\"Yeni Türk Antiterror Mərkəzi yaradılsın\" - Zahid Oruc

“Terrorun silahı Kalaşnikov avtomatı, bomba və raketlər deyil, nifrətin, xofun, daxili inamsızlığın artmasıdır, rəsmi hakimiyyətin yox, terror qruplarının mənəvi və siyasi hakimiyyətinin güclənməsidir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.
“22 martda “Crocus City Hall”da baş verən qətliamın hərbi təyinatlı dövlət binalarında deyil, mülki obyektdə törədilməsi göstərir ki, kütləvi qəsdin sifarişçiləri keçmiş sovet məkanında xaos yaymaq, dinlər və millətlərarası konflikləri alovlandırmaq istəyən qüvvələrdir.
Moskva terrorunu müşayiət edən informasiya tələsinə düşüb etnik-milli düşmənçiliyi körükləyənlər Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın terror aktına qətiyyətli etirazından nəticə çıxarsınlar, yoxsa Şarli Hebdo olayında 5 nəfərə görə birlik paradı keçirən qərbli dövlət başçıları “yaxşı və pis terrorçu” bölgüsü ilə beynəlxalq təhlükəsizliyə zərbə vuracaqlar.
Aktın azərbaycanlı iş adamına məxsus binada baş verməsi dünya erməniləri üçün azğın anti-Azərbaycan kampaniyasına rəvac verib. Halbuki, ölkəmiz təkcə son 37 ildə 2000 mindən artıq vətəndaşını terror nəticəsində itirib, qəsdlər xüsusilə 90-cı illərdə, erməni işğalının nəticəsi, hətta müharibənin bir parçası olub və Qlobal Terrorizm İndeksi də bunu təsdiqləyir. Koçaryan-Sarkisyanla yanaşı, Gəncəni və Bərdəni vuran, son 3 ildə Qarabağa mina əkən inqilabçı demokratlardan da ziyan çəkmişik”.
Millət vəkili təklif edib ki, Türk Dövlətləri Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri PKK, İŞİD və erməni terroruna qarşı Yeni Türk Antiterror Mərkəzi yaradılsın:
“İnanırıq ki, Xankəndidə təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları müstəqillikdən bu yana xalqımıza qarşı törədilən terror aktlarını ifşa edəcək, DTX təcridxanasında məhkəməsini gözləyənlər Qarakənd faciəsindən Bakı metrosuna qədər çoxsaylı qanlı cinayətlərin sifarişçilərini dilə gətirəcəklər. Bir vaxtlar Şimali Qafqaza Xattabın ordusu ilə gələnlər indi Ermənistanı hərbiləşmiş zonaya özü boyda Pankisi dərəsinə çevirir, sərhədlərimizi Avropa kəşfiyyat mərkəzlərinin patrul dəstələri ilə nəzarətə götürməyə çalışırlar. Ölkəmizdə dini və siyasi casusluğa cəlb olunanlar, o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələrdir”.
Firuzə Əliyeva