Çin Rusiya-Ukraynda müharibəsində ikili oyun oynayır?

Çin Rusiya-Ukraynda müharibəsində ikili oyun oynayır?
Kateqoriya məlum deyil
T

Çinin son aylardakı mövqeyi Pekinin Rusiya-Ukrayna müharibəsində Moskvanın tam məğlubiyyətini qəbul etmədiyini göstərir.

 

Çin praktiki addımlarında da tez-tez Rusiyanın yanında dayanan tərəf kimi təsir bağışlayır.

 

Bununla yanaşı, ABŞ ilə intensiv diplomatik təmasların fonunda Çin bir müddət Rusiya neftindən imtina edib.“Sinopec” və digər iri şirkətlər də Vaşinqtonun tətbiq etdiyi sanksiyalardan sonra Rusiya neftini almaqdan imtina ediblər.

 

Lakin Çin Xarici İşlər naziri Van İn verdiyi açıqlamada Rusiyanın məğlubiyyətinin region üçün arzuolunmaz olduğunu vurğulayıb. Bu isə Pekinin ikiqat strategiyasının nə ilə bağlı olduğu sualını gündəmə gətirir: Çin həqiqətən balans siyasəti yürüdür, yoxsa Vaşinqtonun gözünü “pərdə ilə örtməyə” çalışır?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva Çinin Rusiya-Ukrayna müharibəsində xüsusi ikili siyasət yürütdüyünü bildirib. Onun sözlərinə əsasən, bu siyasət Çin rəsmilərinin bəyanatlarında da öz əksini tapıb:

 

 

“Çinin son aylardakı davranışı Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində xüsusi bir ikili dinamikanın mövcud olduğunu göstərir. Bir tərəfdən Pekin açıq şəkildə bəyan edir ki, Rusiyanın müharibədə məğlub olması Asiyanın strateji balansını pozar və Çinin təhlükəsizlik mühiti üçün arzuolunmaz nəticələr yaradar. Çinin Xarici İşlər naziri Van İn də dəfələrlə vurğulayıb ki, Moskvanın zəifləməsi ABŞ-nin qlobal baxımdan daha sərbəst şəkildə güc tətbiq etməsinə imkan yarada bilər. Bu, Pekinin strateji baxışından təhlükəli hesab olunur”.

 

Politoloq Çinin ABŞ ilə də münasibətləri normada saxlamaq istədiyini və balanslaşdırma siyasəti apardığını bəyan edib:

 

“Çin ABŞ ilə münasibətlərini tamamilə konfrontasiya yoluna sürükləmək istəmir. Vaşinqtonla münasibətlərdə gərginliyin artdığı bir dövrdə Pekin yumşaldıcı addımlar atmağa məcburdur. ABŞ-nin Çin neft emalı zavodlarına qarşı tətbiq etdiyi sanksiyalardan sonra “Sinopec” başda olmaqla bəzi Çin şirkətlərinin Rusiya neftindən müəyyən müddət imtina etməsi də bu çərçivədə qiymətləndirilə bilər. Çin bu yolla həm iqtisadi itkilərini minimuma endirmək, həm də Vaşinqtonla mümkün yeni sanksiyalar dalğasından yayınmaq istəyirdi. Bu mənzərə onu göstərir ki, Pekin bir növ balanslaşdırma siyasəti aparır. Çinin Rusiya neftindən qısa müddətli imtinası, əslində, ABŞ-yə “məsuliyyətli tərəfdaş” görüntüsü vermək və sanksiyaların təsirini azaltmaq üçün taktiki addım idi. Yəni Pekin Rusiyadan tam uzaqlaşmaq məqsədi güdmürdü, sadəcə olaraq ABŞ ilə münasibətlərdə kəskin zərbə almamaq üçün müvəqqəti jest edirdi”.

 

Z.Qarayevanın fikirlərinə əsasən, Çinin tək məqsədi ABŞ-nin sanksiyalarına məruz qalmamaqdır:

 

“Əslində Çin nə Moskvanı tərk etmək, nə də Vaşinqtonu qəzəbləndirmək niyyətindədir. Pekinin strategiyası çox sadədir: Rusiya geosiyasi müttəfiq kimi zəifləməməlidir, amma eyni zamanda Çin qlobal iqtisadi sistemdən təcrid olunmaq, ABŞ sanksiyalarının hədəfinə çevrilmək istəmir. Buna görə də Çin hər iki tərəflə münasibəti idarə etmək üçün ikili, daha dəqiq desək, çoxvektorlu bir siyasət yürüdür. Bu siyasətin məqsədi nə ABŞ-ni aldatmaqdır, nə də Rusiyaya sonsuz sadiqlik göstərmək. Çin öz maraqlarını qorumaq üçün daim dəyişən qlobal şəraitə uyğun hərəkət edir: lazım gəldikdə Moskvanın yanında görünür, risk artanda isə Vaşinqtona yönəlik yumşaldıcı mesajlar verir. Bu, Pekinin böyük güc olaraq öz strateji çevikliyini maksimum dərəcədə qorumağa çalışmasının təbii nəticəsidir”.

 

Mövzu ilə bağlı açıqlama verən Elçin Xalidbəylinin fikirlərinə əsasən isə, Çin beynəlxalq siyasətdə birmənalı şəkildə yalnız öz maraqları çərçivəsində hərəkət edir:

 

 

“Çin beynəlxalq siyasətdə birmənalı şəkildə yalnız öz maraqları çərçivəsində hərəkət edən dövlətdir. Pekinə Rusiyanın məğlubiyyəti sərf etmir, çünki Moskvanın zəifləməsi vəziyyətində Çin ABŞ və Qərbin qarşısında tək qalacağını hesablayır. Məhz buna görə də Pekin Qərblə qarşıdurmada müəyyən balansın qorunmasını vacib sayır və bəzi məsələlərdə Rusiya ilə ortaq mövqedən çıxış etməyə çalışır. Lakin bu, Çin–Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsində olduğu anlamına gəlmir. Çünki iki ölkə arasında həm maraq toqquşmaları, həm də uzunmüddətli strateji rəqabət elementləri mövcuddur”.

 

Mütəxəssis bildirib ki, Çin əsas məqsəd kimi öz şirkətlərini Vaşinqtonun sarsıdıcı sanksiyalarından qorumağı seçib:

 

“Xüsusilə də Çin üçün öz sərhədləri boyunca nəhəng və güclü dövlətin mövcudluğu heç vaxt tam sərfəli deyil. Eyni zamanda Pekin ABŞ sanksiyalarına həssas yanaşır və hesab edir ki, Rusiya ilə yaxınlıq Çin sənayesində və iqtisadiyyatında böyük rol oynayan şirkətlərin sanksiyalarla üzləşməsinə səbəb olmamalıdır. Buna görə də Çin əsas məqsəd kimi öz şirkətlərini Vaşinqtonun sarsıdıcı sanksiyalarından qorumağı seçir. Nəticə etibarilə, Çinin atdığı addımlar ikili standartlardan deyil, yalnız öz iqtisadi və geosiyasi maraqlarına əsaslanır. Pekin ABŞ, Avropa İttifaqı və Rusiya ilə münasibətlərini də elə bu maraqlar kontekstində tənzimləyir və bütün istiqamətlər üzrə prioritet olaraq yalnız öz milli maraqlarını üstün tutur”.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ