“Xocalı Soyqırımı Memorialı: Milli yaddaşın təcəssümü və ədalətin təntənəsi”

"Xocalı Soyqırımı Memorialı: Milli yaddaşın təcəssümü və ədalətin təntənəsi"
Kateqoriya məlum deyil
T

Son iki yüz il ərzində ermənilər azərbaycanlılara qarşı dəfələrlə qətliamlar törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə baş verən Xocalı faciəsi isə ermənilərin azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. Fevralın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Cənab Prezident Xocalı ictimaiyyətinin nümayəndələri ilə görüşdə vurğulayıb ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir.

 

Deputat Pərvin Kərimzadə bildirib ki, Prezident İlham Əliyev Xocalıda baş verənləri Azərbaycan xalqı üçün ən böyük faciə kimi səciyyələndirib. Şəhər bir gecədə tamamilə məhv edilib. Bu faciə dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi soyqırımları ilə müqayisə olunur. Bu soyqırımı nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl olmaqla bütövlükdə 613 nəfər qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib, 487 insan şikəst olub, 1275 insan əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

 

Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti tarixi ədalətin və beynəlxalq hüququn açıq-aşkar pozulması idi. Azərbaycan otuz il ərzində ədalətsizliyə son qoyulması uğrunda mübarizə aparıb. Ancaq xaricdəki erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatlar açıq-aşkar ermənilərə havadarlıq edir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyurdular. Azərbaycanı inandırmaq istəyirdilər ki, münaqişənin müharibə yolu ilə həlli istisnadır. Lakin heç bir kənar güc Azərbaycana təsir göstərə bilmədi. Ölkəmiz öz milli gücü, xalqın həmrəyliyi sayəsində haqq-ədalət mübarizəsini tarixi zəfərlərlə başa çatdırdı.

 

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, ədalət beynəlxalq sistemdən deyil, milli gücdən doğdu. Bu proses üç mərhələdən keçdi: birincisi, həqiqətlərin dünyaya çatdırılması və Xocalının soyqırımının tanıdılması; ikincisi, hərbi mərhələ — İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azad edilməsi; üçüncüsü isə hüquqi mərhələ — müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması. Beləliklə, ədalət həm döyüş meydanında, həm də məhkəmə zalında təmin edildi.

 

Millət vəkili qeyd edib ki, Xocalı faciəsi bizim qan yaddaşımızdır və heç vaxt unudulmamalıdır. Bu baxımdan Xocalı Soyqırımı Memorialının məhz faciənin baş verdiyi yerdə yaradılması müstəsna əhəmiyyət daşıyır. Memorial Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür. Dövlət başçısı vurğulayıb: “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmayaq, ayıq olaq, həmişə güclü olaq”.

 

Memorial faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanıb. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası da bu istiqamətdə mühüm rol oynayıb. Son 20 ildə dünyanın bir çox ölkələrində tədbirlər, konfranslar, simpoziumlar keçirilib, kitablar və broşürlər dərc olunub.

 

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan güclü dövlətdir, heç kim bizə diktə edə bilməz. Qarabağ münaqişəsi bitib, separatizm ləğv edilib, ərazi bütövlüyümüz tam bərpa olunub. Artıq Xocalı təkcə kədər deyil, həm də qürurdur. Çünki o ağrının içindən qalib bir dövlət çıxdı.

PAYLAŞ