Rusiyada seçkilər: Nəticə dəyişəcəkmi?

Rusiyada seçkilər: Nəticə dəyişəcəkmi?
Kateqoriya məlum deyil
T

Rusiyada parlament seçkiləri ölkənin siyasi gündəmində əsas mövzulardan birinə çevrilib.

Üç gün davam edəcək səsvermənin nəticələrinin hakimiyyətin parlamentdəki mövcud mövqeyinə nə dərəcədə təsir göstərəcəyi diqqət çəkir. Xüsusilə son dövrdə Rusiya cəmiyyətində Vladimir Putinə və hakimiyyətə münasibətin necə dəyişdiyi, bunun seçki nəticələrində özünü göstərib-göstərməyəcəyi müzakirə olunur.

Digər tərəfdən, Rusiyada seçki prosesinin şəffaflığı və müxalif qüvvələrin imkanları ilə bağlı uzun müddətdir müxtəlif iddialar səsləndirilir.

Bu baxımdan qarşıdakı seçkilərin ölkənin siyasi sistemində real dəyişiklik yaradıb-yaratmayacağı sual doğurur. Maraqlıdır, Putinə etimadsızlıq fonunda nəticələrdə dəyişiklik, yenilik gözləmək olarmı? Yoxsa müdaxilə nəticəsində ənənəvi sistem olduğu kimi qalacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Rusiyada keçirilən parlament seçkilərinin ciddi siyasi dəyişikliklərə səbəb olacağını düşünmür. Onun sözlərinə görə, ölkədə demokratik seçkilərin keçirilməsinə imkan verməyən siyasi sistem formalaşıb:

“Rusiyada elə bir sistem mövcuddur ki, orada hansısa demokratik seçkilərin keçirilməsi mümkün deyil. Ümumiyyətlə, Rusiyada demokratik seçkilər ənənəsi demək olar ki, yoxdur. Bu seçkilər də istisna deyil”.

Politoloq qeyd edib ki, seçkilərin nəticəsində Putinin rəhbərlik etdiyi “Vahid Rusiya” Partiyasının yüksək faizlə qalib gələcəyi, ənənəvi müxalifət partiyalarının - “Ədalətli Rusiya”, Liberal Demokrat Partiyası və Kommunist Partiyasının isə müəyyən sayda mandat əldə edəcəyi gözlənilir.

“Bu seçkilərdə Rusiyada ciddi dəyişikliklər olacağını düşünmürəm. Putinə etimad müəyyən qədər azalsa da, o, Rusiya cəmiyyətinin, xüsusilə də “obıvatel” adlandırılan təbəqənin istəklərinə cavab verən lider obrazındadır. Ona görə də hansısa ciddi dəyişikliyin baş verəcəyini düşünmürəm”, – O.Qasımov əlavə edib.

Qeyd edək ki, Rusiyada keçirilən parlament seçkilərini izləmək üçün Azərbaycandan da Milli Məclisin bir qrup deputatı bu ölkəyə səfər edib. Komitə sədri Azər Əmiraslanov, deputatlar Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskva şəhərində, Sabir Hacıyev isə Sankt-Peterburqda seçki prosesini müşahidə edəcək. Deputatların seçki məntəqələrində yaradılan şəraitlə tanış olması, səsvermə və səslərin hesablanması prosesini izləməsi nəzərdə tutulur.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR