"Pakistan-Əfqanıstan müharibəsində Hindistan maraqlıdır" - PROQNOZ

Pakistanla Əfqanıstan arasında dünəndən başlayan silahlı qarşıdurmanın tammiqyaslı müharibəyə çevrildiyi bildirilib. Məlumatı Pakistanın müdafiə naziri Xavaca Asif açıqlayıb.
O, İslamabadın Əfqanıstandakı Taliban hökumətinə qarşı “açıq müharibə” elan etdiyini bəyan edib: “İndi sizinlə açıq müharibə aparacağıq. Bu, qanlı bir müharibə olacaq. Pakistan ordusu xaricdən gəlməyib. Biz sizin qonşunuzuq, sizin dövrlərinizi bilirik”, - deyə nazir bildirib.
“Al Jazeera” telekanalının yaydığı məlumata görə, Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib, ardınca şiddətli atışma səsləri eşidilib. Taliban tərəfi isə Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının vurulduğunu iddia edir. Rəsmi İslamabad bu məlumatı hələlik təsdiqləməyib.
Belə olduğu halda, qarşıdurma daha da genişlənəcəkmi?
Sfera.az-a bu haqda açıqlama verən hərbi ekspert Elmar Hüseynov iki ölkə arasında qarşıdurmanın genişləndiyini qeyd edərək, Pakistanın əks-hücum əməliyyatı ilə işğal altına düşmüş postlarını və hərbi bazasını işğaldan azad etdiyini bildirib:
“Bununla yanaşı, Kabulun dərinliyində də bir neçə əməliyyat həyata keçirilib. Əfqanistan hakimiyyətinin idarəetmə strukturlarına da zərər dəyib. Düşünmürəm ki, müharibə uzun müddət davam edər, çünki indiki dünya iqtisadi böhranlarını nəzərə alaraq, uzunmüddətli müharibənin heç bir tərəfə fayda verməsi mümkün deyil”.
Ekspert bu müharibədə Hindistanın da maraqlı olduğunu qeyd edib:
“Pakistan hərbi sahədə güclü dövlət olduğu üçün Əfqanistanın uzunmüddətli müharibəyə razılaşmayacağı və sonda bir razılaşma ilə müharibənin tamamlanması gözləniləndir. Hindistan isə burada maraqlıdır. Qeyd etmək istəyirəm ki, bu, düşünülmüş bir mövqedir, çünki Hindistan və Əfqanistan arasında heç bir bağ yoxdur. Hindistan Amerikaya bağlı olan bir dövlətdir, Əfqanistan isə Amerikaya düşmən bir dövlətdir. Bu cür qiymətləndirilir”.
Bəs, Pakistanla Əfqanistan arasındaki bu müharibə necə alovlandı? Qeyd edək ki, iki ölkə arasındakı zorakılıq, 2025-ci ilin oktyabr ayında onlarla hərbçi, dinc sakin və militantın öldüyü toqquşmalardan sonra dərinləşib. Qətər vasitəçiliyi ilə əldə olunan atəşkəs böyük ölçüdə qorunsa da, tərəflər zaman-zaman sərhəd xəttində qarşılıqlı atəş açmağa davam ediblər. Noyabr ayındakı sülh görüşləri isə daimi bir razılaşma təmin edə bilmədi. Böhran mərkəzində, əlbəttə ki, təhlükəsizlik problemi dayanır. Pakistan, Əfqanıstanı 2007-ci ildə ortaya çıxan və TTP olaraq bilinən silahlı qrupa ev sahibliyi etməkdə ittiham edir.
İslamabada görə, TTP 2025-ci ildə Pakistan üzrə minə yaxın zorakılıq aktı həyata keçirib. Əfqan Talibanı ilə TTP arasında ideoloji və sosial bağların mövcud olduğu bildirilib, lakin Əfqan idarəsi TTP-yə sığınacaq verdiyi iddialarını rədd edib. İki ölkənin hərbi texnika gücünü müqayisə etdikdə isə görürük ki, Pakistanın 6 mindən çox zirehli döyüş vasitəsi və 4 min 600-dən çox artilleriya sistemi mövcuddur. Pakistan hərbi potensial baxımından Əfqanıstana nisbətən nəzərəçarpacaq üstünlüyə malikdir. Pakistanın 660 min aktiv hərbi personalı var. Onlardan 560 mini quru qoşunlarında, 70 mini hava qüvvələrində, 30 mini isə dəniz qüvvələrində xidmət edir. Əfqan Taliban qüvvələrinin aktiv personal sayı isə təxminən 172 mindir. Bundan əlavə, Pakistan təxminən 170 nüvə başlığına sahibdir. Əfqanıstanın isə nüvə silahı mövcud deyil.
Bəsti Rəfizadə
Sfera.az






