"ABŞ uzunmüddətli müharibəyə hazır deyil" - ŞƏRH

ABŞ-nin İraqda bir hərbçisini itirməsi Vaşinqtonda ciddi hərbi müzakirələrə səbəb olub.
İddialara görə, Ağ Ev artıq İrana qarşı daha genişmiqyaslı əməliyyat ssenarilərini nəzərdən keçirir.
Region yeni silahlı münaqişənin astanasındadır, yoxsa bu, Tehrana təzyiqi artırmaq üçün növbəti siyasi mesajdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, ABŞ hərbçisinin həlak olması Vaşinqton üçün təkcə hərbi itki deyil, həm də siyasi və strateji qərarların yenidən nəzərdən keçirilməsinə səbəb olan mühüm hadisədir.
Onun sözlərinə görə, ABŞ administrasiyası üçün hərbçilərin təhlükəsizliyi daxili siyasətdə həssas məsələ hesab olunur və belə hallarda cavab tədbirlərinin gündəmə gəlməsi gözləniləndir:

“Son məlumatlar Ağ Evdə İrana qarşı daha genişmiqyaslı əməliyyat variantlarının müzakirə olunduğunu göstərsə də, bunun avtomatik şəkildə tammiqyaslı müharibə qərarı kimi qiymətləndirilməsi hələ tezdir. Hazırkı mərhələdə Vaşinqtonun əsas məqsədi Tehranın hərbi imkanlarını zəiflətmək, bölgədəki ABŞ qüvvələrinə qarşı hücumların qarşısını almaq və çəkindiricilik effektini qorumaqdır. ABŞ üçün açıq və uzunmüddətli quru müharibəsi həm yüksək iqtisadi xərc, həm də ciddi siyasi risklər yaradır. Buna görə də daha çox dəqiq zərbələr, strateji obyektlərin hədəfə alınması və diplomatik təzyiqin paralel şəkildə davam etdirilməsi ehtimalı daha yüksək görünür. ABŞ rəsmiləri hərbi əməliyyatları davam etdirsələr də, diplomatik kanalların tam bağlanmadığını da vurğulayırlar”.
Politoloq qeyd edib ki, regionda eskalasiyanın nəzarətdən çıxması riski də artır:
“İranın ABŞ bazalarına və regional müttəfiqlərə qarşı cavab zərbələri, Hörmüz boğazında təhlükəsizlik problemləri və enerji marşrutlarına yönələn təhdidlər qarşıdurmanın tədricən daha geniş coğrafiyaya yayılması ehtimalını gücləndirir. Belə ssenari yalnız ABŞ və İran üçün deyil, bütün Yaxın Şərq, qlobal enerji bazarı və beynəlxalq ticarət üçün ciddi nəticələr doğura bilər. Mövcud vəziyyəti qiymətləndirərkən demək olar ki, tərəflər artıq yüksək intensivlikli qarşıdurma mərhələsinə daxil olublar. Lakin bunun klassik mənada tammiqyaslı ABŞ-İran müharibəsinə çevrilməsi hələ qaçılmaz deyil. Hər iki tərəf hərbi təzyiqi maksimum səviyyədə saxlayaraq qarşı tərəfi güzəştə məcbur etməyə çalışır. Qarşıdakı günlərdə veriləcək siyasi qərarlar və mümkün diplomatik təşəbbüslər regionun yeni genişmiqyaslı münaqişəyə sürüklənib-sürüklənməyəcəyini müəyyən edən əsas amil olacaq”.
Firuzə Əliyeva
Sfera.az
