Kreml Türkiyədəki "S-400" iddialarına cavab verdi

Kreml Türkiyənin Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərini Körfəz ölkələrindən birinə satacağı ilə bağlı yayılan məlumatları şərh edib.
Sfera.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələnin son dərəcə həssas olduğunu bildirib.
Onun sözlərinə görə, Moskva bu mövzu ilə bağlı Ankara ilə təmasdadır və danışıqlar davam etdiriləcək.
“Bu mövzu son dərəcə həssas sahəyə aiddir. Türkiyə tərəfi ilə bu məsələ üzrə təmaslarımız olub və bundan sonra da davam edəcək”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Türkiyənin hakimiyyətə yaxın “Hürriyet” qəzeti Rusiyadan alınmış “S-400” sistemlərinin Körfəz ölkələrindən birinə satıldığını və bununla bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyini yazıb. Məlumata görə, Ankara bu addımla ABŞ-nin tətbiq etdiyi CAATSA sanksiyalarından çıxmaq və yenidən “F-35” qırıcılarının istehsal proqramına qayıtmaq üçün hüquqi həll yolu axtarır.
Digər türk nəşri “Oksijen” isə “S-400” sistemlərinin ehtimal olunan alıcısının Birləşmiş Ərəb Əmirlikləri olduğunu iddia edib.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan ümumi dəyəri 2,5 milyard dollar olan 4 divizion “S-400” zenit-raket kompleksi alıb. Tədarük prosesi 2019-cu ildə tamamlanıb. Ankara ilə Moskva arasında bu müqavilə imzalandıqdan sonra ABŞ Türkiyəni “F-35” qırıcılarının istehsal proqramından çıxarıb.
Bəsti Rəfizadə
