Logo

Siyavuş Novruzov: “NATO standartlarına cavab verən yeni qanun qəbul etməliyik”

Siyavuş Novruzov: “NATO standartlarına cavab verən yeni qanun qəbul etməliyik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisdə hərbi xidmətlə bağlı qanun layihəsinin müzakirəsi zamanı ordunun intellektual səviyyəsinin artırılması və NATO standartlarına uyğunlaşdırılması məsələsi diqqətə çatdırılıb.

Sfera.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin iclasında bildirib ki, təqdim olunan qanun layihəsi bir sıra vacib sahələri əhatə edir və ordumuzun güclənməsinə, onun intellektual səviyyəsinin artmasına xidmət edir:

Siyavuş Novruzov: “NATO standartlarına cavab verən yeni qanun qəbul etməliyik”

“Bizim fəaliyyətimiz göstərdi ki, intellektual səviyyəsi olan ordunun gücü digər ordulardan daha yüksəkdir. İstər texnikaların idarə olunmasında, istərsə də digər məsələlərdə bu vacib şərtlərdən biridir. Bütün müharibələrin və döyüşlərin əsas aparıcı faktoru insan faktorudur. 44 günlük Vətən müharibəsində də, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında da qəhrəman Azərbaycan əsgərinin rolu əvəzolunmaz oldu. Hansı texnikadan asılı olmayaraq, ordunun əsasını insan faktoru təşkil edir. O baxımdan kadrların seçilməsi, rütbələrin artırılması və təlimlərin keçirilməsi zəruridir”.

Parlamentari ordu hissələrində çağırışçı və müqaviləli xidmət fərqinə də toxunub:

“Bizdə ordu hissələri əsasən iki hissədən ibarətdir: çağırış üzrə və müqavilə üzrə olanlar. Təklif olunan düzəlişlərdən aydın olur ki, bu dəyişikliklər əsasən çağırış üzrə xidmət edənlərə şamil olunacaq. Çünki müqavilə ilə çalışanların əməkhaqqı, gələcək vəzifə imkanları və digər şərtləri artıq müqavilələrində dəqiq göstərilir. Qanun layihəsində magistratura və doktorantura kimi təhsil formaları nəzərdə tutulur. Hesab edirəm ki, burada ordu ilə doğrudan da bağlılığı olan sahələr yer almalıdır. Məsələn, filologiyanın və ya fəlsəfənin orduda magistrinə nə ehtiyac var? Orada fəlsəfə dərsi deyəcəklər, yoxsa şeir oxuyacaqlar? Orduda texnikanın istifadəsi və gələcək fəaliyyət üçün riyaziyyat, fizika, kimya, coğrafiya kimi konkret sahələr vacibdir”.

Çıxışının sonunda deputat hərbi sahədə tamamilə yeni qanunun qəbul edilməsi təklifini irəli sürüb:

“Biz hər iclasda əlavə və dəyişikliklər edirik. Hesab edirəm ki, Zəfərdən sonra hərbi xidmət keçmək haqqında əsasnamə və hərbi vəzifə haqqında tamamilə yeni qanun layihəsi hazırlanmalıdır. Biz ordumuzu NATO standartlarına uyğunlaşdırırıqsa, onun nizamnaməsi də, hərbi xidmət keçmək haqqında əsasnaməsi də, qanunları də o standartlara cavab verməlidir.”

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR