Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib.
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Fərhad Qurban oğlu Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil alıb. İlk peşə təhsilini 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. Daha sonra o, Stroqanov Rəssamlıq məktəbində və 1969-1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirib.
Fərhad Xəlilov 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib.
Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutub. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri - Nardaran, Buzovna, Zağulba, Maştağa, Mardakan və başqalarının mənzərələri əks olunmuş tablolar buna misal ola bilər.
Rəssamın əsərləri dəfələrlə keçmiş SSRİ ölkələrində, Avropada, həmçinin dünyanın müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilib.
Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilov 2006-cı ildə Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Şöhrət" ordeni ilə mükafatlandırılıb. 25 oktyabr 2016-cı ildə "Şərəf" ordeni ilə təltif olunub. 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin "Birliyin ulduzu" mükafatına layiq görülüb.






