Uşaqlarda anemiyanın əsas səbəbi nədir? — Pediatrdan açıqlama

Uşaqlarda anemiyanın əsas səbəbi nədir? — Pediatrdan açıqlama
Kateqoriya məlum deyil
T

Azərbaycanda il ərzində minlərlə uşağa anemiya diaqnozu qoyulur. Uşaqlarda anemiyanın yaranmasına müxtəlif amillər səbəb olsa da, ən çox rast gəlinən səbəblərdən biri düzgün və balanslı qidalanmanın olmamasıdır.

Sfera.az xəbər verir ki, pediatr Qoşqar İsmayılov deyib ki, uşaqlarda anemiyanın səbəbləri çox ola bilər, lakin ən çox görülən səbəb qida mənşəli anemiyalardır.

"Xüsusilə qidalanması normal olmayan, hipotrofik uşaqlarda və dəmirlə zəngin qidalar qəbul etməyən uşaqlarda dəmir defisitli anemiyalara daha çox rast gəlinir", - deyən həkimin sözlərinə görə, anemiyanın əsas görülən növü dəmir defisitli anemiyadır və əsas səbəb qida mənşəlidir.

Pediatr dedi ki, bununla yanaşı, B12 defisitli və fol turşusu defisitli anemiyalar da mövcuddur və onların yaranma səbəbləri fərqlidir:

“Daha çox rast gəlinən dəmir defisitli anemiya müayinələr nəticəsində, xüsusilə qanın analizindən sonra tam təsdiqlənir”.

O bildirib ki, uşaqlarda anemiyanın klinik əlamətləri arasında saç tökülməsi, dərinin quruması, immunitetin zəifləməsi və halsızlıq yer alır:

"Daha böyük uşaqlarda isə oturaq vəziyyətdən ayağa qalxarkən başgicəllənmə və gözdə qaralma müşahidə oluna bilər. Bəzi hallarda iştahsızlıq da anemiyanın əlamətlərindən biri olur.

Anemiyanın qarşısı vaxtında alınmadıqda daha digər klinik əlamətlər də üzə çıxa bilər. Diaqnostikaya gəlincə, klinik simptom və əlamətlərlə yanaşı, qan analizi aparılır, laborator müayinələr zamanı dəmir, ferritin və digər göstəricilər müəyyən olunur".

Q.İsmayılov hesab edir ki, dəmir defisitli anemiya diaqnozu qoyulduqdan sonra uşağın qidalanması normallaşdırılmalıdır:

"Bundan əlavə, dəmir tərkibli preparatlar təyin edilir. Əgər anemiya vitamin çatışmazlığı ilə əlaqədardırsa, həmin çatışmazlığa uyğun müalicə aparılır və profilaktik tədbirlər görülür".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR