Dəridə yağlanmanın səbəbi bu ola bilər

Rafinə olunmuş karbohidrat və şəkərin həddindən artıq qəbulu dərinin sağlamlığına mənfi təsir göstərə, yağlanmanı və akne riskini artıra bilər.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, dermatologiya mütəxəssisi dr. Esra Deniz Göde bildirib ki, ağ çörək, şəkərli içkilər, şirniyyat və emal olunmuş qəlyanaltılar qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olur. Bunun ardınca insulin səviyyəsinin artması dəridə yağ ifrazını və iltihabi reaksiyaları gücləndirə bilər.
Mütəxəssisin sözlərinə görə, yüksək glisemik indeksli qidalar hormonal dəyişikliklərə səbəb olaraq akne yaranmasına təsir göstərə bilər. Yüksək qan şəkəri həmçinin kollagen və elastinin zədələnməsinə, dərinin elastikliyinin azalmasına və yaşlanma əlamətlərinin daha qabarıq görünməsinə yol aça bilər.
Bununla belə, karbohidratları tamamilə qida rasionundan çıxarmaq düzgün deyil. Tam taxıllar, paxlalılar, tərəvəz və meyvələr kimi kompleks karbohidratlara üstünlük vermək tövsiyə olunur.
Dr. Göde sağlam dəri üçün balanslı qidalanma ilə yanaşı, kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik, günəşdən qorunma və stressin düzgün idarə edilməsinin də vacib olduğunu qeyd edib.
Mütəxəssis əlavə edib ki, qidalanmada dəyişikliklərin dəriyə təsiri dərhal görünməyə bilər. İlk müsbət dəyişikliklər adətən 4-8 həftə ərzində müşahidə oluna bilər.
Mənsumə






