Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

İşğaldan azad olunan ərazilərə qayıdan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas prioritetlərdəndir. Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi də artıq öz doğma ünvanında – Xocavənd rayonunda xidmət göstərməyə başlayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sfera.az-a verilən məlumata görə, bölmə fasiləsiz rejimdə fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla, 22 nəfər əməkdaş çalışır.
TƏBİB tərəfindən həyata keçirilən bu tədbirlər təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılması, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli şəkildə göstərilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı olaraq yüksəldilməsi məqsədinə xidmət edir.






