Tramp yenidən prezidentliyə namizəd olacaq

ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkilərində yenidən namizəd olacağını bəyan edib.
Sfera.az xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) təşkil etdiyi ənənəvi tədbirdə çıxışı zamanı danışıb.
İlk dəfə aprelin 25-də keçirilən, lakin silahlı insident səbəbindən yarımçıq qalan tədbirin bugünkü proqramına qatılan Tramp çıxışının sonunda yenidən prezidentliyə namizədliyi ilə bağlı açıqlama verib.
ABŞ lideri bildirib ki, prezident seçkilərində bir daha iştirak etmək niyyətindədir və bununla bağlı rəsmi addım atacaq.
“ABŞ prezidentliyinə bir daha namizəd olmağı planlaşdırıram. Rəsmi addım atacağam. Əslində, düşünürəm ki, bunu artıq etmişəm. Mən üç dəfə qalib gəlmişəm və bunu yenidən edəcəyəm”, - deyə Tramp vurğulayıb.
O, açıqlamasına zarafatla başlayaraq bunun media nümayəndələri üçün xüsusi xəbər olduğunu bildirib və “Mətbuata nə qədər önəm verdiyimi göstərmək və reytinqlərinizi xilas etmək üçün bu elanı verməkdən məmnunam”, - ifadələrini işlədib.
Tramp çıxışında yenidən prezident seçilməsinin və seçki yarışında qalib gəlməsinin onun üçün çətin olmayacağını da iddia edib.
“Bu işi idarə etməkdə çox yaxşıyam”, - deyə o əlavə edib.
Çıxışı zamanı Tramp seçki kampaniyalarında istifadə etdiyi qırmızı rəngli papağı cibindən çıxararaq başına taxıb. Papağın üzərində “TRUMP 2028” yazısının olduğu diqqət çəkib. Bu açıqlamadan sonra jurnalistlərlə dolu zalda qısa müddətlik sükut yaranıb.
Bəsti Rəfizadə





