilər. Paşinyan komandasını növbəti parlament və seçki mərhələsinə hazırlayır, ictimai etimadı müəyyən qədər bərpa etmək və idarəetmədə yeni simalar önə çıxarmaq istəyir. Bu, həm də hakim partiyanın cəmiyyətə "yenilənmə" mesajı vermək cəhdidir”.

Politoloq qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətləri kontekstində Rubinyanın parlament sədri seçilməsi İrəvanın sülh gündəliyindən imtina edəcəyi anlamına gəlmir:

“Əksinə, onun diplomatik proseslərdə iştirak təcrübəsi göstərir ki, Ermənistan rəhbərliyi regional əməkdaşlıq və sülh danışıqlarını davam etdirmək niyyətindədir. Bununla belə, ölkədaxili müxalifətin təzyiqi, revanşist qüvvələrin mövqeyi və xarici geosiyasi təsirlər bu prosesin sürətinə və nəticələrinə təsir göstərməkdə davam edəcək. Parlament rəhbərliyinin dəyişməsi Ermənistanın xarici siyasət kursunda radikal dönüş deyil, daha çox hakimiyyətin idarəetmə modelinin yenilənməsi və yeni siyasi mərhələyə uyğun institusional hazırlıq kimi qiymətləndirilməlidir. Bu dəyişikliklərin real nəticələri isə qarşıdakı aylarda parlamentin qəbul edəcəyi qərarlar, sülh danışıqlarının dinamikası və Paşinyan hökumətinin daxili siyasi sabitliyi qorumaq imkanları ilə müəyyən olunacaq”.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR