Fransa və İran arasında gərginlik artacaq - AÇIQLAMA

Fransa və İran arasında gərginlik artacaq - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İranın xüsusi xidmət orqanları Fransa səfirliyinin iki əməkdaşını saxlayıb. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, diplomatlar heç bir əsas olmadan bir neçə saat saxlanılıb, dindirilib və bir halda fiziki zorakılıq tətbiq edildikdən sonra buraxılıblar. Nazir bildirib ki, baş verənlər bir "qorxutmaq aktı" və "diplomatik immunitetin pozulması"dır.


Bu hadisə iki ölkə arasında siyasi və diplomatik münasibətlərə necə təsir göstərə bilər? Gərginlik artacaqmı?


Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib. O bildirib ki, bəzən dövlətlər arasında bu kimi diplomatik qalmaqalların baş verir və dövlətlər ikitərəfli münasibətləri qorumaq üçün bu cür məsələləri böyütməməyə çalışırlar:


“Lakin Fransa ilə İran arasında baş verən bu qalmaqal artıq mətbuatın gündəminə çıxıb. Fransa ilə İranın münasibətləri bundan əvvəl də yaxşı deyildi. İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda Avropanı təmsil edən ölkələrdən biri də Fransa idi. Həmin danışıqlar uğursuzluqla nəticələndi və BMT-nin sanksiyaları yenidən tətbiq olundu. Yəni onsuz da Fransa ilə İranın münasibətləri o qədər də yüksək səviyyədə deyildi. Bu hadisədən sonra isə təbii ki, münasibətlər bir qədər də pisləşəcək və çox güman ki, Fransa qarşılıqlı addımlar atmağa çalışacaq. Yəni İran səfirliyinin eyni sayda əməkdaşı oxşar addımlarla üzləşə bilər”.


Politoloq Fransa və İran münasibətlərində gərginliyin artacağını vurğulayıb:


“Belə ki, müəyyən məsələlərdə onların saxlanılması və ya həbs olunması ehtimalı istisna edilmir. Çünki diplomatik münasibətlərdə dövlətlər qarşılıqlılıq prinsipini həmişə qorumağa çalışırlar. Burada söhbət dövlətin nüfuzundan gedir. Bu səbəbdən də Fransa-İran münasibətlərində gərginliyin artacağı gözlənilir. Fransa İran diplomatlarına qarşı da eyni xarakterli addımlar ata bilər. Onların bir hissəsini, hətta say baxımından daha çoxunu belə, həbs edə bilər. Bununla da Fransa həm ictimai rəyi sakitləşdirməyə, həm də öz nüfuzunu qorumağa cəhd göstərəcək”.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ