Putin Paşinyanı fikrindən döndərə biləcək? - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Moskvaya gözlənilən səfərində İrəvanın gələcək xarici siyasət kursu əsas müzakirə mövzularından biri olacaq.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putin və Paşinyan Ermənistanın inkişaf istiqamətini, o cümlədən Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı ilə bağlı seçimini müzakirə edəcəklər.
Maraqlıdır, Putin Paşinyanın xarici siyasətində dəyişiklik edə biləcəkmi?
Bu haqda Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, hazırda Rusiya-Ermənistan münasibətləri 2018-ci ildən gərginləşən siyasi-iqtisadi münasibətlərin ən pik nöqtəsinə çatmaqdadır:

“Çünki hər iki tərəf hiss edir ki, siyasi-iqtisadi proseslər qərar vermək mərhələsinə daxil olub və bir qərar qəbul etmək lazımdır. Ona görə də Putin israrla Ermənistandan referendum tələb edir. Paşinyan isə müxtəlif səbəblərlə bu prosesdən yayınmağa çalışır. Ancaq biz nəzərə alsaq ki, son bir neçə açıqlama Rusiyanın Ermənistanla bağlı artıq özü-özlüyündə qərar verdiyinə işarədir, o zaman belə bir nəticəyə gələ bilərik ki, Rusiya Ermənistan siyasətində müəyyən korrektələr edib. Yəni Ermənistanın qəbul edəcəyi qərarlara hərbi-siyasi müdaxilə yox, siyasi-iqtisadi müdaxilə etmək niyyətindədir”.
Deputat bütün problemlərin yalnız danışıqlar yolu ilə həll olunacağını bildirib:
“Ona görə Paşinyan Moskvaya dəvət edildi və Rusiyanı ən çox narahat edən TRIPP marşrutu və Ermənistandakı 102-ci bazanın taleyi, görünür, bu dəfə danışıqlar əsasında razılaşdırılacaq. Və Rusiya imperiyası Cənubi Qafqazda artıq hərbi imperiya yox, iqtisadi imperializm mərhələsinə qədəm qoyacaq. Amma, əlbəttə ki, bu da sadə proses deyil, bir qədər ağrılı prosesdir. Bütün hallarda mənə elə gəlir ki, burada bir yumşalma və müzakirə platforması yarana bilər”.
Bəsti Rəfizadə
Sfera.az






