Vens Tramp-Netanyahu görüşünü əngəlləyir - İDDİA

Vens Tramp-Netanyahu görüşünü əngəlləyir - İDDİA
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında planlaşdırılan görüş ətrafında yeni iddialar gündəmə gəlib.

Sfera.az xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti yüksək vəzifəli israilli rəsmilərə istinadən məlumat yayıb.


İddiaya görə, Ceyms Devid Vensin komandası Netanyahunun İran məsələsində daha sərt mövqe tutması üçün Trampa təsir göstərə biləcəyindən narahat olub və bu səbəbdən iki lider arasında görüşün təşkilinə mane olmağa çalışıb.


Nəşrin yazdığına görə, bəzi israilli rəsmilər Tramp və Netanyahu arasında münasibətlərin ictimaiyyətə təqdim edildiyi qədər gərgin olmadığını bildiriblər. Onların sözlərinə görə, iki lider arasında müşahidə olunan fikir ayrılıqlarının bir hissəsi razılaşdırılmış siyasi oyun xarakteri daşıyır.


Mənbələrin iddiasına əsasən, Ağ Evdə Ceyms Devid Vensə yaxın şəxslər Netanyahunun Trampla görüşünü ABŞ prezidentini İran siyasətində daha sərt mövqeyə sövq etmək cəhdi kimi qiymətləndirərək buna aktiv şəkildə qarşı çıxıblar.


Xəbərdə həmçinin qeyd olunub ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun müşaviri Ariye Laytstounun Netanyahu ilə görüşərək mümkün Tramp-Netanyahu görüşünün tarixini müəyyənləşdirməsi gözlənilir.


Bildirilib ki, respublikaçı senator Lindsi Qrehemin iyulun 27-də keçiriləcək dəfn mərasiminə qatılmaq üçün ABŞ-a səfər etməyi planlaşdıran Netanyahu, Donald Trampla görüşün baş tutacağına dair təminat almadan Vaşinqtona getmək istəmir


Xatırladaq ki, Ceyms Devid Vens iyulun 16-da verdiyi açıqlamada seçki kampaniyası dövründə İsrail hökuməti tərəfindən maliyyələşdirildiyini iddia etdiyi şəxslərin ona qarşı sərt hücumlar təşkil etdiyini bildirib. O, ABŞ Prezidenti Donald Trampın müəyyən etdiyi danışıqlar strategiyasını həyata keçirməyə çalışdığı üçün tənqid olunduğunu vurğulayaraq, tənqidçilərinə “Cəhənnəmə qədər yolunuz var” ifadəsi ilə cavab verib.


Ceyms Devid Vens həmçinin İsrailin ABŞ siyasətinə təsir imkanlarının bir çox ölkədən daha güclü olduğunu qeyd edib. Onun sözlərinə görə, İsrail hakimiyyəti daxilində İranla ABŞ arasında aparılan sülh danışıqlarına qarşı çıxan şəxslər var və bununla bağlı konkret əlamətlər müşahidə olunur.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ