Zelenski: "Putin Ukrayna ilə kifayətlənməyəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin artıq Üçüncü Dünya müharibəsini başladıb və bunun ən qısa zamanda dayandırılması vacibdir.
Sfera.az xəbər verir ki, Zelenski bu barədə BBC-yə verdiyi müsahibədə qeyd edib:
“Putinin müharibəni artıq başlatdığına inanıram. Əsas sual onun nə qədər ərazi ələ keçirə biləcəyi və onu necə dayandıra biləcəyimizdir. Rusiya dünyaya fərqli həyat tərzi diktə etmək və insanların özləri üçün seçdiyi həyatları dəyişdirmək istəyir”.
Ukrayna lideri ölkəsinin müstəqilliyi uğrunda döyüşdüklərini və bu müharibəni uduzmayacaqlarını bildirib:
“Bu gün Putini dayandırmaq və Ukraynanı işğal etməsinin qarşısını almaq bütün dünya üçün qələbə olacaq, çünki Putin Ukrayna ilə kifayətlənməyəcək”. Zelenskiyə “Qələbə bütün ərazilərin geri qaytarılması demək deyilmi?” sualı veriləndə, o cavab verib:
“Bunu edəcəyik. Sadəcə zaman məsələsidir. Bunu bu gün etmək milyonlarla insanın həyatına başa gələ bilər, çünki Rusiya ordusu çox böyükdür və biz bunun qiymətini bilirik. Kifayət qədər insan və silahımız olmadığından bunu indi etmək mümkün deyil. 1991-ci ilin sərhədlərinə qayıtmaq təkcə qələbə deyil, həm də ədalətdir. Ukraynanın qələbəsi müstəqilliyimizin qorunmasıdır, bütün ərazilərimizin geri qaytarılması isə dünya üçün ədalətin qələbəsi olacaq”.
Zelenskiyə ABŞ Prezidenti Donald Trampın “müharibəni başladan diktator Zelenskidir” sözləri xatırladılarkən o bildirib:
“Mən diktator deyiləm və müharibəni mən başlatmamışam”.
Təhlükəsizlik zəmanətləri və ABŞ ilə əlaqədar suallara cavabında isə Zelenski qeyd edib:
“Söhbət yalnız Prezident Trampdan getmir, ABŞ-dən gedir. Hamımız müəyyən müddətə prezidentik. Təhlükəsizlik zəmanətləri təmin olunarsa, ABŞ-nin tələb etdiyi seçkilər məsələsinə baxa bilərik. Əgər müharibəni bitirmək üçün lazımdırsa, keçirək. Tərəfdaşlara bildirdim: “Bir qərar verməlisiniz, məndən qurtulmaq istəyirsiniz, yoxsa seçki keçirmək? Seçki istəyirsinizsə, onu dürüst keçirin”.
Ukrayna Prezidenti ölkədən kənarda milyonlarla qaçqın olduğu və ərazilərin bir hissəsinin işğal altında qaldığı şəraitdə seçki keçirilməsinin ciddi problemlər yarada biləcəyini də vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az






