Berlin və Brüsseldən Endi Börnemə çağırış: "Birlikdə daha güclüyük"

Berlin və Brüsseldən Endi Börnemə çağırış: "Birlikdə daha güclüyük"
Kateqoriya məlum deyil
T

Avropa liderləri Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemi vəzifəyə təyin olunması münasibətilə təbrik ediblər. Onu ilk xarici səfərə dəvət edən ölkə isə Almaniya olub.

Sfera.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Avropa Şurasının sədri Antonio Koşta yeni Britaniya Baş naziri ilə əməkdaşlığın daha da dərinləşdirilməsini səbirsizliklə gözlədiyini bildirib.

“Vətəndaşlarımızın və biznesimizin rifahı naminə əməkdaşlığımızı davam etdirmək istəyirik. Böyük Britaniya və Avropa İttifaqı birlikdə daha güclüdür”, – deyə Koşta qeyd edib.

İrlandiyanın Baş naziri Mişel Martin də Endi Börnemlə Böyük Britaniya, İrlandiya və Avropa İttifaqı arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əməkdaşlığa ümid etdiyini bildirib. O, Börnemin Böyük Mançesterin meri olduğu dövrdə də əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəal mövqe nümayiş etdirdiyini vurğulayıb.

Almaniya kansleri Fridrix Merts isə “Böyük Britaniya və Almaniya yaxın müttəfiq və tərəfdaşdır” deyərək, Endi Börnemi yaxın vaxtlarda Berlini ziyarət etməyə dəvət edib. O bildirib ki, səfər zamanı qarşıda duran əsas çağırışlar müzakirə olunacaq.

Bundan əvvəl vəzifəsini tərk edən Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumət rəhbəri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və hakimiyyəti Endi Börnemə təhvil verməzdən əvvəl son müraciətini edib.

Starmer baş nazir postunda çalışmağın onun üçün böyük şərəf olduğunu bildirib və ölkəni iki il əvvəllə müqayisədə daha güclü vəziyyətdə təhvil verdiyinə inandığını deyib.

Onun sözlərinə görə, hökuməti dövründə uşaqlar arasında yoxsulluğun azaldılması, miqrasiyanın səviyyəsinin aşağı salınması, Böyük Britaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atılıb.

Sabiq baş nazir yeni hökumət başçısı Endi Börnemə uğurlar arzulayıb.

İnci

Sfera.az

PAYLAŞ