"Azərbaycanın mədəni irsinə yönəlmiş terrora Qərb hələ də susur" - Deputat

“Mədəni mülkiyyətin müharibələr dövründə qorunması müasir beynəlxalq hüququn, həmçinin müasir beynəlxalq humanitar hüququn qarşısında dayanan əsas vəzifələrdən biridir”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

“Mədəni irsin münaqişələr zamanı qorunması ilə bağlı məsələlər xüsusi beynəlxalq sazişlə, 1954-cü ildə təsdiqlənmiş "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Beynəlxalq Haaqa Konvensiyası" ilə tənzimlənir.  

 

Cari layihə ilə məhz bu konvensiyanın II protokolunun milli qanunvericiliyə daxil olunmasına nail olmaqla Azərbaycan bir daha beynəlxalq hüquqa sədaqətini ifadə edir və bu həm də hazırda dünyada davam edən münaqişələr fonunda bəşər irsinin, bəşərin mədəni irsinin qorunması istiqamətində verdiyi mühüm bir töhfədir və ciddi iradə nümayişidir.

 

Konvensiyanın ilk maddəsinə əsasən, xalqın mədəni irsində xüsusi rolu olan, əhəmiyyəti olan bütün daşınar və daşınmaz mülkiyyət, həmçinin onların yerləşdiyi mərkəzlər mədəni mülkiyyət nümunələri hesab olunur və qorunmalıdır. Amma bütün dünyanın gözü qarşısında, beynəlxalq humanitar hüquq qaydalarına zidd olaraq istər Birinci Qarabağ, istər İkinci Qarabağ münaqişəsi dövründə Şərqi Zəngəzurda və Qarabağda çoxsaylı mədəni irs nümunələri vandalizm aktına məruz qalıb, bir çoxu işğal dövründə qəsdən tamamilə dağıdılıb”.

 

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın başladığı quruculuq-bərpa prosesi mədəni nümunələrimizi də əhatələyir, amma həmin ərazilərin minalanması həm bərpa prosesinə mane olur, eyni zamanda mina partlayışları tarixi abidələrin çox ciddi zərər görməsi, bir çox hallarda dağıdılması ilə nəticələnir:

 

“Bir müddət öncə Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşündə Azərbaycanın təşəbbüsü ilə minaların mədəni irsə təsiri mövzusunda qətnamə qəbul edilmişdi.

 

Amma Azərbaycanın mədəni irsinə yönəlmiş terrora hələ də qlobal miqyasda lazımi diqqət göstərilmir. Əksinə, bu terrorun birbaşa subyekti olan Ermənistan həm aidiyyəti ixtisaslaşdırılmış təsisatlar, həm bir qrup Qərb subyekti tərəfindən yeni cinayətlərə təhrik edilir”.
 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR