Sətəlcəmlə qrip qarışdırılır - Həkim AÇIQLADI
Öskürək, qızdırma, titrəmə və sinə ağrısı sətəlcəmin (pnevmoniyanın) əlamətləri ola bilər. Bu şikayətlər qrip zamanı da müşahidə edildiyindən xəstəliklər bir-biri ilə qarışdırıla bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, türkiyəli ağciyər xəstəlikləri üzrə mütəxəssis Süha Alzafer sətəlcəmin xüsusilə yaşlı insanlarda fərqli əlamətlərlə üzə çıxa biləcəyini bildirib:
“Sətəlcəm ən ciddi infeksion xəstəliklərdən biridir. Yaşlı insanlarda tipik əlamətlər olmadan da inkişaf edə bildiyi üçün xəstəliyi vaxtında aşkar etmək çətinləşə bilər. Bəzən sətəlcəm hətta depressiya əlamətləri ilə özünü göstərə bilər”.
Alzaferin sözlərinə görə, xəstəliyə bakteriya və viruslar səbəb ola bilər. Bu mikroorqanizmlərin bəziləri yoluxmuş şəxsin öskürməsi, asqırması və ya danışması zamanı ətrafa yayılır. Bəzi hallarda isə virus mənşəli sətəlcəmə bakterial infeksiya da qoşulur.
Həkim qeyd edib ki, öskürəyin xarakterinin dəyişməsi, bəlğəmin sarı, yaşıl və ya pas rənginə dönməsi, yaxud bəlğəmdə qan görünməsi diqqət tələb edən əlamətlərdir. Halsızlıq, iştahasızlıq və baş ağrısı da xəstəlik zamanı müşahidə oluna bilər.
İrəli yaş, siqaret və alkoqol istifadəsi, ürək xəstəlikləri, şəkərli diabet, xərçəng, xroniki ağciyər xəstəlikləri və immun sistemini zəiflədən dərmanların qəbulu sətəlcəmə tutulma riskini artırır.
Alzafer sətəlcəmin bəzi hallarda ağciyər xərçəngi və ya vərəmlə qarışdırıla bildiyini də vurğulayıb. Onun sözlərinə görə, müalicəyə baxmayaraq, rentgendə görünən dəyişikliklər uzun müddət geriləmirsə, ağciyər xərçəngi ehtimalı da qiymətləndirilməlidir.
Həkim sətəlcəm riskini azaltmaq üçün altı tövsiyə verib:
Sağlam qidalanmaq.
Kifayət qədər və keyfiyyətli yatmaq.
Siqaret və alkoqoldan uzaq durmaq.
Müntəzəm fiziki məşq etmək.
Xroniki xəstəlikləri nəzarətdə saxlamaq.
Yaşa və sağlamlıq vəziyyətinə uyğun peyvəndləri vurdurmaq.
Alzafer sağlam şəxslərə pnevmokok peyvəndinin 50 yaşdan etibarən vurulmasını tövsiyə edib. Həkimin sözlərinə görə, xroniki xəstəliyi olan, immun sistemi zəifləmiş və ya əvvəllər sətəlcəm keçirmiş şəxslərə peyvənd daha erkən yaşda da vurula bilər.
Şahanə Ziyad




