Müharibənin astanasında: hansı ölkələr risk altındadır?

Yaxın Şərqdə İran-İsrail-ABŞ xəttində başlayan hərbi qarşıdurma regionda onsuz da kövrək olan təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb. Qarşılıqlı hava zərbələri, raket hücumları və pilotsuz uçuş aparatlarının tətbiqi münaqişəni lokal çərçivədən çıxararaq daha geniş coğrafiyaya yayılma riski yaradıb.
Proksi qüvvələrin aktivləşməsi və region ölkələrinin prosesə dolayı şəkildə cəlb olunması isə təhlükə xəritəsini daha da böyüdür.
Belə bir şəraitdə əsas sual aktuallaşır: müharibə kontekstində risk siyahısında olan ölkələr hansılardır və zərbə təhlükəsi hansı səviyyədədir?
Sfera.az bildirir ki, risklər artıq nəzəri deyil. Son günlər İran tərəfindən regionda bir neçə ölkəyə yönəlmiş zərbələr təhlükənin coğrafiyasını genişləndirib.
Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya və Bəhreyn ərazilərində qeydə alınan hücumlar və ya hava məkanına müdaxilələr göstərir ki, Tehran cavab strategiyasında yalnız birbaşa cəbhə xəttini hədəf seçmir. Bu ölkələrin əksəriyyətində ABŞ hərbi bazalarının yerləşməsi və ya İsraillə təhlükəsizlik əməkdaşlığı faktoru riskləri artırır.
Hazırkı qarşıdurmanın mərkəzində dayanan İsrail və İran isə qarşılıqlı şəkildə bir-birinin hərbi və strateji infrastrukturunu hədəf alır. İranın raket və PUA arsenalı İsrail şəhərləri üçün təhlükə yaradırsa, İsrailin yüksək dəqiqlikli hava zərbələri İranın hərbi obyektlərini prioritet seçir.
Bu qarşılıqlı hücumlar region ölkələrini seçim qarşısında qoyur: ya neytral qalmaq, ya da tərəf tutaraq potensial hədəfə çevrilmək. Risk zonasına daxil olan digər ölkələr də var. İraq ərazisində yerləşən ABŞ hərbi kontingenti və İranla sərhəd yaxınlığı səbəbindən mümkün cavab zərbələrinin istiqamətlərindən biri kimi qiymətləndirilir. Suria isə artıq illərdir İsrail-İran qarşıdurmasının dolayı toqquşma meydanıdır və burada zərbələrin intensivləşməsi istisna edilmir.
Eyni zamanda Livan də yüksək risk qrupundadır. Bu ölkə ərazisindən İsrailə qarşı mümkün hücumlar və ya cavab əməliyyatları genişmiqyaslı eskalasiyaya səbəb ola bilər. Yəmən isə Qırmızı dəniz hövzəsində strateji gəmiçilik marşrutlarına təsir imkanına görə diqqət mərkəzindədir. İranın son zərbələri göstərir ki, hədəflər yalnız birbaşa müharibə tərəfləri ilə məhdudlaşmır. ABŞ hərbi obyektlərinin yerləşdiyi və ya İsraillə təhlükəsizlik koordinasiyası aparan istənilən ölkə potensial risk zonasına düşə bilər. Bu baxımdan Körfəz ölkələri üçün təhlükə səviyyəsi artan xətt üzrə dəyişir. Münaqişənin genişlənməsi halında qlobal aktorların da prosesə daha açıq şəkildə cəlb olunması mümkündür.
ABŞ artıq birbaşa tərəf kimi iştirak edir və regiondakı bazaları risk altındadır. Rusiya və Türkiyə isə geosiyasi balans baxımından prosesləri diqqətlə izləyən və potensial təsir imkanlarına malik ölkələrdir. ABŞ-nin hərbi bazaları təkcə Yaxın Şərqlə məhdudlaşmır. Türkiyənin İncirlik aviabazası NATO çərçivəsində mühüm strateji obyekt sayılır. Almaniyanın Ramştayn bazası ABŞ-nin Avropadakı əsas hərbi mərkəzidir.
Yaponiya və Cənubi Koreyada ABŞ-nin Asiya-Sakit okean bölgəsində böyük hərbi kontingenti yerləşir. Hazırkı münaqişə birbaşa bu ölkələrə yayılmasa da, genişmiqyaslı eskalasiya halında qlobal hərbi infrastruktur da nəzəri risk altına düşə bilər. Zərbə təhlükəsi yalnız hərbi obyektlərlə məhdudlaşmır. Enerji infrastrukturu, neft terminalları, hava limanları və dəniz limanları da prioritet hədəflər sırasındadır. Körfəz regionunda hər hansı enerji obyektinə hücum qlobal neft bazarında kəskin qiymət sıçrayışına səbəb ola bilər.
Azərbaycan birbaşa hədəf ölkələr siyahısında görünməsə də, regiondakı eskalasiya enerji bazarları və nəqliyyat marşrutları vasitəsilə dolayısı təsirlər yarada bilər. Xüsusilə hava məkanlarının bağlanması və alternativ marşrutların formalaşması regional logistikanı dəyişdirə bilər. Hazırkı mənzərə onu göstərir ki, İran-İsrail-ABŞ qarşıdurması artıq yalnız iki və ya üç ölkə arasında hərbi toqquşma deyil. Son zərbələr fonunda risk xəritəsi real şəkildə genişlənib və ABŞ hərbi mövcudluğu olan, eləcə də İsraillə təhlükəsizlik əməkdaşlığı aparan ölkələr potensial hədəf kimi qiymətləndirilir. Region yeni və daha təhlükəli mərhələyə daxil olub. Risk xəritəsi genişlənir və hər yeni hərbi addım bu siyahıya yeni ölkələrin əlavə olunması ehtimalını artırır.
Firuzə Əliyeva
Sfera.az
