Pankreasın müalicəsində ümidverici inkişaf: “Yeni dövr başlayır”

ABŞ Qida və Dərman Administrasiyası (FDA) pankreas xərçənginin müalicəsində mühüm yeniliyə imza atıb.
Sfera.az xəbər verir ki, FiDA “Revolution Medicines” şirkəti tərəfindən hazırlanan və gündəlik qəbul edilən “Razonque” (daraxonrasib) adlı dərmanı təsdiqləyib.
Mütəxəssislər yeni preparatın pankreas xərçənginin müalicəsində dönüş nöqtəsi ola biləcəyini düşünüblər.
Dərmanın effektivliyi daha əvvəl müalicə almış 500 metastatik mədəaltı vəzi xərçəngi xəstəsi üzərində aparılan sınaqlarda araşdırılıb. Nəticələrə görə, preparatı qəbul edən xəstələrdə orta yaşam müddəti təxminən 13 ay olub. Bu göstərici kimyaterapiya alan xəstələrdə qeydə alınan 6 aylıq orta yaşam müddətindən əhəmiyyətli dərəcədə yüksəkdir.
“Razonque” xərçəng hüceyrələrinin böyüməsində mühüm rol oynayan KRAS genini hədəf alıb. Uzun müddətdir xərçəng müalicəsində əsas hədəflərdən biri hesab edilən bu genə qarşı ənənəvi müalicə üsullarının effektivliyi məhdud olub. Daraxonrasib isə KRAS tərəfindən istehsal olunan zülalların təsir mexanizminə müdaxilə edərək xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa çalışır.
Dərmanın sınaq nəticələri Amerika Klinik Onkologiya Cəmiyyətinin toplantısında təqdim edilərkən iştirakçıların reaksiyası da diqqət çəkib və yeni preparat alqışlarla qarşılanıb.
"Orlando Health" Xərçəng İnstitutunun mütəxəssisi Cad Çahoud dərmanın pankreas xərçəngi xəstələri üçün böyük ümid yaratdığını bildirib.
“Washington Post”un məlumatına görə, FDA preparatın qiymətləndirilməsi prosesinə may ayında başlayıb. Pankreas xərçəngi çox vaxt erkən mərhələdə aşkarlanmadığından xəstələrin əksəriyyətinə diaqnoz gec qoyulur. Diaqnozdan sonra 5 il və ya daha çox yaşayan xəstələrin payı isə 14 faizdən aşağıdır.
FDA-nın məlumatına əsasən, dərmanın ən çox rast gəlinən yan təsirləri arasında dəri səpgiləri, ishal, ürəkbulanma, yorğunluq və iştahanın azalması yer alıb.
Bəsti Rəfizadə






