Ukraynaya yardım edən ölkələr geri çəkiləcək? - AÇIQLAMA

“Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Qərb tərəfindən verilən silahları Fars körfəzi ölkələrinə satıb. Medvedçuk qeyd edib ki, martın sonunda Zelenski Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniyaya səfər edib, bu ölkələrlə hərbi əməkdaşlıq barədə razılıqlar əldə olunub.
Səfər zamanı Səudiyyə Ərəbistanı və Qətərlə müdafiə sahəsində müqavilələr imzalanıb. Bu iddialar nə dərəcə realdır? Əgər doğrudursa, Ukraynaya yardım edən ölkələr yardımı dayandıracaqmı? Bu müharibənin taleyinə birbaşa təsir edəcəkmi?
Sfera.az-a bu haqda açıqlama verən sabiq deputat, politoloq Elşad Mirbəşiroğlunun sözlərinə əsasən, Medveçukun dediklərində həqiqət var:

“Bu sirr deyil, Vladimir Zelenski Fars körfəzi ölkələrinə səfər etdi. Yəni bir neçə günlük səfərlər oldu. Bu Səudiyyə Ərəbistanı idi, Birləşmiş Ərəb Əmirlikləri idi, Qətər idi. Hər üç ölkə ilə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında razılaşmalar imzalandı. Ondan qabaq da biz Zelenskinin dilindən və yaxud da onun komanda üzvlərinin dilindən eşidirdik ki, Zelenski hava hücumundan müdafiə sahəsində təcrübəsini Fars körfəzi ölkələri ilə bölüşə bilər, eyni zamanda dron tədarükünü həyata keçirə bilər. Yəni Zelenski bunu açıq ifadə edirdi və o, bu səfərdən sonra bildirmişdi ki, Fars körfəzi ölkələri ilə onilliklər, daha doğrusu uzun illər boyunca hərbi sahədə, təhlükəsizlik sahəsində əməkdaşlıq davam edəcəkdir. Yəni bir sıra sahələrdə razılaşmalar əldə olunub”.
Ekspert silahların Fars ölkələrinə satılması məsələsinə toxunaraq, bunun real olmadığını bildirib:
“Zelenski Qərbdən tam asılı vəziyyətdədir. Yəni o Qərb ölkələrinin liderlərinin xeyir-duası olmadan nə Fars körfəzi ölkələri ilə hərbi əməkdaşlığa gedə bilər, nə də onlara silah tədarükünü həyata keçirə bilər. Çox güman ki, Zelenski bütün addımlarını Qərbin təlimatları altında atmaqdadır. Bu bir reallıqdır. Amma eyni zamanda da, nformasiya mənbələrində, hətta Qərbin də informasiya mənbələrində Ukraynaya verilən silahların və edilən yardımların aqibəti ilə bağlı şübhələr səsləndirilib. Korrupsiya hallarının baş verdiyi haqqında fikirlər səsləndirilib. Təbii ki, bütün bunlar Qərblə Ukraynanın öz arasında olan münasibətlərdir. Yəni Ukraynanın gizli şəkildə harasa silah satması ehtimalları hesab edirəm ki, Qərbin özü tərəfindən araşdırıla bilər. Amma bütün hallarda, Ukrayna Qərbdəki tərəfdaşlarının iradəsi olmadan hər hansı bir addımı atmaz.
Çünki bu gün Ukraynanın özü Qərbin Ukraynaya silah tədarükünə çox böyük ehtiyac duymaqdadır. Amerika Birləşmiş Ştatları isə Donald Tramp administrasiyası formalaşdıqdan sonra əvvəlki kimi Ukraynaya hərbi-texniki sahədə dəstək olmur. Amma burada bir versiyanı da nəzərdən keçirmək olar ki, Qərb ölkələri, ola bilsin ki, Ukrayna vasitəsilə Fars körfəzi ölkələrinə hərbi yardım edə bilər. Yəni əlavə geosiyasi gərginlik yaratmamaq üçün. Amma bütün bunlar sözsüz ki, versiyalardır. Hələlik Zelenski sadəcə olaraq dediyim kimi üç ölkəyə, Fars körfəzi ölkələrinə səfər edib, hərbi və təhlükəsizlik, müdafiə və təhlükəsizlik sahəsində ilkin anlaşmalar imzalayıb”.
Bəsti Rəfizadə
Sfera.az
