İrana qarşı olan əməliyyatlar beynəlxalq hüquqa ziddir? - ŞƏRH

İrana qarşı olan əməliyyatlar beynəlxalq hüquqa ziddir? - ŞƏRH
Kateqoriya məlum deyil
T

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüquqa uyğunluğu ilə bağlı müzakirələr davam edir. Bu barədə Fransanın müdafiə naziri və hökumət sözçüsü Mod Brejon RTL radiosuna açıqlamasında danışıb.

 

Onun sözlərinə görə, “ABŞ və İsrailin beynəlxalq hüququ pozaraq İrana qarşı müharibə aparmaq qərarı bölgəni daha böyük qeyri-sabitliyə sürükləyir. Heç kim bunun nəticələrinin nə olacağını dəqiq bilmir”.

 

Maraqlıdır, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq hüquq baxımından hansı əsaslara görə qanunsuz hesab oluna bilər? Bu addımlar BMT Nizamnaməsinin hansı müddəalarına zidd sayılır?

 

Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Fransanın mövqeyi başadüşüləndir. Onun sözlərinə görə, Fransa İslam inqilabı olduqdan sonra belə İranla yaxın münasibətləri olan və bu münasibətləri pozmayan Qərb ölkələrindən biridir:

 

 

“Tək-tük Qərb ölkələrindən biridir ki, Fransa İranla münasibətləri pozmayıb. Məlum olduğu kimi, İslam inqilabının lideri Ruhullah Xomeyniyə sığınacaq Fransa tərəfindən verilmişdi. Buna görə də, Paris-Tehran münasibətləri inqilabdan sonra da isti olub. Hazırda Fransa tərəfinin açıqlaması bir növ İranı ABŞ-nin və İsrailin qarşısında qorumaq funksiyası daşıyır. Sanki Rəsmi Paris öz borcunu, İranla olan yaxın münasibətlərini bu mərhələdə yenidən sübut etmək niyyətini açıqladı. İranda çox sayda fransız şirkəti var. Çox geniş şəkildə əməkdaşlıq edilir. İranın enerji sahəsində də Fransa şirkətlərinin çalışdığı barəsində də məlumatlar var. Buna görə də düşünürəm ki, Parisin mövqeyi bu baxımdan önəmlidir. Çünki Fransanın ticarətinə mane olur”.

 

Politoloq qeyd edib ki, bir ölkənin dövlət başçısının başqa bir dövlət başçısı tərəfindən öldürülməsi beynəlxalq hüquqa ziddir:

 

“ABŞ və İsrail əməliyyatlarının beynəlxalq hüququ pozması məsələsinə gəldikdə, bəli beynəlxalq hüquq nöqteyi-nəzərindən bir ölkənin dövlət başçısını qətlə yetirmək beynəlxalq hüququn pozulması deməkdir. Dünyada ümumi qəbul olunmuş konvensiyalar var ki, həmin konvensiyaların pozulmasıdır. ABŞ-nin son zamanlarda keçirdiyi əməliyyatlar müəyyən dərəcədə beynəlxalq hüquq prinsiplərini pozur. Məsələn, Venesuela dövlət başçısı Nikolas Maduronun qaçırılması da beynəlxalq hüququn pozulması deməkdir. Hər nə olur olsun, Maduro öz ölkəsində mühakimə edilməli idi. Bir ölkənin dövlət başçısına qarşı başqa bir ölkənin dövlət başçısının əməliyyat keçirməsi beynəlxalq hüququn prinsiplərini pozur. Hazırda İran tərəfi də eyni addımı ataraq beynəlxalq hüququn pozulmasına rəvac verir. ABŞ və İsrailin körfəz ölkələrindəki səfirliklərinə hücum əməliyyatları keçirir. Beynəlxalq hüquqa görə, diplomatik nümayəndəliklərə hücum etmək olmaz. Bu da beynəlxalq hüququn pozulmasıdır. Yəni, hər iki tərəf qarşılıqlı olaraq bu hüququ pozur. Ümumilikdə bunun ən gözəl örnəyini Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ifadə edib. Artıq dünyada beynəlxalq hüquq deyilən nəsnə işləmir. Dünyada işləyən güc əmsalıdır. Kim güclüdürsə, o da haqlıdır”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ