İran-ABŞ arasında nüvə razışlaşması əldə olunacaq? - "Mümkündür ki..."

İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai İran ABŞ ilə ölkənin atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnun tanınmasını nəzərdə tutan razılaşmanın bağlanmasına hazır olduğunu bəyan edib.
İran-ABŞ arasında mümkün nüvə razılaşması gözləniləndirmi? Əgər baş tutsa bu hadisə buzları əridəcəkmi?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Əli Mustafa İranla ABŞ arasında ciddi bir gərginliyin hökm sürdüyünü deyib:

“Rəsmi olaraq İran atom enerjisi ilə bağlı məsələləri ABŞ ilə müzakirə etməyə hazır olduğunu bəyan edir. Amma ABŞ-nin tələblərini, təbii ki, məqbul saymır. İranın öz təklifləri var. Ümumiyyətlə, digər məsələlər də gündəmdədir. Raket proqramı, proksi qüvvələr və ehtimal ki, rejimlə bağlı mövzular da müzakirə predmetidir. Mümkündür ki, İranın nefti ilə bağlı məsələlər də var. İran bu məsələlərin paket halında müzakirəsinə tərəddüdlə yanaşır və bütün hallarda öz şərtlərini irəli sürür. Xüsusilə nüvə və raket proqramını öz təhlükəsizliyinin təminatı kimi görür”.
Politoloq ABŞ-nin 0% uran zənginləşdirilməsi tələbini irəli sürdüyünü əlavə edib:
“Yəni İranın nüvə proqramından tam imtina etməsini istəyir. Eyni zamanda, 300 km-dən artıq məsafəyə uça bilən raketlərin istehsalının dayandırılmasını tələb edir. Yəni ballistik raket proqramına məhdudiyyət qoyulmasını və proksi qüvvələrlə bağlı məsələlərdə də Amerika şərtlərinə əməl olunmasını istəyir. Amma anlaşılan odur ki, İran hələlik bu şərtləri qəbul etmək niyyətində deyil. Məlumata görə, müzakirələr davam edir. Bildiyim qədər, İsveçdə ABŞ və İran nümayəndələri arasında növbəti görüşün 26-da keçirilməsi planlaşdırılır. Əgər orada razılaşma əldə olunarsa, gərginliyin azalması mümkündür. Əks halda, razılıq əldə edilməzsə, müharibə ehtimalı arta bilər. Nəzərə alsaq ki, hazırda ABŞ bölgədə hərbi hazırlığı gücləndirir, donanma qüvvələri, təyyarədaşıyan gəmilər və əlavə hərbi texnika regiona yönləndirilir. Bu da risklərin yüksək olduğunu göstərir".
Fidan Hacızadə
Sfera.az
