Almaniya-Rusiya münasibətləri gərginləşir: Nələr gözlənilir?

Almaniya-Rusiya münasibətləri gərginləşir: Nələr gözlənilir?
Kateqoriya məlum deyil
T

Almaniya ilə Rusiya arasında onsuz da gərgin olan münasibətlərdə qarşıdurmanın daha da dərinləşməsi ehtimalı artır.

Berlinin Moskva ilə bağlı sərt siyasi kursunu davam etdirməkdə israrlı olması, Rusiyanın isə buna qarşı diplomatik və siyasi addımlar atması tərəflər arasında fikir ayrılıqlarını daha da kəskinləşdirir. Almaniya kansleri Fridrix Mertsin Rusiyaya qarşı mövcud siyasətin dəyişdirilməyəcəyini açıqlaması da münasibətlərin yaxın perspektivdə normallaşacağı ilə bağlı gözləntiləri zəiflədir.


Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Berlinin siyasətini tənqid edərək ikitərəfli münasibətlərin pisləşməsinə görə Almaniya hakimiyyətini məsuliyyət daşımaqda ittiham edib.

Bəs Mertsin bu açıqlaması Almaniya-Rusiya münasibətlərində yeni qarşıdurma mərhələsinin başlanğıcı sayıla bilərmi? Berlinin sərt ritorikası Moskvanın hansı cavab addımlarına səbəb ola bilər? Tərəflər arasında gərginlik daha da artacaqmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, Fridrix Mertsin Rusiyaya münasibətdə mövcud kursdan geri çəkilməyəcəyini bəyan etməsi Almaniya-Rusiya münasibətlərində gərginliyin daha sistemli xarakter aldığını göstərir.

Onun sözlərinə görə, rəsmi Berlin Rusiyanı təkcə Ukrayna müharibəsi kontekstində deyil, Almaniyanın öz təhlükəsizliyinə yönələn hibrid təhdidlərin mənbəyi kimi təqdim etməyə başlayıb:

“Leipzig/Halle hava limanındakı insidentdən sonra Almaniya Rusiya konsulluğunun və “Russian House”un bağlanması, Rusiya vətəndaşları üçün giriş nəzarətinin sərtləşdirilməsi və Aİ çərçivəsində əlavə sanksiyalar təşəbbüsü kimi konkret addımlar elan edib. Mertsin Rusiyaya qarşı mövqeyindən geri çəkilməyəcəyini vurğulaması göstərir ki, hətta Almaniya daxilində bu siyasətlə bağlı mübahisələrin artması Berlinin hazırkı xəttini dəyişdirməyəcək”.

Politoloq qeyd edib ki, rəsmi Moskvanın cavabı da artıq yalnız ritorika səviyyəsində deyil:

“Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verilmiş razılığı geri götürüb və ölkədəki Goethe-Institut mərkəzlərinin fəaliyyətinin dayandırılmasını tələb edib. Rusiya XİN bunun Berlinin addımlarına birbaşa cavab olduğunu bildirərək münasibətlərin pisləşməsinə görə Almaniya hökumətini məsuliyyətli sayıb. Bundan sonrakı mərhələdə diplomatik nümayəndəliklərin daha da məhdudlaşdırılması, iqtisadi və siyasi cavab tədbirləri, eləcə də informasiya və digər hibrid müstəvilərdə qarşıdurmanın güclənməsi mümkündür.

Bununla belə, hər iki tərəfin NATO ilə Rusiya arasında birbaşa hərbi eskalasiyanın doğura biləcəyi riskləri nəzərə alaraq qarşıdurmanı müəyyən sərhədlər daxilində saxlamağa çalışacağını gözləmək olar”. Ü.Zülfiqar qeyd edib ki, bu səbəbdən hazırkı vəziyyəti Almaniya-Rusiya münasibətlərində tamamilə yeni qarşıdurmanın başlanğıcından daha çox, mövcud qarşıdurmanın daha sərt mərhələyə keçməsi kimi qiymətləndirmək doğru olar: “Almaniya təhlükəsizlik siyasətini, Ukraynaya dəstəyi və NATO daxilində Rusiyanın çəkindirilməsini vahid strategiyanın elementləri kimi görür; Rusiya isə Almaniyanın bu xəttini ikitərəfli münasibətlərin dağıdılmasına yönəlmiş siyasət kimi təqdim edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun son hadisələrlə bağlı ritorikanı hətta “real müharibənin başlanğıcı” kimi xarakterizə etməsi tərəflər arasındakı siyasi dilin nə qədər sərtləşdiyini göstərir. Yaxın perspektivdə münasibətlərin normallaşmasından çox, qarşılıqlı diplomatik məhdudiyyətlərin, sanksiya təzyiqinin və təhlükəsizlik sahəsində qarşıdurmanın artması daha real ssenari ola bilər”.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR