İranın "qırmızı bayrağı" nəyi simvolizə edir?

İranda qırmızı “qisas bayrağı”nın qaldırılması təkcə dini ritual deyil, həm də ciddi siyasi və hərbi mesaj kimi qiymətləndirilir. Bu dəfə bayraq Qum şəhərində yerləşən Cəmkəran məscidinin günbəzinə sancılıb.
Sfera.az İran KİV-ə istinadən xəbər verir ki, bayrağın qaldırılması ölkənin ali lideri Əli Xameneinin həlak olması ilə əlaqələndirilir. Qırmızı bayraq şiə ənənəsində “haqsız yerə tökülmüş qanın qisasının alınacağı” anlamını verir və bu, faktiki olaraq rəsmi və ya yarı-rəsmi səviyyədə intiqam çağırışı kimi qəbul edilir.
Qırmızı “qisas bayrağı” nəyi simvolizə edir?
Şiə inancında qırmızı bayraq tarixi olaraq Kərbəla hadisələrinə və İmam Hüseynin qanının yerdə qalmayacağına dair simvolik mesaj daşıyır. Müasir İran siyasi diskursunda isə bu bayraq konkret hərbi-siyasi cavab siqnalı kimi təqdim olunur.
Yəni, bayrağın qaldırılması “qisas alınacaq” mesajının ictimai elanıdır. Bu bayraq əvvəllər nə vaxt qaldırılıb?
1. 2020 – Qasım Süleymaninin öldürülməsi 2020-ci ilin yanvarında SEPAH-ın “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani ABŞ qüvvələri tərəfindən Bağdadda hava zərbəsi nəticəsində öldürüldü. Bu hadisədən dərhal sonra Cəmkəran məscidinin günbəzinə qırmızı bayraq qaldırıldı. Həmin dövrdə bu addım İranın ABŞ-yə qarşı cavab tədbirləri görəcəyinin açıq siqnalı idi və bir neçə gün sonra İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri ilə müşayiət olundu.
2. 2025 – İran-İsrail arasında “12 günlük müharibə” 2025-ci ilin iyun ayında İranla İsrail arasında baş vermiş və mediada “12 günlük müharibə” kimi təqdim olunan qarşıdurma zamanı da eyni ritual icra edilmişdi. İsrailin İran ərazisinə və hərbi obyektlərinə endirdiyi zərbələrdən sonra qırmızı bayraq yenidən Cəmkəran məscidinin günbəzində qaldırıldı. Bu addım Tehran tərəfindən qarşı tərəfə açıq xəbərdarlıq kimi qiymətləndirilmişdi. Qeyd edək ki, qırmızı bayrağın qaldırılması birbaşa müharibə elan etmək demək deyil.
Lakin bu, ictimai rəyə və region ölkələrinə yönəlmiş psixoloji-siyasi mesajdır. İran hakimiyyəti bu simvoldan adətən yüksək səviyyəli hərbi və ya siyasi fiqurların ölümü, yaxud ölkəyə qarşı ciddi hücumlar zamanı istifadə edir. Hazırkı vəziyyətdə bayrağın qaldırılması regionda gərginliyin daha da artacağından xəbər verə bilər. Xüsusilə Yaxın Şərqdə onsuz da həssas olan balans fonunda bu cür simvolik addımlar real hərbi eskalasiya riskini artıran faktor kimi qiymətləndirilir.
Firuzə Əliyeva
Sfera.az
