\"Rusiyanın Ermənistana hərbi müdaxiləsi...\" - Cənubi Qafqazda Ukrayna ssenarisi təkrarlanır?

“Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və görüşlərdə iştirak etmir. İndi biz yalnız bir sual barədə düşünürük: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O, Ermənistanın KTMT-dən konkret olaraq nə vaxt çıxacağını açıqlamayıb. Bununla belə, bunun yeni ilədək ola biləcəyini istisna etməyib.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rəsmi İrəvanın son zamanlar KTMT-dən çıxmaqla bağlı fikirlər səsləndirməsi bu ölkənin, xüsusilə Avropa İttifaqı ilə yaxınlaşması fonunda baş verir:
“Ehtimal etmək olar ki, Ermənistanın təşkilatdan çıxması ilə bağlı tapşırıq Qərbdən gəlib. Əks halda, Paşinyan bu cür riskli addımlar atmazdı. Hətta istisna deyil ki, Qərb İrəvana təhlükəsizlik təminatı verib. Ermənistanın KTMT-dən çıxması və İrəvanla Moskva arasında gərginliyin artmasında əsas məqsəd Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəiflədilməsidir. Üstəgəl, Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhənin açılması məsələsi gündəmdədir”.
Müsahibimiz bildirib ki, İrəvanın Moskvaya qarşı qıcıqlandırıcı addımlarının Rusiyanın Ermənistana hərbi müdaxiləsi ilə nəticələnməsi istisna deyil:
“Bu zaman Qərb fürsətdən istifadə edərək Cənubi Qafqazda Ukrayna ssenarisini təkrarlaya bilər. Kremldə bu versiyanı nəzərə alırlar. Ona görə də Rusiya Ermənistanla bağlı hələ ki, təmkinli davranır. Yəqin ki, Paşinyan hakimiyyəti bundan sonra da rəsmi Moskvanın "damarına basmağa" davam edəcək. Bu nöqteyi-nəzərdən Ermənistanın Rusiya və KTMT ilə bağlı tənqidi fikirləri davam edəcək. Yəqin ki, Ermənistan gələcəkdə rəsmi formada KTMT-dən çıxdığını elan edəcək. Bu isə ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, həm də Cənubi Qafqada yeni reallıqlar yaradacaq”.
Günay