Böyük Britaniyanın baş naziri Endi Börnham olacaq

Böyük Britaniyanın baş naziri Endi Börnham olacaq
Kateqoriya məlum deyil
T

Böyük Britaniyada hakim Əmək Partiyasının yeni lideri müəyyənləşib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin sabiq Mançester meri Endi Börnham (Andy Burnham) Əmək Partiyasının yeni sədri seçilib.

Partiyanın parlamentdə çoxluğa malik olması səbəbindən onun iyulun 20-də hazırkı Baş nazir Kir Starmerdən (Keir Starmer) vəzifəni təhvil alaraq ölkənin yeni hökumət başçısı olacağı gözlənilir.

Məlumata görə, iyulun 17-də keçirilən prosesdə Əmək Partiyası 56 yaşlı təcrübəli siyasətçinin liderliyini rəsmən təsdiqləyib. Beləliklə, Börnham son 10 ildə Böyük Britaniyanın yeddinci baş naziri olacaq.

Diqqətçəkən məqamlardan biri də odur ki, Endi Börnham parlamentə qayıtdıqdan cəmi dörd həftə sonra baş nazir vəzifəsini icra etməyə başlayacaq.

Parlamentdə böyük üstünlüyə malik olan Əmək Partiyasının liderlik yarışında yeganə namizəd məhz Börnham olub. Bu səbəbdən onun partiya sədri seçilməsi formal prosedur kimi qiymətləndirilib.

Endi Börnham daha əvvəl ardıcıl üç dəfə Mançester meri seçilərək bu vəzifəni icra edib. Məhz bu uğurlarına görə o, ictimaiyyət arasında “Şimalın Kralı” ləqəbi ilə tanınır.

Qeyd edək ki, Börnham bundan əvvəl üç dəfə Əmək Partiyasının lideri olmaq üçün mübarizə aparıb. O, 2010-cu ildə Ed Milibanda, 2015-ci ildə isə Ceremi Korbinə məğlub olmuşdu. Bu dəfə isə yeganə namizəd kimi partiyanın lideri seçilərək baş nazirliyə gedən yolu açıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ