Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib.
Nazirlikdən Sfera.az-a bildirilib ki, səfər çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov da iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Səfər çərçivəsində Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Quvanc Ağacanovla görüşüb.
Görüşdə hər iki ölkənin zəngin enerji potensialının və təbii resurslarının iqtisadi tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də birgə enerji layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
