ABŞ İrana qarşı planında uğursuz oldu - AÇIQLAMA

İran ABŞ-nin atəşkəsə dair yeni təklifindən imtina edib.
İran rəsmiləri bildiriblər ki, Tehran Hörmüz boğazına nəzarət məsələsini həll etmədən yalnız müvəqqəti razılaşma əldə olunmasında maraqlı deyil.
İran niyə ABŞ-nin atəşkəs təklifini rədd edir? Tehranın cavabı bölgədə gərginliyi artıracaqmı?
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Sfera.az-a açıqlama verib. O bildirib ki, bu gərginliyin bilavasitə həm səbəbkarı, həm də onun məsuliyyətini daşıyan Amerika Birləşmiş Ştatlarıdır:

“Çünki Amerika Birləşmiş Ştatları sözün əsl mənasında Venesuela avantürasından sonra elə bildi ki, İranda da belə yüngül şəkildə uğur əldə edəcək, İran neftini, İranın nüvə sənayesinin bütün açarlarını əlinə keçirəcək və ondan sonra həm Rusiyanın, həm də Çinin qarşısında çox güclü mövqedən çıxış edə biləcək. Ancaq İran tərəfi bu məsələnin, demək olar ki, üstündən xətt çəkdi. Bəllidir ki, İran üçün əsas məsələ öz suveren hüquqlarından və suveren siyasətindən geri çəkilməməkdir. Bu mövqeyi həm hakimiyyət orqanları, həm siyasi elita, həm də xalq bölüşür. Gördünüz ki, hamı bir yerdə idi. Xameneinin vida mərasimi və sonradan yola salınması da göstərdi ki, bəli, İran xalqının əksəriyyəti, hər halda təxminən 45 milyonluq bir kütlə bu hökumətin arxasında dayanır. Onlar üçün İranın ərazi bütövlüyü prinsipial məsələdir və bundan heç vaxt geri çəkilməyəcəklər”.
Ekspert İranın Amerikanın təklifini niyə rədd etdiyini də açıqladı:
“Əgər onlar iki dəfə , yəni 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında danışıqlar apara-apara İrana hücum etdilərsə, özü də çox həyasızcasına, çox vəhşicəsinə və bütün dünya qarşısında insanlıq prinsiplərini inkar edərək, təbii ki, İran artıq onlara inanmır. İran başa düşür ki, məqsəd əvvəlcə onu aldatmaq, sonra lazım gəldikdə atəşkəs elan edib öz güclərini bərpa etmək, raket potensialını yenidən toplamaq və daha sonra yenidən hücum edərək İranı daxildən çökdürməkdir. İran bunu anlayır. Ona görə də öz tədarüklərini əvvəlcədən görmüşdü. Ümumiyyətlə, bəzi ekspertlər və təhlilçilər deyirlər ki, İran düzgün hərəkət etmir, guya qonşu ölkələri vurur və sair. Amma burada bir məsələ var: İrana təcavüz edilib. Bu artıq onu göstərir ki, Amerika, İsrail və onların arxasında duran qüvvələr üçün beynəlxalq hüquq və dünya nizamı artıq heç bir əhəmiyyət daşımır. Onlar bu nizamı özləri dağıdıblar. Digər tərəfdən isə faktiki olaraq belə bir yanaşmanı rəsmiləşdiriblər ki, hüququ güc əvəz edir. Yəni imkanımız var, istədiyimizi edəcəyik. Bax, burada niyə İranın üstünlük qazandığı deyilir? Amerikanın öz aparıcı ekspertləri – Duqlas Makqreqor, Skot Ritter, Lari Conson və digərləri birmənalı şəkildə bildirirlər ki, Tramp və Amerika isteblişmenti bu müharibəni uduzub. Onların fikrincə, burada üç ssenari var”.
T.Abbasov birinci ssenarinin yerüstü əməliyyata başlamaqdan ibarət olduğunu qeyd edib:
“Ancaq bundan çəkinirlər. Çünki Pit Heqset nə deyirsə-desin, generallar bu variantdan ehtiyat edirlər. Onlar bilirlər ki, bu halda ABŞ çox böyük itkilərlə üzləşəcək və İran ciddi müqavimət göstərəcək. İkinci ssenari hava zərbələrini davam etdirməkdir. Üçüncü ssenari isə danışıqlardır. Hər üç ssenarinin də Amerika üçün müsbət sonluq vəd etmədiyi bildirilir. Bunu təkcə mən demirəm. Həm Amerikanın, həm də digər ölkələrin təhlilçiləri bunu birmənalı şəkildə qeyd edirlər. Məhz buna görə İran artıq onlara etibar etmir. Digər tərəfdən, İranın guya qonşuları vurması məsələsinə gəlincə, İran qonşuları vurmur. O, qonşu ölkələrin ərazisində yerləşən Amerika hərbi obyektlərini hədəfə aldığını bildirir. İranın rəsmi mövqeyi də bundan ibarətdir ki, Amerika bu bölgədən çıxmalıdır. Əgər siz deyirdinizsə ki, Körfəz ölkələrinin təhlükəsizliyinin qarantısınız, bəs necə olur ki, İsrailin təhlükəsizliyinin qarantı kimi çıxış edirsiniz, amma ərəb ölkələrinin təhlükəsizliyini eyni səviyyədə təmin etmirsiniz? Niyə onların vəsaitindən istifadə edir, etimadından faydalanırsınız, amma lazım gələndə onların yanında olmursunuz? Artıq görürsünüz ki, Küveytdə vəziyyət xeyli gərginləşib. Milli qüvvələr çıxış edərək Amerikanın ölkədən çıxmasını tələb edir və İranla münasibətlərin qorunmasının vacibliyini bildirirlər. Oxşar mövqeni Qətərdə də bir sıra qüvvələr bölüşür. Birləşmiş Ərəb Əmirlikləri isə fərqli yol tutur. Onlar İsraillə daha yaxın münasibətlər qurublar. Eyni sözləri müəyyən mənada Səudiyyə Ərəbistanı haqqında da demək olar. Yəni bölgədə hamı öz mövqeyini müəyyənləşdirməyə çalışır".
Politoloqun sözlərinə görə, əgər bölgənin yeni təhlükəsizlik arxitekturası qurulacaqsa, burada əsas söz sahibi yalnız bölgə ölkələri olmalıdır:
"İran da məhz bunu deyir: bu məsələləri özümüz həll etməliyik. Necə ki, Qafqazda Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 formatı yaranmışdı. Onun əsas məqsədi ondan ibarətdir ki, bölgənin daxilində və ətrafında olan problemləri həmin altı ölkə kənar müdaxilə olmadan özü həll etsin. Bu, həm Qafqaz, həm də Körfəz bölgəsi üçün sağlam yanaşmadır. Çünki nə Azərbaycana, nə Gürcüstana, nə də Türkiyəyə Körfəzdə gərginliyin davam etməsi sərf edir. Bu, bizim bilavasitə yaxınlığımızdır və burada çox təhlükəli hadisələr baş verir. Amerika Birləşmiş Ştatlarının “İranı daş dövrünə qaytaracağıq”, “onların sivilizasiyasını məhv edəcəyik” kimi bəyanatları isə tamamilə əsassız və cəfəng fikirlərdir. Hətta bu cür fikirləri səsləndirənlərin dayaz düşüncəyə malik olduqlarını göstərir. Axı biz Nuh əyyamında yaşamırıq.
Tamamilə başqa dövrdəyik. İnsanlar gələcəyi realist yanaşma ilə qurmaq istəyirlər. Qarşıda sosial problemlər, dünya iqtisadiyyatının inkişafı, süni intellekt, rəqəmsallaşma kimi mühüm proseslər var. Bütün bunlardan dinc məqsədlər üçün istifadə olunmalıdır. Amerika və İsrail isə bu üstünlüklərdən daha çox hərbi məqsədlər üçün istifadə edirlər. Bu isə, əlbəttə ki, yolverilməzdir. Azərbaycan isə bütün bu məsələlərdə sağlam və balanslı mövqe tutur. Təsadüfi deyil ki, bu yaxınlarda Fələstin Muxtariyyətinin Baş naziri Azərbaycana səfər etdi və Prezident İlham Əliyevlə görüşdü. Bu, Azərbaycanın yenə də sülh tərəfdarı olduğunu göstərir. Biz İsraillə müttəfiq münasibətlərimizi gizlətmirik, eyni zamanda Fələstinlə də əlaqələrimizi inkişaf etdiririk. Necə ki, Rusiya ilə Ukrayna arasında müharibə getsə də, Azərbaycan həm Moskva, həm də Kiyevlə münasibətlərini qoruyub saxlayır. Eləcə də İran və İsrail məsələsində Azərbaycan həm Təl-Əviv, həm də Tehranla əlaqələrini davam etdirir. Bu, ən sağlam, balanslı və harmoniyaya əsaslanan xarici siyasət mexanizmidir və onun dəyərini bilmək lazımdır”.
Bəsti Rəfizadə
Sfera.az





